
Vahid Məhərrəmov: “Fermerlərə çatacaq vəsait oliqarxlara məxsus şirkətlər tərəfindən mənimsənilir”
Məlum olduğu kimi, Azərbaycanda dövlət dəstəyi ilə təqdim edilən sərfəli aqrar sığorta mexanizmi vasitəsilə əkin sahələri ilə yanaşı, kənd təsərrüfatı heyvanlarını da sığortalamaq mümkündür. Fond bu heyvanları çoxsaylı risklərdən – təbii fəlakətlər, yoluxucu xəstəliklər, yem, ot və kimyəvi məhsulların təsirindən zəhərlənmə, yanğın, ilan və həşərat sancması, vəhşi heyvanların hücumu, 3-cü şəxslərin hərəkəti, avtomobillə vurulma, daşınma zamanı qəza nəticəsində tələf olma və ya məcburi kəsim, oğurluq, quldurluq və sair hallardan sığortalayır. Amma fermerlər bu sahədə vəziyyətin şəffaf olmadığından, haqlarını ala bilmədiklərindən narazılıq edirlər.
Mövzu ilə bağlı Pravda.az-a açıqlama verən aqrar sahə üzrə ekspert Vahid Məhərrəmovun sözlərinə görə, burada sığortalanan və sığortalayan üzrə iki tərəf var və sığortalayan tərəf bütün hallarda həm maliyyə, həm xüsusi olaraq mütəxəssisləri cəlb etmək baxımından daha imkanlı olur.
O bildirib ki, sığortalayan tərəf sığorta hadisələri baş verəndə, məhkəmə çəkişmələrində belə sığortanı ödəməmək üçün cığallıq edir və bu hallar tez-tez təkrarlanır: “Bərdədən fermerlər müraciət edir və onlarla bağlı sosial şəbəkədə də yazmışdım ki, iki il ardıcıl sığorta hadisəsi baş verib. Orta fermerlərdir, hansı ki, 50-70 hektar sahələri var və məhsuldarlıq kəskin şəkildə aşağı düşüb, nəticədə müqavilədə göstərilən şərtlərə uyğun olan sığorta hadisəsi baş verib. Sığortalayan tərəf isə sığortanı ödəməkdən imtina edib. Məhkəmə çəkişməsi olub. Görünür sığortalyan tərəfin eksperti daha “zirək” olduğu üçün onu başa salmaq olmayıb ki, bu hadisə baş verib və sığortalayan tərəf ödəməlidir. Mən bunu ictimailəşdirdim və Aqrar Sığorta Fondundan bildirildi ki, bu məsələ mütləq araşdırılacaq və məlumat veriləcək. Bir aya yaxın vaxt keçsə də, hələ cavab gəlməyib. Aqrar Sığorta və ya digər sığorta şirkətləri böyük imkanlara malikdirlər. Azərbaycanda da məhkəmə sistemi müstəqil deyil. Onlar bir çox hallarda qərarı sifarişli olaraq qəbul edirlər. Bu məsələ də var… Elə sahə var ki, orada ədalətli olmaq lazımdır xüsusilə kənd təsərrüfatı sahəsində... Bu sahədə sığorta hadisələri tez-tez baş verir. Əgər gücün çatmırsa, bacarmırsansa sığortalama, imtina et, bacaran gəlsin sığortalasın və vaxtında da sığorta haqqını ödəsin. Bu yaxınlarda Hesablama Palatası hesabat yayıb. Belə ki, 9 şirkət heç bir iş görmədən (əkin, səpin aparmadan) 24 milyon manatadək subsidiya alıb,1 milyon 500 - 700 min də sığorta haqqı alıb. Hansı sığorta hadisəsi baş verə bilər, əgər əkin, səpin olmayıb quru torpaqdırsa... Hesablama Palatası faktı aşkar edir və bir nəfər də olsa bunun hesabatını soruşmur. Buna görə də özbaşınalıqdır. Yəni bu paradoks yanlız Azərbaycanda baş verir”.
Mütəxəssis qeyd edib ki, fermerlərə çatacaq vəsait oliqarxlara məxsus şirkətlər tərəfindən mənimsənilir: “Kəndlilər, fermerlər 50 faiz sığorta haqqı ödəyir, onlar şirkətlər tərəfindən mənimsənilir. Belə olacağını 10-15 il öncə təşkil edilən tədbirlərdə, mediaya da deyirdik. Bildirmişdik ki, burada ədalətli yanaşma olarsa, əlbəttə, bu fermerlərə kömək olardı. Belə hallar son günlərdə intensiv yağışlardan sonra daha tez-tez baş verir. Kəndlilər ziyana düşür, üstəlik onlar hər il də sığorta haqqı ödəyirlər. Qarşılığını da ala bilmirlər, aldadılırlar. Bunlar çalışır ki, hər yerdən pul əldə etsinlər. Bildirilir ki, heyvanların daşınması da xüsusi maşınlarda olmalıdır. Yəni bu o deməkdir ki, onlar xüsusi maşınları ələ keçirəcəklər və ona sahib olacaqlar, onlara məxsus avtomobillərdə daşınacaq. Əgər onlar ədalətli yanaşmaq istəyirlərsə, bu sahədə şəffaflıq olmalıdır”.












Bu xəbər üçün şərh yazın