Yazıçılar Birliyinin üzvü sədrin müşavirindən şikayət etdi-

Yazıçılar Birliyinin üzvü sədrin müşavirindən şikayət etdi- Rauf Aslanovun gözünü pul örtüb

1980-ci ildən Yazıçılar Birliyinin üzvü və Prezident təqaüdçüsü olan şair-dramaturq Ramiq Muxtar Baş prokurorunun birinci müavini Rüstəm Usubova açıq məktub yazıb.

1993-cü ilin 11 mart tarixindən YAP-ın yaradıcılarından biri, iki zabit, veteran atası, R. Rza adına Beynəlxalq Mükafat laureatı olduğunu qeyd edən "Şərəf" ordenli Ramiq Muxtar Baş prokurorun müavininə təkrar müraciətində yazır:

“Cənab general!

Səbail Rayon İcra Hakimiyyətində hal-hazırda qorunan mənzil növbəsində duranların siyahısı dünya şöhrətli yazıçımız Anar və Səbail rayonunun sabiq icra başçısı Sahib Ələkbərov tərəfindən 2002-ci ilin 11 aprel tarixində 170 saylı sərəncamla təsdiq olunmuşdur. Yazıçılar Birliyi tərəfindən sonradan bununla bağlı məhkəmələrə göndərilən sənəd saxtadır. Çünki onu nə Anar, nə də ki, icra başçısı S. Ələkbərov təsdiq etməyiblər. Həmin sənədi yazıçı olmayan, Rauf Aslanov adlı bir işbaz göndəribdir. Hətta həmin siyahı o qədər tələm-tələsik yazılıb ki, sənəddə tarixi də yazmağı unudublar.

Mən də məhkəməyə göndərilən həmin saxta sənədin surətini çıxardım və "Reytinq" qəzetində "Saxtakarlıqdan əl çəkin" tənqidi məqaləmlə onları ifşa etdim. Onlar bu yazını təhqir bilib, məni məhkəməyə verdilər. Binəqədi Rayon Məhkəməsinin hakimi Mirheydər Zeynalov məni əks tərəflə barışdırmaq istədi. Lakin mən qəti etiraz etdiyimə görə, məni 1000 manat cərimələdi. Bu haqsızlığa görə, mən Səbail Rayon Məhkəməsinə müraciət etmişəm”.

Ramiq Muxtar yazır ki, Azərbaycan Yazıçılar Birliyindəki mənzil komissiyasının sədri Rauf Aslanov 9 iki otaqlı mənzilin kimlərə verilməsinin siyahısını 40 gündür müxtəlif bəhanələrlə onun vəkili Ramiz Hacılıya vermir:

“Rauf Aslanov bilmir ki, artıq kələfin ucu onları daha qaranlıq yollara aparır. Sənədlərin kimlərin adına yazılmasından onların xəbəri yoxdur. Pul Rauf Aslanovun gözünü necə örtübsə, o, hətta öz vəkilini də pul qalmaqalı üstündə həbs etdiribdir”.

R. Muxtar R.Usubova müraciətində bildirir ki, Səbail Rayon Prokurorluğu da onun şikayətini ciddi araşdırmayıb:

“Səbail Rayon Prokurorluğu araşdırma aparmadan və icra hakimiyyətindən qanuni sənəd tələb etmədən qərar çıxarıb ki, mənzil bölgüsündə heç bir qanunsuzluq yoxdur. Bunu yazan müstəntiq Əhməd Məmmədov məhkəmə qarşısında oturmalıdır. Çünki Səbail rayonunun sabiq prokuroru Şirxan Adıgözəlov mənə bildirdi ki, mən gedib Anardan izahat alan deyiləm. Və yazıram ki, mənzil bölgüsündə heç bir pozuntu yoxdur. Sən get, cənab Zakir Qaralovdan xahiş et, bu işi ya şəhər prokurorluğuna, ya da Korrupsiyaya qarşı Mübarizə İdarəsinə göndərsin. Onlar araşdırma aparıb, ya sənin qanuni mənzilini versinlər, ya da ki, böhtançı kimi sən ifşa olun”.

Şair-dramaturq müraciətində R. Usubovdan xahiş edir ki, istintaq qrupu yaradıb, qanuni mənzil hüququnun bərpasında ona köməklik göstərsin.

Faktinfo.az

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi