Türkiyənin “Yeni İqtisadi Plan”ı açıqlanıb

Türkiyənin “Yeni İqtisadi Plan”ı açıqlanıb 

“2019-cu ildə iqtisadi tənəzzüllə bağlı gözləntilərə baxmayaraq bu ili iqtisadi artımla başa vurmağa hazırlaşırıq. Ticarət dövriyyəsindəki kəsirlə mübarizədə də əhəmiyyətli uğur qazanmışıq”.

Report.az xəbər verir ki, bunu Türkiyənin xəzinə və maliyyə naziri Berat Albayrak deyib.

O, bu barədə ölkəsinin “Yeni İqtisadi Plan”ını açıqlayarkən danışıb.

Nazir bu il Türkiyə iqtisadiyyatının 0,5%, 2020-2022-ci illərdə isə hər il 5% böyüyəcəyini gözlədiklərini qeyd edib.

“2019-cu ildə həyata keçirilməsi planlaşdırılan 53 iqtisadi tədbirdən 40-ı yerinə yetirilib, 13-də isə ciddi irəliləyiş əldə edilib. “Yeni İqtisadi Plan” çərçivəsində ölkədə inflyasiyanın illik səviyyəsini 5%-dən aşağı salmaq əsas məqsədimizdir. Bu ili 12%, gələn ili 8,5%, 2021-ci ili 6%, 2022-ci ili isə 4,9% səviyyəsində qiymət artımı ilə başa vurmağı planlaşdırırıq”, - deyə B.Albayrak vurğulayıb.

“Yeni İqtisadi Plan”a görə 2019-2020-ci illərdə Türkiyənin dövlət büdcəsinin kəsiri 2,9%, 2021-2022-ci ildə isə 1,5% olmalıdır. Ölkədə işsizlik səviyyəsinin isə bu il 12,9%-ə, gələn il 11,8%-ə, 2021-ci ildə 10,6%-ə, 2022-ci ildə isə 9%-ə endirilməsi planlaşdırılır.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi

 Digər xəbərlərBütün xəbərlər

Bütün xəbərlər