Türkiyə Tokayevin bu addımı atacağını gözləmirdi

Türkiyə Tokayevin bu addımı atacağını gözləmirdi 

Faktinfo.az Ankara Universitetin professoru Toğrul İsmayılın Axar.az-a müsahibəsini təqdim edir:

- Sizcə, Qazaxıstanda vəziyyətin gərginləşməsinin səbəbi nədir: daxili faktor, yoxsa xarici müdaxilə?

- Birincisi, ölkələrin daxilində problemlər düzgün təsbit olunmadıqca, yəni sosial və idarəçiliklə bağlı digər məsələlər doğru şəkildə gündəmə gətirilib həll edilməyincə, proseslərə kənardan müdaxilə daha asan olur. Hadisələrin necə başladığına nəzər yetirməliyik. Narazılıq Qazaxıstanda yığılıb qalmış sosial-iqtisadi problemlərin cəmiyyətdə partlayış halına gəlməsi ilə başladı. Belə ki, vəziyyətin nisbətən daha gərgin olduğu Janaözen və Mangistau bölgələrində neft istehsalından külli miqdarda gəlirlər əldə edilsə də, əhali bundan faydalana bilmir. Ümumiyyətlə, Qazaxıstanın daxili quruluşunun özünə xas cəhətləri var. Yəni daxili dinamika və strukturlaşma həm digər Orta Asiya ölkələrindən, həm Azərbaycandan, həm də Rusiyadan çox fərqlənir. Ona görə də burada bütün qrupları, tərəfləri məmnun etmək önəmli məsələlərdəndir. Qazaxıstan əhalisi yaş baxımından gəncdir və bu da ölkə daxilindəki dinamikliyi artırır. Kütləvi nümayişlər birdən-birə başladı və getdikcə daha xaotik hal aldı. Çünki kütlənin başında nə siyasi partiyalar, nə müəyyən iqtisadi-sosial hərəkat rəhbərləri, nə də həmkarlar ittifaqları yoxdur. Vəziyyətin belə xarakter alması xarici siyasi mərkəzlərin və onların daxildəki nümayəndələrinin proseslərə müdaxiləsini asanlaşdırdı. Hadisələrin Tokayev-Nazarbayev arasındakı çəkişmə kimi də qiymətləndirməsi mümkündür. Vəziyyət gərginləşən kimi Tokayev Nazarbayevi Milli Təhlükəsizlik Şurasının ömürlük sədri vəzifəsindən istefaya göndərdi və daha sərt davranacağını dedi. Lakin o, hadisələri nəzarətdə saxlaya bilmədi. Sonradan isə müxtəlif obyektlərin, dövlət qurumların talanması hadisələri də qeydə alındı. Fikrimcə, sözügedən talançılıq faktları əvvəlcədən planlaşdırılıb. Məqsəd isə dinc nümayişlərə kölgə salmaq və xarici güclərin ölkədə sərbəst hərəkətinə şərait yaratmaqdır. Ümumilikdə isə daxildəki problemlər həll edilmədikcə, hər zaman xarici siyasi mərkəzlərin müxtəlif vasitələrlə ölkələrə təsir imkanları güclənir. Ona görə problemlərin üstü pərdələnməməli və həlli təxirə salınmamalıdır.

- Sizcə, KTMT-nin sülhməramlı fəaliyyətini Qazaxıstan hökuməti ölkədə vəziyyətin stabilləşməsi ilə məhdudlaşdıra biləcəkmi? Yəni sülhməramlılar Qazaxıstanda daimi qalacaqlar, yaxud onların fəaliyyəti müvəqqəti olacaq?

- KTMT yaranandan bəri ilk dəfədir ki, belə bir hadisə yaşanır. Ona görə sülhməramlıların fəaliyyət müddətinin nə qədər olacağını əvvəldən proqnozlaşdırmaq çətindir. Təşkilatda əsas dövlət olan Rusiyanın Azərbaycanda, Ukraynada, Gürcüstanda, Dnestryanı bölgəsindəki sülhməramlılıq fəaliyyətinin neqativ nəticələri hamıya məlumdur. Rusiya beynəlxalq aləmdə demokratik ruhlu ölkə kimi tanınmır və girdiyi yerdən də çıxmağı sevmir. Əlbəttə ki, təşkilat daxilində, Qazaxıstanda qəbul ediləcək qərarlarda sülhməramlıların fəaliyyətinin müvəqqəti olacağı qeyd olunacaq. Lakin əsas məsələ “müvəqqəti” kəlməsinin hansı və nə qədər zaman dilimini ifadə etməsi ilə bağlıdır. Təəssüf ki, hazırda yaşanan hadisə xalqa söykənməyən hakimiyyətlərin bəzən öz mövqelərini qorumaq üçün başqa dövlətləri öz ölkələrinə dəvət etdiyini göstərir. Bunun olmaması üçün davamlı islahatlar keçirilməli, cəmiyyətdə problemlər yığılıb qalmamalıdır. Çünki sosial partlayışların nəzarətsiz və başınabuyruq hal alması çox təhlükəlidir. Tarixdən də bəlli olduğu kimi, belə nəzarət edilə bilməyən proseslərin önündə dövlətinin, ordunun və polisin dayanması bir çox hallarda mümkün olmur. İndi Tokayev iki problemlə məşğul olmalıdır: rusların gəlişi qazaxları daha da qıcıqlandıracaq, digər tərəfdən isə ölkədə yığılıb qalan sosial-iqtisadi problemlər.

- Türkiyə və Türk Dövlətlər Təşkilatı Qazaxıstan məsələsi ilə bağlı hansı addımları ata bilər?

- Bildiyiniz kimi, TDT yeni yaranmış və strukturu tam formalaşmamış təşkilatdır və onun hadisələrə təsir imkanları yoxdur. Türkiyə isə prosesləri başından bəri diqqətlə izləyirdi. Lakin düşünürəm ki, Türkiyə də Tokayevin belə bir addım atacağını ehtimal etmirdi. Çünki normal olaraq dövlətlərin böyük əksəriyyəti daxili problemlərin həlli üçün kənar qüvvələri ölkəyə dəvət etmir. Atılacaq addımlara gəldikdə isə, onu deyə bilərəm ki, müəyyən bəyanatlar verilə, sənədlər və s. qəbul edilə bilər. Ancaq sözügedən addımların ciddi bir təsirinin olacağını düşünmürəm. Çünki artıq iş işdən keçib.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi