VƏDLƏRİNİ UNUDAN DEPUTAT...

VƏDLƏRİNİ UNUDAN DEPUTAT... - Zərdab və Ucar seçiciləri Jalə Əliyevadan nə gözləyirlər? + VİDEO

YAP-ın “müstəqillərə” verdiyi dairələrdən biri də 92 saylı Zərdab-Ucar Seçki Dairəsi sayılır. Bu dairədən hakim partiya Ağdaş Regional Mədəniyyət İdarəsinin məsləhətçisinin namizədliyini irəli sürüb.

Ancaq dairədəki mənbələrin verdiyi məlumatlarda bu şəxsin siyahının tamamlanması xatirinə namizəd edildiyi, icra strukturlarının isə artıq iki dəfə deputat olmuş və bitərəf sayılan Jalə Əliyevanın xeyrinə “iş apardığı” qeyd olunur.

Xatırladaq ki, bu dairənin deputatı Jalə Əliyeva bitərəfdir, parlamentin Mədəniyyət Komitəsinin sədr müavinidir. O, bitərəf hesab olunsa da, açıqlamaları, müsahibə və çıxışları parlamentdəki bir çox YAP təmsilçilərinin şablon, köhnəlmiş fikirlərindən elə də fərqlənməyib. 

Əvəzində, siyasətdən kənar müsahibə və açıqlamalarında şou-biznes, qlamur həyat tərzi elementlərinə tez-tez rast gəlinən J.Əliyeva daha çox əyləncə, qalmaqal və s. mövzulara aid fikirlərilə seçilib. Belə ki, deputat öz açıqlamalarında Aygün Kazımova ilə İlhamə Quliyeva arasındakı “müharibədən” tutmuş toylara qədər bir çox mövzulara baş vurub.

Məsələn, Jalə xanım Azərbaycan toylarında mövcud olan bəzi neqativ halları pisləyib və bildirib ki, toyun əvvəlində bəylə gəlin salona daxil olarkən əcnəbi musiqinin – “Vals”ın səsləndirilməsi, həmçinin, gəlinin açıq-saçıq geyinməsi xoşagələn hal deyil. Yaxşı olar ki, “Vals" əvəzinə, doğma musiqimiz olan “Vağzalı” səslənsin, bəylə gəlin isə milli mentalitetimizə hörməəlaməti olaraq özlərini mümkün qədər ağır aparsınlar...

Daha bir müsahibəsində isə xanım deputat "il yarım-iki ilin ərzində təqribən 25-30 kiloqrama yaxın çəki atmışam" deyə bildirib. Təbii ki, bunlar necə deyərlər, çox gözəl və çox pakizə.

Yəqin ki, onun təmsil olunduğu Zərdab və Ucar rayonlarının seçicilərini də məhz elə bu mövzular daha çox maraqlandırır... Adamların nə sosial, nə infrastruktur, nə iş yeri, nə də başqa problemləri var.

Ancaq əslində, dairədəki əhalinin problemləri və deyiləcək, eşidiləcək sözləri kifayət qədər çoxdur. Onların həllində isə dövlət qurumları ilə yanaşı, millət vəkili də əlindən gələni etməli, konkret məsələlər qaldırmalıdır.

Lakin dairədən aldığımız məlumatlarda deyilir ki, Jalə Əliyevanın bundan öncəki parlament seçkiləri ərəfəsində verdiyi vədlərin böyük qismi hələ də havadan asılı vəziyyətdə qalıb. İnsanların bir çox problemləri nəinki həll olunmayıb, heç olmasa bu problemlərin müvafiq qurumlar qarşısında qaldırılması işi belə lazımınca təmin edilməyib. Yəni deyilənlər elə vəd olaraq qalıb. Bunu aşağdakı videodan da görmək mümkündür.  

Bu deputatın fəaliyyətinin siyasi cinahına gəlincə isə onun adı daha çox sabiq nəqliyyat naziri Ziya Məmmədovun parlamentə keçirdiyi şəxslərdən biri kimi hallandırılıb. İslahatların “köhnə qvardiyanın” yola salınması ilə müşahidə olunduğunu nəzərə aldıqda, icra strukturlarının belə deputatların yenidən seçilməsi üçün səfərbər olunmasını anlamaq isə kifayət qədər çətindir.../AzPolitika.info

Faktinfo.az onu da xatırladır ki, 92 saylı Zərdab-Ucar Seçki Dairəsindən iki çağırış millət vəkili seçilmiş Jalə Əliyeva mətbuatda daima sabiq nazir Ziya Məmmədovun adamı kimi xarakterizə olunub.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi