Təhsil Nazirliyində "qrant bazarı":

Təhsil Nazirliyində "qrant bazarı": yüzminləri kimlər mənimsəyir?

Son günlər Təhsil Nazirliyi və bir sıra qeyri-hökumət təşkilatları arasında “qrant biznesi”, “hədiyyə qrantlar”la bağlı iddialar səsləndirilir.

İddialara görə, Təhsil Nazirliyi qrant müsabiqələrini ictimaiyyətə açıq formada həyata keçirmir. Yəni müsabiqə elan edilmir və ya bu, gizli formada gerçəkləşdirilir. Üstəlik, tenderdə qalib gələn və onun icrasını reallaşdıran qurumlarla bağlı hər hansı hesabat açıqlanmır.

Qrant müsabiqələrdə vəsaitlərin “yuyulması” ilə bağlı bir sıra qeyri-hökumət təşkilatı rəhbərlərinin, nümayəndələrinin adları da hallandırılır.

Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin (AGADMC) sədri, fəlsəfə doktoru İlqar Orucovun, Vətəndaş Tədqiqat və İnkişaf İctimai Birliyinin sədri Günel Səfərovanın adları da hallandırılır. İlqar Orucovla bağlı 100 min manatlıq qrant məsələsini bir müddət əvvəl araşdırmışdıq. Günel Səfərovanın isə Təhsil Nazirliyi ilə birgə 50 min manatlıq vəsaiti mənimsədiyi barədə məlumatlar var. İddialara görə, Günel Səfərova Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri olduğu üçün Təhsil Nazirliyindən rahatlıqla qrant alıb. Üstəlik, bununla bağlı ictimaiyyətə hər hansı məlumat açıqlanmayıb. Eyni zamanda, Təhsil Nazirliyinin rəsmi saytında adıçəkilən qrant layihəsi ilə bağlı heç bir informasiya yerləşdirilməyib və bunun da səbəbi güman ki, məsələni “ört-basdır etməkdir”.

İlk olaraq Təhsil Nazirliyində layihələrlə bağlı informasiyaları yoxlamağa çalışdıq. Məlum oldu ki, nazirliyin rəsmi səhifəsində qurumun gerçəkləşdirdiyi layihələrlə bağlı çox az sayda informasiya yerləşdirilib. Ümumiyyətlə, əvvəlki illərin layihələri ilə bağlı isə heç bir məlumat yer almayıb.

Təhsil Nazirliyinə göndərdiyimiz qrant layihələrinin ictimaiyyətə açıqlanmaması və bu sahədəki şəffaflıqla bağlı yazılı və şifahi sorğumuza hələ ki, rəsmi cavab verilməyib.

Bəs Vətəndaş Tədqiqat və İnkişaf İctimai Birliyinin sədri Günel Səfərova 50 minlik qrant layihəsi alıbmı? Alıbsa, bu hansı layihədir, niyə ictimaiyyətə məlumat verilməyib?

Hətta əgər Günel Səfərova bu prosesdə iştirakçı deyilsə, məsələnin işıqlandırılmasını, cəmiyyətə açıq formada paylaşılmasını ictimai şura sədri olaraq tələb etməlidir. Bu baş veribmi?

Axar.az xəbər verir ki, Vətəndaş Tədqiqat və İnkişaf İctimai Birliyinin və Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri Günel Səfərova Publika.az-a açıqlamasında 50 minlik qrant layihəsi məsələsinin gerçək olduğunu söyləyib.

“Mən yanvar ayından ictimai şuranın sədriyəm. Nazirliyə və digər aidiyyəti qurumlara sorğu göndərərək, bunu üzə çıxarmaq mümkündür. Bəli, biz vətəndaş cəmiyyəti olaraq Təhsil Nazirliyi ilə layihə həyata keçirmişik. Bu, mənim ictimai şuranın sədri seçilməyimdən əvvəl baş verib. Bəli, 50 min manat olub, lakin bu, ictimai şuradan öncə olub. Yəni ictimai şura həmin zaman fərqli tərkibdə idi. Elina hadisəsindən sonra (2019-cu ilin 4 aprelində 162 saylı məktəbin 8-ci sinif şagirdi Elina Hacıyevanın məktəbin pəncərəsindən özünü ataraq, intihara cəhd etməsi və iki gün sonra xəstəxanada dünyasını dəyişməsi – red.) meydana çıxan bullinqlə bağlı layihə olub. Bu məsələni mətbuata kim ötürüb, bilmirəm, amma iş olan yerdə təbii ki, söz-söhbət olacaq. Biz yeganə qeyri-hökumət təşkilatıyıq ki, həm proqram, həm maliyyə hesabatını, gəlirləri-çıxarları öz sosial şəbəkə hesablarımızda paylaşmışıq. Bu barədə şayiələri təbii qəbul edirəm”, - Səfərova bildirib.

Günel Səfərovanın bullinq məsələsi ilə əlaqədar olaraq internet resurslarında qısa araşdırma elədik. Layihə ilə bağlı qısa informativ xarakterli məlumatlar olsa da, əhatəlilik zəifdir. Layihənin içəriyi və hər istiqamətə nə qədər vəsait xərclənməsi, ümumiyyətlə, açıq rəqəmlər nəzərə çarpmır. Yəni maliyyə hesabatları, hara nə qədər vəsaitin xərclənməsi ilə bağlı informasiya ümumiyyətlə yoxdur. Görünür, şayiələrin yayılmasının səbəbi də budur.

Bəs Təhsil Nazirliyi yanında İctimai Şura bu cür iddiaları araşdırırmı? Neqativ hallarla bağlı qurum hansı işləri görür?

Nazirlik yanında İctimai Şura sədri Günel Səfərova bildirib ki, ilin sonunda onlar İctimai Şuranın illik hesabatını təqdim edəcəklər:

“Məndən başqa orada 8 nəfər təmsil olunur. Kifayət qədər peşəkar imsamlardır".

Bəs Günel xanım özü sədr olaraq İctimai Şuranın fəaliyyətindən razıdırmı? Günel Səfərova bu suala “razı deyiləm” cavabını verib:

“Əgər bütün ictimai şuraların fəaliyyəti tam olaraq qənaətbəxş olsaydı, hazırda bu məsələ çox müzakirələr tələb etməzdi. Biz QHT Agentliyi olaraq bununla bağlı zona konfransları da təşkil etdik. Yerlərdə ictimai iştirakçılığın gücləndirilməsi üçün hansı komponentlərin tələb olunması ilə bağlı müzakirələr apardıq. Bu istiqamətdə işlərin daha da yaxşılaşdırılması ilə bağlı xeyli fəaliyyətlər həyata keçirdik. Təhsil Nazirliyi yanında İctimai Şura olaraq ictimai dinləmələr keçirmişik. Müxtəlif layihələrlə bağlı araşdırmalar aparmışıq. Yeni təhsil strategiyası və təzə yanaşmalarla bağlı daha dərin araşdırmalar edirik. Dərsliklərin müzakirələrini aparırıq. Demək olar ki, təhsil sahəsində gedən proseslərə İctimai Şura olaraq reaksiya veririk. Amma sədr olaraq fəaliyyətimiz məni də qane etmir. Çünki ictimai şuraların fəaliyyətində gücləndirilməli olan məqamlar var. Hətta qanunvericilik səviyyəsində... Sadəcə, daha effektli işləmək üçün bizim təkliflərimiz də var”.

O, qrantlarla bağlı şəffaflığın hansı formada olmasından da danışıb.

Günel Səfərova bildirib ki, Təhsil Nazirliyi müəllim və məktəblərlə bağlı qrant müsabiqələri keçirir:

“Qrant müsabiqəsinin seçim şurasında İctimai Şuranın nümayəndələri də təmsil olunur. Onların kimliyi haqqında heç nə deyə bilmərəm. Həmin nəticələr ictimaiyyətə açıq formada dərc olunur. Cəmiyyət də bunu görür. Müəllimlər də, məktəblər də bu prosesə cəlb olunurlar. Ona görə də bu məsələnin gizli qalma ehtimalı yoxdur. Kimə, hansı məktəbə nə qədər vəsait ayrıldığı dərc edilir. Qrant müsabiqəsi və bu istiqamətdəki tenderlərlə bağlı mənə araşdırılması üçün hər hansı informasiya daxil olmayıb. Bizim ictimaiyyətə açıq olan platformamız, səhifələrimiz, nömrələrimiz var. Amma qrantlarla bağlı araşdırılması üçün hər hansı müraciət, şikayət daxil olmayıb. Tenderler keçirilməsi qaydası elektron formada yerləşdirilir. Müəllim və məktəblərlə bağlı Təhsil Nazirliyi tender elan edir".

Məsələ ilə bağlı başqa bir iddia da var. İddialara görə, Təhsil Nazirliyi yanındakı İctimai Şura üzvləri çox rahatlıqla nazirliyin qrant müsabiqələrinə qatıla və oradan külli miqdarda qrantlar ala bilərlər. Hətta nazirlikdə qrantların həyata keçirilməsi və icrası ilə bağlı məsul olan şəxslərin orada əsl bazar açdıqlarını, ona görə də ayrılan vəsaitlərin taleyinin qaranlıq qaldığı vurğulanır.

XXI əsr Təhsil Mərkəzi İctimai Birliyinin rəhbəri, Milli Məclisin deputatı Etibar Əliyev də nazirlik yanındakı İctimai Şuranın üzvüdür. Bəs o, həm deputat, həm də QHT sədri olaraq Təhsil Nazirliyindən qrant almağı bacarıbmı?

Etibar Əliyev açıqlamasında bildirib ki, onun təşkilatına heç bir qrant layihəsi verilməyib:

“Amma şura üzvlərindən kiməsə verilibsə, kimlərsə qrant alıblarsa, xəbərim yoxdur. Onlara sorğu göndərmək olar. Şuranın üzvü olaraq qrant layihəsi almamışam, heç qrant təklifi də verməmişəm. Bəlkə də bununla bağlı qapalılıq olub, xəbərsizəm”.

Etibar Əliyev nazirliyin saytında qrant layihələrlə bağlı hesabatların təqdim olunmamasına da münasibət bildirib:

“Qrant elan olunarkən şəffaflıq qorunmalıdır. Qrant layihəsi elan olunursa, həmin təşkilatların, qaliblərin adları qeyd olunmalıdır. Ekspertlər də buna qiymət verməlidirlər. Açığı, mənim Təhsil Nazirliyinin məktəb-qrant layihələrindən çox böyük narazılığım var. Bu məsələdə çox böyük korrupsiya mövcuddur. Bu korrupsiyanın da başında Təhsil Nazirliyinin həmin məsələlərə baxan məsul şəxsi Elvin Rüstəmov durur. O da nazirlikdəki rəhbərliyə çox yaxın adamdır. O, məktəblərlə bağlı qrant layihələrinin mənimsənilməsində çox peşəkar bir adamdır. Bu, həmin şöbəyə rəhbərlik edən şəxsdir. Amma şura üzvlərinin qrantlar udmasından məlumatsızam. Təhsil Nazirliyinin böyük məbləğli qrant layihələrinin icrası, nəticələri və şəffaflıqla bağlı məsələlərdən çox narahatam”.

Faktinfo.az

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi