Zaxarovasayağı "sensasiya" və ya Rusiya niyə öz günahını başqasına yükləyir?!

Zaxarovasayağı "sensasiya" və ya Rusiya niyə öz günahını başqasına yükləyir?! 

Rusiya Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Mariya Zaxarova deyir ki, Ukrayna Təhlükəsizlik Xidməti Rusiya ilə Azərbaycan arasında mövcud ziddiyyətlərdən milli zəmində nifrət salmaq üçün istifadə etməyə hazırlaşır.

Bu, nə dərcədə doğrudur, yaxud təbliğat tezisidir, onu bir tərəfə qoyaq. Amma doğru da ola bilər. Bunu geniş şərh etməyin elə bir mənası da yoxdur axı. Rusiya Ukrayna ilə düşmənçilik edir, Ukrayna da, təbii ki, Rusiyaya zərər vura biləcək, öz ərazilərinin işğalını dayandırmağa kömək edəcək hər bir fürsəti dəyərləndirir, dəyərləndirəcək. Bu mənada Ukrayna dövlətinin Azərbaycan-Rusiya münasibətlərinin pisləşməsində maraqlı olmasından təbii nə var ki?!

Yaxşı, tutaq ki, Ukrayna Təhlükəsizlik Xidməti belə əməliyyatlar hazırlayır; münasibətləri gərginləşdirməyə çalışır. Bəs Rusiya Federal Təhlükəsizlik Xidməti nə edir?! Azərbaycanlıları tutur, döyür, həbs edir, işgəncə verir. Rusiyada diaspor nümayəndələrinə qarşı total hücuma keçib Rusiya dövləti. Adamları müxtəlif cinayət əməllərində günahlandırıb, saxta ittihamla türmələrə atırlar. Bunu da Ukrayna Təhlükəsizlik Xidməti edir?!

Azərbaycan ötən ilin sonunda Rusiyanın vurduğu mülki təyyarəsinə, zərərçəkənlərə görə, Rusiya hökumətindən etiraf, üzr, günahkarlara cəza və təzminat istəyir. Rusiya hökuməti isə bundan açıq-aşkar boyun qaçırır. Bunu ki, Ulrayna sifariş etməyib. Bəlkə Rusiyanın telekanallarında Azərbaycan əleyhinə təbliğat aparanlar - Rusiya dövlətinin məmurları, deputatları, generalları Putindən deyil, Zelenskidən tezis alır?! Yoxsa Solovyovu Kiyev danışdırır?!

Gördüyünüz kimi, Mariya Zaxarovanın dedikləri absurdun özüdür. Rusiya özü Azərbaycanla münasibətləri şüurlu və planlı olaraq pozur, sonra da deyir, bunda Ukrayna günahkardır. Belə də xəstə məntiq olar?! Bu, artıq bir az ağ oldu axı.

Seyid Əhmədli

 Bizimyol.info

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi