Tural Abbaslı: “Hacı Şahinin dəfni ilə bağlı Axundovların, Mirzə Cəlillərin adının çəkilməsi daha çox dinə, İslama hücum idi”

Tural Abbaslı: “Hacı Şahinin dəfni ilə bağlı Axundovların, Mirzə Cəlillərin adının çəkilməsi daha çox dinə, İslama hücum idi” 

“İstər Hacı Şahin olsun, istərsə də qeyrisi. Xalqın belə insanlara olan sevgisini hansısa formada göstərməsinə lağ etmək, buna “cahillik” deməyin özü cahillikdir.

Dünən dünyasını dəyişən bir din xadimi, ilayihhatçı idi. Təbii ki, onun danışıqları, moizələri ilə imanını gücləndirən, dinini tanıyan insanlar var. Əlbəttə, onlar Hacı Şahinin dəfnində iştirak edəcəklər, kədərələnəcək, üzüləcəklər. Başa düşə bilmirəm, inanclı olmaq nə vaxtdan cahillik əlamətidir? Harda yazılıb ki, elm və din bir-birinin əksidir? Bu adamlar sözün həqiqi mənasında özləri cahildirlər ki, İslam dinini savadsızlıqla ittiham edirlər. Elm tarixini oxusunlar, görsünlər ki, dünya elmi harda başlayıb, hansı dinin mənsubları dünya elminə daha çox töhfə veriblər. Yaxud renesans dövrünün başlanğıc səbəblərindən biri nədir? Bilirsiniz, bu, bir az yüngül, bayağı yanaşmadır. 



Fikir verdim, bir çoxu qısqanclıqla yanaşır ki, bir ilahiyyatçının dəfn mərasiminə minlərlə insan səmimi şəkildə yığılır, zorla, işdən gətirilmir. İnsanlar könüllü gəlir, kədərlərini bildirirlər... Ola bilsin, kimsə ağlayır, mərsiyə deyir, başqa birisi sakit şəkildə baxır. Hərə öz kədərini bir cür ifadə edə bilər. Ümumən buna “cahillik” deməyin özü xalqı təhqir etmək, aşağılamaqdır”.

 

Faktinfo.az xəbər verir ki,bu sözləri Pravda.az-a açıqlamasında Ağ Partiyanın sədri Tural Abbaslı deyib.

 

O bildirib ki, dini inanc, vicdan azadlığı Konstitutsiyada da təsbit olunub: “Dünyanın heç bir yerində belə şey yoxdur ki, kimsə dindardırsa, deməli, cahildir, yaxud elm adamıdırsa, dindar ola bilməz, ya da əksinə. Bu adamlar özlərinin dinsizliklərini, Allahsızlıqlarını guya savadlılıq, elm pərdəsi arxasında gizlətməyə çalışırlar. Əsl alimlər həm bu dünyanı, həm də o dünyanı biləndir, hardan gəlib, hara gedəcəyini bilən insanlardır. Bu yanaşmanı qətiyyən doğru hesab etmirəm. 


Belə bəyanatlar Azərbaycanda mövcud olan qanunvericiliyə də ziddir. O insanların yerinə, sadəcə, utandım. Kimsə özünü “yeni azərbaycanlı” hesab edirsə, özü bilər. Amma insanların inancı, etiqadı, sevgisi ilə lağlağı etmək olmaz. Hələ bu adamlar, Allah qoymamış, ictimai xadimdirsə, ictimai yükü, vəzifəsi varsa, ikiqat ayıb sayılır. İnsanlar öz kədərlərini, sevinclərini büruzə vermək azadlığına da sahibdirlər. Dünən Axundovların,  Mirzə Cəlillərin adının çəkilməsi daha çox dinə, İslama hücum idi. Heç kim unutmasın ki, bu coğrafiyalarda daim etiqad, iman, Allaha inanc olub və bu, heç vaxt xalqın inkişafına maneə olmayıb. Əksinə, baxsaq, görərik ki, bu regionda millətlərin yüksəlməsi, dövlətlərin yaranması elə dini etiqadlı, inanclı, imanlı insanlar sayəsində olub. Məncə, cahillik – səhərə qədər gedib hansısa əxlaqsızxanalarda oturub, spirtli içkilər içib, oraları “batırmaq”dır”.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi