Xəstələrə mal, mülk, pul kimi baxılır-Həkimlərə etimad itir...

Xəstələrə mal, mülk, pul kimi baxılır-Həkimlərə etimad itir... 

ELN Klinikasının baş həkimi Ceyhun Bədirov rəhbərlik etdiyi səhiyyə ocağından istefa verməsi özəl klinikalarda baş verən bir çox neqativ halları yenidən gündəmə gətirib.

Ölkə əhalisinin sağlamlığına dair statistika həyəcan təbili  çaldığı bir zamanda əksər özəl klinikaların ixtisasca həkim olmayan təsisçiləri hələ də “bazar qanunları” ilə işləməyə üstünlük verirlər. Aidiyyatı şəxslərin əhəmiyyət vermədiyi bu vəziyyətə dair  telekanallar, həm də həkimlərin özləri bir qayda olaraq  maarifləndirmə işindən kənarda qalmamalıdırlar. Yoxsa, vaxtsız xəstəliyə düçar olanların sayı durmadan artacaq.

 Fakt isə ondan ibarətdir ki, özəl klinikalarda müayinə və müalicə üçün  qiymətlər qonşu dövlətlərlə müqayisədə həddindən artıq bahadı. Yüklənmiş vətəndaşlarımız xəstəxanalara, xüsusilə də özəl xəstəxanalara müraciət edərkən onlara yanaşmada insan faktoru kənara qoyulur, xəstələrə mal, mülk, pul kimi baxılır. Xüsusilə, bu yanaşma özəl xəstəxanaların rəhbərliyi tərəfindən qaynaqlanır. Orada çalışan həkimlərə təzyiq edilir ki, onlara müraciət edildiyi təqdirdə göstəriş olub-olmamasından asılı olmayaraq, xəstələrə dioqnoz qoymaq üçün EKQ, EXO-KQ, USM (ultrasəs müayinəsi), Dopler, KT (kompyuter tomoqrafiyası), Rentgen, Laborator müayinələr, Kolposkopiya təyin edilsin.

Müalicəyə aid isə bir balaca uyğunluq olarsa, Ozonterapiya, Plazmaferaz, Fizioterapiya, Hidrokolonoterapiya təyin edilsin.Məqsəd də odur ki, özəl klinikaların həkim olmayan sahibləri külli-miqdarda varidata sahiblənsinlər. Xəstələri müalicə etməklə sağaltmağa ciddi cəhd göstərilməsin, bir balaca əsas olduğu təqdirdə cərrahiyyə əməliyyatını məqsədəuyğun hesab etsinlər. Bununlada xəstələri “soymaq”daha da asanlaşsın.

 Təbii ki, belə bahalı müayinə və müalicə metodları xəstələrin iqtisadi cəhətdən yüklənməsi və orqanizmlərinin digər xəstəliklərə düçar olması deməkdir. Bu səbəbdən artıq Azərbaycan həkimlərinə etimad itib. Hətta, müəyyən kəsim vicdanlı və savadlı həkimlərimiz etiraf edirlər ki, vətəndaşlarımız müayinə və müalicənin bahalı olmadığı İran İslam Respublikasına, Gürcüstan dövlətinə, Türkiyəyə üz tutur, sağlamlıqlarını bu ölkələrin həkimlərinə etibar edirlər. Bu həm də respublikadan külli-miqdarda valyutanın çıxarılması fonunda iqtisadiyatımız üçün münasib deyil. Hər halda düşünməyə dəyər.

Fuad İsgəndərov

Faktinfo.az

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi