
Türkiyə “Ukrayna üçün dron koalisiyası”na qoşulub? – Ankaradan açıqlama
Türkiyənin “Ukrayna üçün dron koalisiyası”na rəsmi olaraq qoşulduğu bildirilir. Bu barədə Latviyanın Müdafiə Nazirliyi məlumat yayıb.
Qeyd olunur ki, koalisiya 2024-cü il yanvarın 11-də Böyük Britaniyanın təşəbbüsü ilə yaradılıb və məqsədi Ukraynanın müdafiə və hücum imkanlarını gücləndirməkdir.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın administrasiyası Ukrayna üçün nəzərdə tutulan beynəlxalq “dron koalisiyası”na qoşulmaqla bağlı yayılan məlumatları şərh etməkdən imtina edib.
Administrasiya nümayəndəsi bu barədə sosial şəbəkədə məlumat paylaşıb.
“Bu xəbərləri şərh etmirik. Sözügedən qurumlarla birbaşa əlaqə saxlanmalıdır. Türkiyənin Ukrayna münaqişəsinə dair mövqeyi əvvəllər dəfələrlə açıqlanıb. Ankara ədalətli sülh və vasitəçilik yolunu dəstəkləyir”, – deyə məlumatda qeyd olunub.
Qeyd edək ki, “Ukrayna üçün dron koalisiyası” aşağıdakı əsas istiqamətlər üzrə fəaliyyət göstərir:
Ukrayna Silahlı Qüvvələrinin dron texnologiyaları ilə təmin olunması (istehsal, maliyyə və 3-cü ölkələrdən alış yolu ilə);
Kəşfiyyat əməliyyatlarının həyata keçirilməsi;
Düşmən texnikası və canlı qüvvəsinə zərbələrin koordinasiyası;
Radioelektron mübarizə tədbirləri;
Artilleriya üçün koordinatların dəqiq təyini və s.
Bu koalisiyaya indiyə qədər əsasən Rusiyaya qarşı sərt mövqedə olan NATO və Avropa ölkələri üzv olub. Türkiyənin də bu sıraya qoşulması xəbərui doğruduesa, bu, Moskva üçün həm siyasi, həm də hərbi baxımdan mənfi siqnaldır.
Belə ki, Türkiyə bu günə qədər Rusiya ilə balanslı siyasət yürüdürdü. Ankara həm Ukraynanı dəstəkləyir, həm də Rusiya ilə iqtisadi və enerji layihələrində (Akkuyu AES, “Türk axını” və s.) əməkdaşlığını davam etdirirdi. Lakin Ankara "dron koalisiyasına" qoşularsa, bu, Türkiyənin ilk dəfə açıq şəkildə Ukraynanın hərbi-texniki imkanlarını artıran platformaya dəstək verməsi olacaq.
Ekspertlərə görə, Türkiyənin bu addımı həm də NATO daxilindəki mövqeyini gücləndirmək və Avropa ilə münasibətləri normallaşdırmaq məqsədi daşıya bilər.
Türkiyənin dron sənayesi – xüsusən “Baykar” şirkətinin istehsal etdiyi Bayraktar TB2, Akıncı və digər PUA-lar artıq Ukrayna ordusunda öz təsirini göstərib. Yeni mərhələdə bu texnologiyaların koalisiya çərçivəsində təkmilləşdirilmiş şəkildə Ukraynaya verilməsi, ya da ortaq istehsal imkanlarının genişləndirilməsi gözlənilir.
Bu, Ukraynanın döyüş meydanındakı imkanlarını artırmaqla yanaşı, Rusiya ordusuna qarşı kəşfiyyat və zərbə qabiliyyətini də gücləndirəcək.
Bu xəbər üçün şərh yazın