
Türkiyə Müdafiə Nazirliyi: Gürcüstanda qəzaya uğrayan təyyarədə hərbi sursat olmayıb
Gürcüstanda qəzaya uğrayan C-130 hərbi yük təyyarəsində hərbi sursat olmayıb.
Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Nazirlik təyyarədəki heyətin Zəfər Günü ilə əlaqədar Azərbaycana getmiş F-16-ların texniki xidmət heyəti olduğunu açıqlayıb.
Türkiyə Milli Müdafiə Nazirliyi qəzaya uğrayan C-130 hərbi yük təyyarəsinin sonuncu dəfə saat 13:50-də Tbilisi ilə əlaqə saxladığını bildirib: “11 noyabrda Hərbi Hava Qüvvələrinin 12-ci Hava Nəqliyyatı Baş Bazasına məxsus 68-1609 nömrəli C-130E tipli təyyarə canlı qüvvə və materialların daşınması məqsədilə saat 09:02-də Kayseridən Gəncəyə uçub. Zəfər günü tədbriləri çərçivəsində Azərbaycanda uçuş həyata keçirən F-16-lara texniki xidmət materialları çatdırmaq üçün 13:15-də yenidən havaya qalxıb. 13:50-də Tbilisi ilə son dəfə rabitə əlaqəsi qurulub, bundan sonra təmas kəsilib”.
Nazirlik təyyarənin qəzaya uğrama səbəbinin hələlik bilinmədiyini qeyd edib: “Təyyarə hələlik məlum olmayan səbəbdən Tbilisinin cənubunda, Azərbaycan-Gürcüstan sərhədində qəzaya uğrayıb”.
Nazirlik həmin dəqiqələrdə bölgədə başqa bir helikopterin olması iddiasına da aydınlıq gətirib. Bildirilib ki, həmin helikopterlər Gürcüstana məxsus olub.
“Köhnə təyyarə yoxdur, baxımsız təyyarələr var. Sözügedən təyyarənin texniki xidməti ölkəmiz tərəfindən mütəmadi olaraq həyata keçirilir. C-130 təyyarələri hazırda 70-dən çox ölkədə aktiv şəkildə istifadə olunur", - Türkiyə Müdafiə Nazirliyindən C-130- təyyarəsinun istismar müddətinin başa çatmasına dair səsləndirilən iddialara aydınlıq gətirilərkən qeyd olunub./APA.az












Bu xəbər üçün şərh yazın