Türkiyənin Baş konsulu AMEA Gəncə Bölməsinİ ziyarət edib

Türkiyənin Baş konsulu AMEA Gəncə Bölməsinİ ziyarət edib 

ŞƏHƏRİMİZDƏKİ DİPLOMATİK FƏALİYYƏT MÜDDƏTİNİ BAŞA VURAN ZƏKİ ÖZTÜRK AKADEMİK FUAD ƏLİYEV İLƏ GÖRÜŞÜNDƏ GƏNCƏNİN TARİXƏN TÜRKİYƏ-AZƏRBAYCAN BİRLİYİNƏ BÖYÜK TÖHFƏLƏR VERDİYİNİ VURĞULAYIB

2018-ci ilin avqust ayının 15-dən Türkiyə Respublikasının Gəncədəki Baş konsulu kimi fəaliyyət göstərən Zəki Öztürk buradakı xidmət müddətinin başa çatması ilə bağlı şəhər ictimaiyyətinin, ziyalı təbəqəsinin nümayəndələri ilə vida görüşləri keçirib.

   Baş konsul AMEA Gəncə Bölməsini də ziyarət edərək, şəhərin bu başlıca elm ocağının sədri, Gəncə Ziyalılar Cəmiyyətinin rəhbəri akademik Fuad Əliyev ilə də halallaşıb. Bölmədə qardaş Türkiyənin dörd il yarımdır ki, Gəncə əhalisi ilə daim sıx ünsiyyəti ilə seçilən təmsilçini doğmalıqla qarşılayıblar.

   Görüş zamanı akademik F. Əliyev qardaş Türkiyənin şəhərimizdə sayca üçüncü Baş konsulu olan Z. Öztürkün Gəncədəki, eləcə də yaxın bölgələrdəki fəaliyyətini yüksək qiymətləndirib. O, qeyd edib ki, şəhərin ictimai-mədəni həyatında daim yaxından iştirak edən Zəki bəy gəncəlilərin xatirində doğma adam kimi qalacaq.

   Akademik Fuad Əliyev elmlər doktoru Zəki Öztürkün Türkiyə və Azərbaycanın ortaq tarixi və amallarına xidmət naminə elmi-ictimai fəaliyyətini də vurğulayıb və 1918-ci ildə Azərbaycanın xilası naminə Gəncəyə gələrək, burada formalaşdırılan və Bakının azad olunmasını təmin edən, Nuri paşanın komandanlığındakı Qafqaz İslam Ordusunun ilk şəhidlərinə Gəncənin tarixində ilk dəfə olaraq xatirə abidəsinin ucaldılmasının reallaşdırılmasında onun fəal rolunu qeyd edib. 

   F.Əliyev həmçinin AMEA Gəncə Bölməsi ilə sıx təmaslarına, o cümlədən Azərbaycan və türk dillərində çap edilən “Türkiyə - Azərbaycan əbədi amal birliyinin Gəncə səhifələri” elmi araşdırma kitabına ön söz yazdığına görə də Zəki bəyə təşəkkür edib.

   Zəki Öztürk bu qədim və ənənəçi Gəncə şəhərinin tarixin müxtəlif dövrlərində xalqlarımız arasındakı ortaq maraqların formalaşdırılması və qorunmasına böyük töhfələr verdiyini qeyd edərək,  Türkiyənin Gəncədəki Baş konsulu kimi çalışmasından qürur duyduğunu dilə gətirib. O, həmçinin bu şəhərdəki xidmət dövrünün öz ömrünün əziz və ən yadda qalan səhifələrindən olduğunu bildirib.

   Zəki Öztürk Gəncədəki fəaliyyətinin bir növ, simvolik  yekunu kimi, özünün tərtib etdiyi “Gence, kültürel mirasları ve ekonomik bölgeler” adlı toplu-almanaxı AMEA Gəncə Bölməsinə hədiyyə edib.

   Akademik Fuad Əliyev Gəncə şəhərinə və onun tarixinə dair konkret məlumatları özündə cəmləyən bu toplunun çap edilməsinin dəyərli bir hal olduğunu və kitabın Zəki bəydən sonra bu vəzifədə çalışacaq təmsilçilər üçün müfəssəl bələdçi rolunu oynayacağını qeyd edib.

    AMEA Gəncə Bölməsi tərəfindən Zəki Öztürkə X–XIII əsrlərdə yaşamış Azərbaycan şairlərinin rübailər toplusu olan “Nüzhətül-məcalis” kitabı hədiyyə edilib.

   Gəncə şəhər İcra Hakimiyyətində də vəzifə müddəti başa çatmış Baş konsul ilə görüş olub. Şəhər rəhbəri Niyazi Bayramov  Zəki Öztürkə Gəncə şəhərinin ictimai-siyasi və mədəni həyatında, o cümlədən 44 günlük Vətən müharibəsi zamanı nümayiş etdirdiyi xüsusi fəallığa və fədakarlığa görə təşəkkürnamə təqdim edib.

Faktinfo.az

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi