
“Zəngəzura görə Paşinyanı devirmək istəyirlər" – Çevriliş planının detalları + VİDEO
Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində növbəti analitik süjet hazırlanıb.
Report.az xəbər verir ki, “Üzə çıxan gizli səs yazısında hansı məqamlar var?” adlı süjetdə Ermənistanda siyasi çaxnaşmanın hökm sürməsindən bəhs olunur.
Bildirilir ki, Baş nazir Nikol Paşinyanın başda II Qaregin olmaqla Erməni Apostol Kilsəsinə qarşı elan etdiyi “müharibə” artıq din adı altında siyasətlə məşğul olanların neytrallaşdırılması mərhələsinə keçib. Buna səbəb kilsənin “müxalifətin çevriliş planı”nı dəstəkləməsi, daha dəqiq desək, bu planın birbaşa iştirakçısı olmasıdır. “Civic.am” saytında yayımlanan “müxalifətin çevriliş planı” Paşinyanın sentyabr ayında devrilməsinə hazırlığın getdiyini göstərir. Çevriliş planı mediada tirajlandıqdan sonra Ermənistan İstintaq Komitəsi araşdırmalara başladı. “Müqəddəs mübarizə” hərəkatının rəhbəri keşiş Baqrat Qalstyan və tərəfdarları həbs olundu. Daha sonra Şirak Yeparxiyasının rəhbəri, arxiyepiskop Mikael Acapaxyan saxlanıldı. Bununla yanaşı, bütün ermənilərin katolokosu II Qareginin iqamətgahında axtarışlar aparıldı.
Qeyd olunur ki, 2018-ci ildə hakimiyyətə gəlişindən sonra Paşinyanla kilsənin “ulduzu barışmayıb”, tərəflər arasında həmişə soyuq münasibətlər mövcud olub, lakin ilk dəfədir ki, bu mübarizə açıq müstəviyə keçib. Ermənistan hakimiyyətinin məhz indi hərəkətə keçməsinin arxasında Rusiyanın yenidən Ermənistandakı mövqelərini bərpa etmək cəhdləri, eləcə də 2026-cı ildə keçiriləcək seçkiləri dayanır.
Diqqətə çatdırılır ki, Paşinyan seçkidən öncə əsas qüvvələri neytrallaşdırmağa çalışır: “Ən önəmli məqamlardan biri Ermənistanda çevriliş hazırlayan və buna görə həbs edilənlərin Azərbaycana qarşı revanşizm mövqeyindən çıxış etməsi, Bakı-İrəvan xəttində sülh sazişinin imzalanmasına qarşı çıxmasıdır. Onların neytrallaşdırılması mümkün sülh sazişi önündəki maneələrin aradan qaldırılması kimi də qiymətləndirilir”.
Keçmiş erməni deputat Sofiya Hovsepyan iddia edir ki, Paşinyanın məqsədi ona mane ola biləcək qüvvələri zəiflətmək və Azərbaycan və Türkiyə ilə əldə olunan razılaşmaları həyata keçirməkdir.
Sonda vurğulanır ki, Cənubi Qafqazda daşlar yenidən paylanılır, Azərbaycan isə oyunqurucu mövqeyini qorumaqdadır: “Hadisələrin sonunda Zəngəzur dəhlizinin açılması perspektivi aydın görünür”.
Qeyd edək ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulması, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.
Bu xəbər üçün şərh yazın