Tənqid və təbliğ olunan Cavid Qurbanov, ”ADY”QSC: Faktların dili ilə…

Tənqid və təbliğ olunan Cavid Qurbanov, ”ADY”QSC: Faktların dili ilə… 

“Azərbaycan Dəmir Yolları” QSC-nin sədri,Cavid Qurbanov medianın ən çox gündəmdə saxladığı məmurlardan biri olub.İndinin özündə bu şəxs haqqında istər tənqidi, istərsə də təbliğat xarakterli çoxsaylı yazılar dərc edilir.Onu “Azəryolservis” ASC-yə rəhbərliyi illərindən işdən çıxarılacağı,cəzalandırılacağı barədə yüzlərlə məqalədən hamı tanıyır. Bəzən hazırda da bir günün içində 3-5 saytda haqqında ən ağır ittihamlar səsləndirilir, onun dövlət büdcəsini talaması, hətta adam tutdurması, kimlərinsə karyerasına təsir göstərməsi v.s məsələlər ümumiləşdirilərək məqalələrdə yer alır,adı jurnalistlərə ev bağışlamasına qədər çəkilir.

Hazırda başqa dövlət qurumuna rəhbərlik etməsinə rəğmən, yenədə haqqında yazılan məqaləyə “C.Qurbanovun tikdirdiyi yol çökdü”başlığının seçilməsi belə fikir yürütməyə əsas verir ki,onu ictimai rəydə nüfuzdan salmaq, yol çəkilişində baş vermiş və verəcək  bütün nöqsanları onun adı ilə bağlamaq taktikası təsadüfü seçilməyib.Bir neçə gün sonra isə digər bir neçə saytda C.Qurbanov təriflənərək göylərə qaldırılır,onun müstəsna xidmətləri, quruculuq-abadlıq işlərində əvəzsiz əməyi qeyd edilir. Bir sözlə, bəziləri necə qəbul edirsə, elə də yazır, digərləri isə ona bayağı bir şəkildə müdafiə adı altında yarınırlar.Yəqin ki, haqqında yazılan  yazılar nədən qaynaqlanır, niyə yazılır,  özü hamısını yaxşı bilir. 

Düzdür,onun “ADY”QSC - yə rəhbərliyinin ilk aylarında  bəzi dairələrdə bu yazıların “ADY”QSC –nin keçmiş rəhbərliyi və ona yaxın şəxslərin diqtəsi ilə ərsəyə gəldiyi ehtimal olaraq nəzərdən keçirilirdi.Səbəb kimi,Tovuz qruplaşımasını sıxışdırdığı vurğulanırdı.Lakin bu etimalı  ağlabatan hesab etmək olmazdı. Çünki,bilənlər bilirdi  ki, C.Qurbanov “Azəryolservis”ASC-nin prezidenti olduğu illərdə xüsusi yanaşdığı 2 və 71 saylı Yol İstismar idarələrinin rəisi işləmiş iki şəxsi QSC-yə rəhbərliyinin ilk aylarından ən gəlirli sahə hesab olunan tikinti sektoruna rəhbər vəzifəyə gətirdi.Xəqani Kazımov və Rizvan Rzayev Tovuz rayonundan olmalarına rəğmən, həm də C.Qurbanovun ən yaxın adamları hesab olunurlar.Hər iki şəxsin Arif Əsgərovla qohumluq əlaqələri də var.Hətta,Rizvan Rzayev  Arif Əsgərovla bacanaqdır. O cümlədən, onların  “ADY”QSC-yə gətirilməsindən sonra dəmir yolunda gəlirli hesab edilən digər şöbələrə,idarələrə,stansiya rəislərinə qədər əslən tovuzlu olan daha  bir neçə şəxsin vəzifələrə yerləşdiriləcəyi fikirləri vurğulanırdı. Bu səbəbdən Tovuz qruplaşmasının Cavid Qurbanova qarşı “cəbhə açması” inandırıcı görünmürdü.

Faktinfo.az-ın bu yazısı da Cavid Qurbanovun rəhbərlik etdiyi dəmir yolu sistemi ilə  bağlıdır. Ancaq sayt olaraq nə onu qərəzli şəkildə tənqid etmək, nə də məqsədli şəkildə tərifləmək fikrindəyik.Məqsədimiz on illərlə iqtisadi və texniki cəhətdən çətin vəziyyətdə olan,demək olar ki, çökmüş dəmir yolu sistemindəki real vəziyyəti qismən də olsa ,təhlil etmək və obyektiv qiymət verməkdir.

Hamı bilir, mütləq çoxluq qəbul edir ki, “ADY”QSC deyəndə ilk olaraq insanın ağlına Bakı Dəmir Yol Vağzalı gəlir.O cümlədən, son 2 ildə görülən işlərə nəzər salarkən, yenə də göz önündə Bakı Dəmir Yolu vağzalı canlanır. On illərlə- “ADY”QSC-nin gəlirlə işlədiyi illərdə belə miskin durumda olan bu vağzalı hamımız yaxşı xatırlayırıq. Ancaq aparılan yenidənqurma və abadlıq işlərindən sonra Bakı Dəmir Yolu Vağzalı dünya standartlarına cavab verən bir müəssisəyə çevrilib. Adam vağzal ərazisini gəzərkən heyranlığını gizlədə bilmir. Hətta, dünyanın bir çox inkişaf etmiş ölkələrinin paytaxtları bu cür vağzalı yalnız arzulaya bilər,kimi düşünənlər də çoxdur.Belə olan təqdirdə bu işlərin görülməsini Azərbaycan Respubilkasının prezidenti İlham Əliyevin rəhbərliyi altında kim həyata keçirdi - sualı düşündürücüdür?!.

Eləcə də son 2 ildə görülən digər təqdirəlayiq işlərdən biri Bakı-Sumqayıt sürət qatarının istifadəyə verilməsidir.Amma,  bəzi KİV-lərdə belə yazıldı: “Qatar Sumqayıta yox,başqa yerə getdi”, ”Bakı -Sumqayıt qatarı gecikdi”.Müstəsna hal kimi dövrüyyəyə buraxılan,sosial şəbəkələrdə paylaşılan bu xəbərlər ictimayyətə elə təqdim olundu ki,sanki dünyanın sonudu və ya indiyə qədər Azərbaycanda hər hansı qatar gecikməsi olmayıb... Təəssüf, nəzərə alınmadı ki, bu qatar sayəsində hər gün yüzlərlə, minlərlə sərnişin əzab-əziyyətdən, həm də vaxt itkisindən can qutarmaqla nə qədər qazanclı çıxdı. Bu yenilik digər tərəfdən “ADY”QSC-nin iqtisadi cəhətdən dayanıqlığının təmin edilməsində nə qədər önəmlidir?

Arxada qalan son 2 ildə 70-ə yaxın dəmir yol stansiyası təmir olunub, yüzlərlə kilometr dəmir yol xətti təzələnib.Görülən tədbirlər sayəsində artıq vaqonların aşması təhlükəsi minimuma endirilib.Bu xüsusda xatırlatmaq istəyirik ki,bir dəmir yol şpalının istismar müddəti 16 ildir.Sərnişin qatarlarının, yük vaqonlarının hərəkəti zamanı 30-40 ilin şpalı zərbəni söndürə,deformasiya yarada bilmirdi,buna görə də vaqonların sürəti artan zaman bəzən qəzadan qaçmaq mümkün olmurdu,vaqonlar aşırdı.Rəsmi surət göstəricisi 100-110 km/saat olduğu halda, istər sərnişin, istərsə də yük qatarları 40-50 km/saat hərəkət etmək məcburiyyətində qalırdı.Əgər vəziyyət belə idisə, neft pullarının QSC-yə axdığı illərdə “qan ağlayan”şpalları mərhələli şəkildə dəyişdirmək olmazdımı?! Hazırda bu işlərin hansı əziyyətlərin, hansı gərgin zəhmətin nəticəsində başa gəlməsi yəqin ki, hər kəsə aydın olar.Ancaq bir çox ənənəvi saytlar bu naliyyətləri nəinki böyük bir uğur,heç adi bir xəbər kimi də vermədilər.

O cümlədən,son 2 ildə görülən işlərə nəzər salarkən, bu müddətdə 3100 vaqon alınması faktını xüsusi qabartmaq istəyirik.Söhbət təkcə vaqon alınması da deyil. Məsələ burasındadır ki, əvvəllər taxıl,qida və digər məhsulların daşınması üçün Rusiya və Gürcüstandan vaqonlar icarəyə götürülürdü.Bir gün, yəni 24 saat istifadə olunub-olunmamasından aslı olmayaraq hər vaqona görə“ADY”QSC tərəfindən 41 manat ödənilirdi. Bu minvalla hər ay QSC 150-200 min manat xərcə düşürdü. Halbuki, həmin vəsaitə hər ay bir,bəlkə də iki təzə vaqon almaq mümkün idi.

Fakt odur ki,Cavid Qurbanov “ADY”QSC-yə rəhbər gətiriləndən  sonra acınacaqlı vəziyyət kökündən dəyişdi. Yeni vaqonların alınması ilə problem birdəfəlik həll edildi. Bu isə o deməkdir ki,artıq “ADY”QSC mənfəətini heç bir kənar ölkə ilə bölüşmək fikirində deyil.Eləcə də,ekstrimal şəraitdə QSC-yə vaqon lazım olarsa,onun tez bir zamanda əldə olunması maneəsi ilə üzləşməsi riski yoxdu. Və hətta bu vaqonlardan mənfəət üçün digər respublikalara icarəyə verilə də bilər.Sadalanan statistika bununla da bitmir.

Belə ki, illərdən bəri həllini gözləyən daha bir önəmli məsələ həllini tapıb. “ADY”QSC-yə aid  vaqonların aylarla yüklü vəziyyətdə bəzi şirkətlərdə dayanması QSC-nin rentabelliyini aşağı salırdı,digər sahibkarlar günlərlə vaqon gözləməli olurdular. Yaranmış vəziyyət QSC üçün vəsait itkisi demək idi,yəni vaqon məhsuldarlığı itkisi yaranırdı.Məhsuldarlığın qalxması,dövriyyənin intensivliyinin yüksək olması üçün QSC daha kəskin mövqe nümayiş etdirdi.24 saat ərzində boşaldılmayan dolu vaqonlara görə artıq 5 manat deyil,daha yüksək məbləğ müəyyənləşdirildi.Nəticədə sahibkarlar,fiziki və hüquqi şəxslər istehsal edəcəkləri və ya satacaqları malın maya dəyəri onlara baha başa gəlməməsi səbəbindən vaqonları vaxtında boşaltmaq məcburiyyətində qaldılar.

Məlumat üçün onu da xatırladaq ki, Ümummilli lider Heydər Əliyev SSRİ Nazirlər Soveti sədrinin 1-ci müavini işlədiyi illərdə əmək məhsuldarlığının aşağı düşməməsi, vaqon məhsuldarlığı itkisi yaranmaması səbəbilə   hər gün sellektor iclasına şəxsən özü rəhbərlik edib,bu həssas məsələni keçmis SSRİ məkanında nəzarətdə saxlayırmış.

Beləliklə, qismən sadaladığımız, amma xüsusi əhəmiyyət kəsb edən bu mühüm işlərin görülməsi son 2 ildə müəyyən iqtisadi çətinliklərin hökm sürdüyü bir dövrə təsadüf edib. Halbuki, həmin işləri əvvəlki illərdə, yəni neft pullarının ölkəyə axdığı,QSC-nin daşınmadan əldə etdiyi gəlirin hesabına o dövrdə həyata keçirmək daha asan idi. Bunun üçün təbii ki, dövlətin dəstəyi ilə yanaşı, QSC-yə rəhbərlik edən məsul şəxslərin işgüzarlığı, peşəkarlığı, bacarığı tələb olunurdu. Ancaq əvvəlki QSC rəhbərlərinin heç biri bu vacib əmsallara diqqət yetirmədi.

Hazırda C.Qurbanov əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan, Azərbaycan Respubilkasının Prezidenti İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən möhtəşəm BTQ-yə görə də öyünə bilir.Onun bir neçə saytda müsahibəsinə atılan “Bir çox ölkələr BTQ-nin reallaşacağına inanmırdılar”başlığı fikrimizdə haqlı olduğumuzu təsdiqlədi.Çünki,“ADY”QSC-yə rəhbərliyi daha bir tarixi,iqtisadi,siyasi istiqamətlərdə yan-yana dayanan,Türkiyə-Azərbaycan qardaşlığının təməl prinsiplərini möhkəmləndirən,Gürcüstan-Azərbaycan qonşuluq və dostluq münasibətlərini inkişaf etdirən regional bir layihənin açılışına da təsadüf etdi.

 Ötən ay Bakı –Tbilisi –Qars dəmir yol xəttinin tikintisi və açılışına dair tarixi fakt da C.Qurbanovun aktivinə yazıldı.O,Azərbaycan üçün mühüm olan daha bir lahiyənin açılışında tərəf kimi deyil,varlığı ilə “ADY”QSC-nin sədri kimi iştirak etdi.Yəni,Azərbaycanın bölgədə və beynəlxalq aləmdə mövqelərinin güclənməsinə dair  BTQ-nin açılışı, istənilən halda xoş təəsurat yaradır ki, o da  QSC-yə rəhbərliyinin bu tarixə təsadüf etməsindən sevinməyə bilməzdi.

Nəticə ondan ibarətdir ki,“ADY” QSC nəinki baş verə biləcək kütləvi ixtisarların qarşısını aldı,hətta yeni-yeni iş yerlərinin açılması,dəmiryolçuların gələcək üçün məvaciblərinin qalxa bilməsi ehtimalı artdı.

Fuad İsgəndərov 

Faktinfo.az saytının baş redaktoru

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi