Vicdanın keşikçisi: Fazil Məmmədovun ömür yolunda polis salnaməsi

Vicdanın keşikçisi: Fazil Məmmədovun ömür yolunda polis salnaməsi 

Hər bir insanın həyatında vicdanın səsi, içində daşıdığı haqq duyğusu onun kimliyini müəyyənləşdirir.

Kimi bu səsi eşitməkdən qorxur, kimi isə onu həyat amalına çevirir. Məmmədov Fazil Əbil oğlu o səsi ömrü boyu dinləmiş, ona sədaqətlə xidmət etmiş insanlardan biridir.

 1958-ci ilin noyabr ayının 9-da, Fizuli rayonunun Zərgər kəndində zəhmətkeş bir ailənin ocağında doğulan Fazil Məmmədov, uşaqlıq illərindən sadəliyi, işgüzarlığı və ədalət duyğusu ilə seçilib. O illərdə kənd həyatı çətin olsa da, məhz bu mühit Fazil Məmmədovun xarakterində möhkəmlik, səbr və düz yoldan dönməmək inadını formalaşdırdı.O,həyatın ilk dərsini ailəsindən aldı - “insan gərək hər kəsin haqqını öz haqqı kimi qorumağı bacarsın.” Bu prinsip illər sonra onun polis mundirindəki ömür yolunun mənəvi bünövrəsinə çevrildi.

  Gənc yaşlarından təhlükəsizlik orqanlarında işləmək arzusu Fazil Məmmədovda təkcə peşə marağı deyildi. Bu, onun üçün mənəvi borc idi. Hər çağırışda, hər əməliyyatda bir məqsəd vardı: insanlara ədalət qazandırmaq.O, polis sistemində əməliyyatçı kimi çalışdığı illər ərzində təkcə qanunun yox, həm də vicdanın xidmətində durdu. İmişlidən tutmuş Fizuliyə, Biləsuvardan Qubayadək Fazil Məmmədovun xidməti izləri Azərbaycanın bir çox bölgəsində qalır. Hər bölgənin öz çətinliyi, öz sosial fonu vardı. Amma o, harada işləməsindən asılı olmayaraq, eyni prinsipə sadiq qaldı: qanunun gücü vicdanla ölçülməlidir.

  Həmin illərin polis fəaliyyəti, xüsusən əməliyyat işinin çətinliyi yalnız bu sahədə çalışanların anlaya biləcəyi qədər ağır idi. Hər gecə naməlum istiqamət, hər işdə risk, hər addımda məsuliyyət... Amma Fazil Məmmədov bu gərginliyin içində bir an belə qorxunun təsirinə düşmədi. O, cinayətlərin açılmasında göstərdiyi peşəkarlıqla həm rəhbərliyin, həm də xalqın etimadını qazanmışdı. İnsanlar onu “sözünün əri”, “ədalətli polis” kimi tanıyırdılar. Fazil Məmmədov heç vaxt şöhrət dalınca qaçmadı. Hər açılan cinayət işi, hər qaytarılan haqq, onun üçün tərif yox, vicdan rahatlığı idi. Bəzən gecənin qaranlığında evə dönəndə tək bir düşüncə onu müşayiət edirdi: “Birinin haqqını qorudum, deməli, bu gün mən də düz yaşadım.”

  

 İndi Fazil Məmmədov təqaüddədir. Amma bir polis kimi missiyasını bitmiş saymır.O, hələ də öz kəndində,öz ətrafında haqq və dürüstlük nümunəsi kimi tanınır. Onunla söhbət edən hər kəs anlayır ki, mundir dəyişsə də, bu peşənin ruhu onunla qalır.O, bu gün gənc nəslə öz təcrübəsi ilə, həyat nümunəsi ilə öyüd verir:“Polis olmaq təkcə qanunu qorumaq deyil, insanın içindəki ədaləti də yaşatmaqdır.”

  

 9 noyabr Fazil Məmmədovun doğum günüdür. Təsadüf deyil ki, bu tarix həm də Azərbaycanın Dövlət Bayrağı Günüdür. Bayraq necə ki, müstəqilliyin, ləyaqətin və şərəfin rəmzidirsə, Fazil Məmmədovun ömür yolu da o mənəvi bayrağın bir parçasıdır - vicdanla xidmət etmək, dürüst yaşamaq və dövlətə, vətənə sədaqətli olmaq. İndi, 67 yaşında, o, arxaya baxdıqda təkcə keçmiş illəri deyil, bir ömürlük borcu da görür - xalqına, qanuna və dövlətinə olan borcu. O borc ki, gəncliyindən bu günə qədər onun bütün addımlarını istiqamətləndirib. Bəli, hər kəsin həyatında bir işıq olur. Kiminin əli, kiminin sözü, kimininsə vicdanı parlayır. Fazil Məmmədovun işığı vicdanıdır. O vicdan ki, polis mundirinin arxasında gizlənməyib, əksinə, onu ucaldıb.

Ad günün mübarək Fazil Məmmədov!

Fuad İsgəndərov

Faktinfo.az


Vicdanın keşikçisi: Fazil Məmmədovun ömür yolunda polis salnaməsi
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi