Vətən Müharibəsində Qələbəni təmin edən amillərdən biri də xalqımızın həmrəy olmasıdır

Vətən Müharibəsində Qələbəni təmin edən amillərdən biri də xalqımızın həmrəy olmasıdır -Gənc Tarixçi

44 günlük Vətən müharibəsində şanlı tarix yazan ordumuz xalqımıza böyük Zəfər bəxş etdi.

Bu Zəfər dövlətimizin iqtisadi gücü, siyasi sabitliyi və hərbi qüdrəti sayəsində mümkün oldu. Dövlət başçımız cənab İlham Əliyev bizi Qələbəyə aparacaq amilləri yaratmaq, möhkəmləndirmək üçün hərtərəfli tədbirlər görmüş, dövlətimizi iqtisadi cəhətdən güclü, hərbi cəhətdən qüdrətli bir dövlətə çevirmişdir.

Ölkə başçısı cənab İlham Əliyev bu barədə fikirlərini belə ifadə etmişdir: “İlk növbədə, iqtisadi müstəqillik təmin edilməli idi və təmin edildi. Bu gün Azərbaycan iqtisadi cəhətdən heç kimdən asılı deyil, heç bir ölkədən asılı deyil, heç bir beynəlxalq maliyyə qurumundan asılı deyil. Müstəqilik və bu, bizə imkan verdi ki, ölkəmizi inkişaf etdirək, eyni zamanda, Ordumuzu gücləndirək. Biz Ordumuz üçün lazım olan bütün hərbi texnikanı, silahları xarici bazarlardan alırıq. Əgər bizim iqtisadi imkanlarımız olmasaydı, biz bunları necə əldə edə bilərdik? Biz ölkə daxilində uğurlu siyasət apararaq hesab edirəm ki, ölkəmizdə dünya üçün çox nadir inkişaf modelini yaratdıq”.

Müharibəyə hazırlıq bütün dövrlərdə aparılırdı. Hazırlıq sistemli xarakter daşımışdı. Uzunmüddətli hərtərəfli hazırlıq işləri gedirdi – iqtisadi, beynəlxalq münasibətlər, ordu quruculuğu sahələrində, vətənpərvərlik, düşmənə nifrət hissi aşılanırdı gənclərimizə. Bu hazırlıq nəticədə belə möhtəşəm Qələbəyə gətirib çıxardı ki, bütün Azərbaycan xalqı, Azərbaycanda yaşayan, xaricdə yaşayan milyonlarla azərbaycanlı bu gün haqlı olaraq fəxr edir.

İkinci Qarabağ müharibəsindəki əməliyyatlar sırasında xüsusi əhəmiyyət daşıyan əməliyyatlardan biri də Hadrud əməliyyatıdır. Həm hərbi nöqteyi-nəzərdən, həm strateji nöqteyi-nəzərdən bu əməliyyatın çox böyük əhəmiyyəti var idi. Bu əməliyyatın uğurla başa çatması imkan verdi ki, Azərbaycan Ordusu öz hədəfinə - Qarabağın azad edilməsinə nail oldu. Hadrutun yerləşməsi bu bölgədə strateji nöqteyi-nəzərdən xüsusi əhəmiyyətə malikdir. Qəsəbə ətrafında yerləşən təpələr böyük əraziyə nəzarət etməyə imkan verir və Hadrutu götürmək hərbi nöqteyi-nəzərdən çox çətin idi.

Baxmayaraq ki, müharibə zamanı Ermənistan ordusunda on mindən çox fərari olmuşdur və bəzi yaşayış məntəqələrindən onlar tələm-tələsik qaçaraq çıxmışdılar, amma Hadrutdadirəniş göstərdilər, müqavimət göstərdilər və burada gedən şiddətli döyüşlər bir neçə gün davam etmişdir. Buna baxmayaraq, Azərbaycan əsgəri, zabiti qarşısında onlar öz acizliyini dərk edərək burada da məğlubiyyətə uğradılar.

Hadrut əməliyyatının əhəmiyyəti ondadır ki, Ermənistan rəhbərliyi və Ermənistan ordusu gözləmirdi ki, Azərbaycan Ordusu Cəbrayıldan sonra Hadrut istiqamətinə gedəcək. Onlar hesab edirdilər ki, biz Füzuli istiqamətinə gedəcəyik. Baxmayaraq ki, Hadrutda onların çox böyük canlı qüvvəsi var idi, bizi gözləmirdilər. Çünki hərbi nöqteyi-nəzərdən Hadrutu götürmək böyük fədakarlıq və peşəkarlıq tələb edirdi. Biz bu əməliyyatı keçirməklə öz gücümüzü bir daha Ermənistana və bütün dünyaya göstərdik.

44 günlük Vətən müharibəsi nəticəsində 30 ilə yaxın işğal altında qalmış torpaqlarımız işğaldan azad edildi. Şəhidlərimizin qanı alındı, tarixi ədalət bərpa olundu. Vətən müharibəsi ölkəmizdə olan xalq-ordu-rəhbər birliyini bütün dünyaya nümayiş etdirdi. Eyni zamanda dövlət başçımız cənab İlham Əliyevin apardığı uğurlu siyasət nəticəsində xalqımız tarixən ən böyük ehtiyac duyduğu məqama- milli birlik məqamına çatdı. Bu birlik, bu həmrəylik bizi Qələbəyə aparan ən vacib amillərdən oldu.

Vətən müharibəsi nəticəsində əldə etdiyimiz Qələbə yalan üzərində qurulmuş erməni siyasətinin iflası, öz xalqına döyüşlər ilə bağlı yalan məlumat verən Ermənistan rəhbərliyinin acı məğlubiyyəti oldu. Ermənistan təbliğatı istər işğal dövründə, istər müharibə dövründə, istərsə də postmüharibə dövründə yalan üzərində qurulub. Ermənistanın tarixi də saxtadır, keçmişi də saxtadır, dövlətçiliyi də saxtadır, mifologiyası da saxtadır. Sadəcə olaraq, dünya erməniliyi yaşadığı ölkələrdə elə bir yalan rəy yaradıb ki, sanki Ermənistan əhalisi əsrlər boyu burada yaşayıb. Hadruta ermənilər İrandan XIX əsrdə köçürülüblər. O vaxta qədər burada erməni yaşamırdı. Müharibə dövründə də Ermənistan rəsmi orqanları yalan məlumatlar yayırdılar. Ermənilərin Hayastan adlı böyük bir fondu var. Hayastan, əslində, Ermənistan deməkdir. Ermənilər özlərini hay adlandırırlar, öz ölkəsini Armenia yox, Hayastan adlandırırlar. Bu Hayastan fondu bəlkə də bir neçə milyard pul yığmışdır. Həmçinin Amerikada yaşayan zəngin ermənilər öz xüsusi fondlarını yaradıblar, öz ailə üzvlərinə aid fondlar yaradıblar. Otuz il ərzində bəlkə də ən azı bir neçə milyard pul yığılıbdır və o pulun taleyi məlum deyil. Çünki azad edilmiş bütün yerlərə baxdıqda, hətta erməni əhalinin yaşadığı yerlərə baxdıqda, orada heç bir inkişafın əsər-əlaməti yoxdur.

Hər zaman başqalarına mənsub milli- mənəvi dəyərləri mənimsəmək, özünün olmayanı özününküləşdirmək naminə müxtəlif iyrənc əməllərə əl atan Ermənilər Azıx mağarasını da erməniləşdirmək istəmişdilər. Onlar bəyan edirdilər ki, Azıx mağarasında ermənilər yaşayıblar. Azıx mağarasını aşkarlayan da azərbaycanlı arxeoloqlar olmuşlar. O arxeoloqlar böyük tədqiqat işləri aparmışdılar. Ermənilər, sadəcə olaraq, təbliğat üçün dünyanın bir neçə ölkəsindən alimlər gətirərək burada şou yaradırdılar. Mağaraya böyük ziyan vurulub.

Ümumiyyətlə işğal altında olan ərazilərimiz azad edildikdə bütün dünya erməni xislətinin acı nəticələrinin canlı şahidi oldu. Erməni terroruna məruz qalmış ərazilərimizdən biri də Füzuli rayonudur. Bəllidir ki, Füzuli şəhəri və kəndlərimiz 30 ilə yaxın düşmən tapdağında qaldı. Rayonumuzun bütün tarixi-mədəni abidələri, infrastrukturu, məscid və ziyarətgahları erməni vandalları tərəfindən vəhşicəsinə məhv edilib. Görün vəhşilik hansı həddə çatıb ki, qəhrəman ordumuz tərəfindən Füzuli şəhəri işğaldan azad edildikdə bayraq asmağa bir salamat bina tapılmadı.

Ermənistan torpağımızı işğal edərək Azərbaycan əhalisini etnik təmizləməyə məruz qoyub, bütün evləri, binaları, tarixi abidələri dağıdıblar və özləri üçün də bir həyat qurmayıblar. İşğalı bundan sonra 30 il də davam etdirmək istəyirdilər. Beynəlxalq ictimaiyyət də, bu məsələ ilə məşğul olanlar da demək olar ki, buna göz yumurdular. Ermənilər Azərbaycana qarşı ekoloji terror törədərək meşələrimizi kütləvi şəkildə qırmış, yandırmış, məhv etmişlər.

Bu gün artıq dövlətimiz tərəfindən işğaldan azad edilmiş ərazilərimizdə geniş bərpa –quruculuq və tikinti işləri həyata keçirilir. Müharibənin bitməsindən cəmi bir il ötməsinə baxmayaraq, böyük işlər görülmüşdür. İri infrastruktur layihələrin, yol-nəqliyyat infrastrukturunun, beynəlxalq və regional statuslu obyektlərin inşası uğurla həyata keçirilməkdədir.

Bütün bu görülən işlər bizim rayonumuzun ərazisində də həyata keçirilməkdədir.

Həm bizə Qələbə sevinci bəxş edib torpaqlarımızı işğaldan azad etdiyinə, həm də belə sürətli şəkildə aparılan quruculuq işlərinə görə ölkə başçısı cənab İlham Əliyevə öz dərin minnətdarlığımızı bildiririk.

Abbasova Fəridə Camal qızı

Gənc Tarixçi

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi