Xankəndi-Laçın yolundakı aksiya iştirakçılarına yüksək səviyyədə şərait yaradıldı

Xankəndi-Laçın yolundakı aksiya iştirakçılarına yüksək səviyyədə şərait yaradıldı 

Hazırda hava şəraitinin soyuq olmasına baxmayaraq, Qarabağda faydalı qazıntı yataqlarının qanunsuz istismarı əleyhinə Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası davam edir.

QHT fəalları tərəfindən müstəqil şəkildə təmin edilən çadırlar və konteynerlərdə yüksək səviyyədə şərait yaradılıb.

 Belə ki, aksiya iştirakçıları gün ərzində davamlı şəkildə isti yer, isti çay və qidalarla təmin olunurlar.

 Bundan başqa, hava şəraiti nəzərə alaraq, QHT fəalları fasiləsiz dinc aksiya iştirakçıları üçün yolun kənarına çəlləklər gətiriblər. Çəlləklərin içərisində isə tonqallar qalanır.

 Həmçinin aksiya iştirakçılarının təhlükəsizliyini əraziyə cəlb edilmiş Azərbaycan Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının hərbçiləri və polislər yüksək səviyyədə təmin edirlər.

 Eyni zamanda fasiləsiz dinc aksiyanın ilk günlərindən Azərbaycan Könüllü Həkimlər Assosiasiyasının həkimləri əraziyə gələrək səyyar tibb məntəqəsi yaradıblar, iştirakçılara zəruri tibbi yardım göstərirlər.

 Hazırda aksiya iştirakçıları “Azərbaycan oyaqdır, sərvətinə dayaqdır!”, “Azərbaycan vahiddir, sərvətinə sahibdir!”, “Ekoloji cinayətə son!”, “Stop ekoterror!” şüarlarını səsləndirirlər.

 Xatırladaq ki, Qarabağda faydalı qazıntı yataqlarının qanunsuz istismarı əleyhinə Şuşadan keçən Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 9 gündür davam edir.

 Şuşa ərazisində Rusiya sülhməramlılarının nəzarətində olan yolun bir hissəsində etiraz aksiyası azərbaycanlı aktivistlər və ekologiya üzrə qeyri-hökumət təşkilatlarının (QHT) üzvləri tərəfindən Qarabağ iqtisadi rayonunda ekoloji terrora son qoyulması tələbi ilə keçirilir.

 2022-ci il dekabrın 3-də və 7-də Rusiya sülhməramlı kontingentinin komandanlığı ilə aparılmış müzakirələrin nəticəsi olaraq İqtisadiyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət heyət Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər fəsadlarla bağlı ilkin monitorinq aparmalı idi. Lakin sülhməramlıların hərəkətsizliyi ucbatından monitorinq baş tutmayıb.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi