ZƏNNİMCƏ, UNEC-DƏ MƏSƏLƏNİ QƏLİZLƏŞDİRƏN RƏHBƏRLİYİN TƏKƏBBÜRLÜ OLMASI AMİLİDİR!

ZƏNNİMCƏ, UNEC-DƏ MƏSƏLƏNİ QƏLİZLƏŞDİRƏN RƏHBƏRLİYİN TƏKƏBBÜRLÜ OLMASI AMİLİDİR! -Professorun növbəti yazısı

Səmimi etiraf edim ki, bir Azərbaycanlı ziyalısı, iqtisadçı professor, ekspert olaraq məni Azərbaycanın ali iqtisadi təhsil sistemində, iqtisad elmində baş verən proseslər çox narahat edir! Ədalət naminə bir məqamı da qeyd etməliyəm.

Faktinfo.az xəbər verir ki,bu fikirlər iqtisad üzrə elmlər doktoru,professor  Elşad Məmmədovun növbəti məqaləsindəndir.Professor Azərbaycan Dövlət İqtisad Universitetində elmi-pedaqoji fəaliyyətlə məşğul olmasına rəğmən, orada aparılan islahatların mahiyyətdən uzaq olduğunu,məzmunca məntiqsizliyini,UNEC rəhbərliyinin qərar qəbul edərkən kollegiallıqdan çox-çox uzaq olduğunu çılpaqlığı ilə ortaya qoyur.

İqtisad üzrə elmlər doktoru,professor  Elşad Məmmədovun növbəti məqaləsini olduğu kimi təqdim edirik:

Mənim bu yazını yazmağıma təkanverici amillərdən biri ötən tədris ilinin sonunda oldu. Məni UNEC-ə ölkədə tanınmış ekspert-analitik olaraq tədrisdə “yüksək göstəriciləri” olan yuxarı kurs tələbələri ilə görüşə dəvət etdilər. Mən uzun illər ali məktəbdə dərs deyirəm. Hansı inzibati vəzifədə olmağımdan asılı olmayaraq, auditoriyadan dərs prosesindən 1 il belə kənarda qalmamışam və tələbələrin gözlərindən onların biliyə, tədrisə, elmə maraqlarının hansı səviyyədə olduğunu hiss edirəm. Həmin görüşdən çox ağır hisslərlə çıxdım!

Tədrisdə “yüksək göstəriciləri” olan həmin tələbələr dövlət büdcəsinin xərcləri və gəlirlərinin necə formalaşması və bu kimi sadə suallara belə cavab verə bilmirdilər. Eyni zamanda onların əksəriyyətinin baxışlarından bilik əldə etmək istəyi hiss olunurdu. Həmin gün mən özüm üçün qərar verdim ki, bu kompromisslərin ola bilməyəcəyi məsələlərdəndir və mən bu məsələ ilə bağlı əlimdən gələni edəcəyəm! Gənc tələbələrə, min bir əziyyətlə övladlarına təhsil verməyə çalışan valideynlərə, ölkəmizin təhsil sisteminə belə münasibət cavabsız qalmamalıdır!

Dünyada  baş verən  iqtisadi və geosiyasi proseslər kontekstində ölkəmizin ali iqtisadi təhsilindəki problemlərə bu gün göstərə biləcəyimiz biganəlik, qeyri-peşəkarlıq, sabah ölkədə böyük sosial, iqtisadi və siyasi problemlərə səbəb ola bilər.

Ölkəmizin ali təhsil sistemində uzun illər ərzində müxtəlif vəzifələrdə çalışmışam (baş laborant, baş müəllim, dosent, professor, dekan müavini, dekan əvəzi, prorektor, kafedra müdiri) və çalışmaqda davam edirəm. Professor zirvəsinə kimi ucalmışam və bu gün ölkə prezidentinin və ölkənin 1-ci vitse-prezidentinin rəhbərlikləri ilə respublikada həyata keçirilən  sosial-iqtisadi siyasətin dövlət telekanallarında, digər media resurslarında işıqlandırılmasında, təhlilində, zənnimcə, ən çox iştirak edən analitiklərdən, iqtisadçı alimlərdənəm.

Dövlətçiliyin nə olduğunu, prezidentimizin ölkəmizi hansı bəlalardan xilas etdiyini yaxşı bilirəm, çünki gəncliyimdən ictimai həyatdayam. 15 yaşımda qızıl medalla orta, 20 yaşımda fərqlənmə diplomu ilə ali məktəbi bitirmişəm, 38 yaşımda isə elmlər doktoru(!), professor olmuşam. Heç bir xarici universitetdə təhsil almamışam, özümü kifayət qədər hazırlıqlı makroiqtisadçı-analitik hesab edirəm və bunu düşünürəm ki, reytinqlərlə deyil, çünki bu apriori reytinqlərlə ölçülə bilməz, öz gündəlik ekspert-analitik fəaliyyətimlə sübut etmişəm (misal üçün aktual iqtisad mövzular üzrə efirdən 2 dəqiqə əvvəl efirə dəvət alaraq canlı  efirlərə qoşulmaqla).

25 ilə yaxındır ki, Azərbaycan Dövlət İqtisad Universitetində elmi-pedaqoji fəaliyyətlə məşğulam. Ondan öncə 5 il həmin universitetdə təhsil almışam. Bunları qeyd etməyimin səbəbi odur ki, zənnimcə,  Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) baş verən proseslər barədə fikirlər bildirməyə haqqım var. Və həmin universitetin durumu məni incitməyə bilməz. Çox təəssüf ki, ölkəmizin ali iqtisadi təhsil sisteminin flaqmanı olmalı olan UNEC, fikrimcə, bu günki reallıqlara cavab verməyən, olduqca primitiv üsullarla idarə edilir!

Hesab edirəm ki, Azərbaycanın ali iqtisadi təhsil sisteminin dünyada baş verən proseslərə nəinki effektiv reaksiyasını, qeyd etdiyimiz  proseslərin təhlilinə belə yaxın düşməsinin şahidi ola bilmirik. Dünya iqtisadiyyatı son onilliklərin ən çətin və hələ çıxış nöqtəsi üzərində aparıcı "beyin mərkəzlərinin" baş sındırdığı struktur böhranını yaşadığı zaman UNEC-də dərslərin əvvəlində və sonunda zəngin çalınmaması qərarı verilir və geniş müzakirə edilir. 21-ci əsrdə... Bu acınacaqlıdır.

Hesab edirəm ki, monetarizmin və ultraliberalizmin ən bəsit, primitiv, artıq heç bir mütərəqqi ali iqtisadi təhsil sistemlərində ciddi qəbul edilməyən tədris materialları ilə tədris vəsaitlərinin doldurulması, abstrakt, reallıqda müasir iqtisadiyyatla əlaqəsi olmayan Fişer düsturu ilə, dəfələrlə effektsiz olması sübut edilmiş Fillips əyrisi, real iqtisadiyyatda lazım olunan tətbiqi effekti olmayan abstrakt ekonometrik modellərlə 21-ci əsrdə iqtisadçı hazırlamaq primitivizm, qeyri-peşəkarlıq olmaqla yanaşı, çox zərərlidir! Zənnimcə, UNEC-də məsələni qəlizləşdirən həm də rəhbərliyin təkəbbürlü olması amilidir!

Təkəbbür istənilən halda zərərlidir, amma tələb olunan peşəkarlıq olmayan da, onun zərəri dəfələrlə artır və onu nümayiş etdirən insanın özü xoşagəlməz vəziyyətə düşür. Etiraf edirəm ki, son günlər UNEC rəhbərliyində təmsil olunan bir çox insan mənimlə əlaqə saxlayaraq mənə bildirmişlər ki, UNEC-dəki vəziyyətlə bağlı fikirlərimi, təhlillərimi tam dəstəkləyirlər. Yeri gəlmişkən, komanda daxili dərin fikir ayrılıqları menecment üçün pis haldı. Amma istənilən halda məni UNEC-in rəhbər işçiləri arasındakı münasibətlər deyil, ölkəmizin ali iqtisadi təhsil sistemində, iqtisad elmindəki vəziyyət maraqlandırır. O vəziyyət isə, zənnimcə, heç də ürəkaçan deyil! Və əminəm ki, UNEC rəhbərliyi buna görə müvafiq qaydada məsuliyyət daşımalıdır!

Azərbaycan iqtisadiyyatı fənninin tədrisinin xeyli dərəcədə azalması (bu məqalənin müəllifinin israrlı təkidlərindən sonra bir sıra ixtisaslarda bərpa olundu, amma heç də bütün ixtisaslarda yox), bakalavriat səviyyəsində dünya iqtisadiyyatı ixtisasının ləğv edilməsi barədə yazmışdım.   

UNEC-də ən böyük problemlərdən biri bundadır ki, tətbiq edilən tədris prosesi çərçivəsində iqtisadiyyatın bir çox  istiqamətləri, ümumiyyətlə, fikrimcə, tədris prosesindən kənarda qalmaqdadır. Bəhs edilən problemin bir qədər də dərinləşdirici məqamı odur ki, doktorantura, magistratura, bakalavriat arasında tarazlılıq, zənnimcə,  yoxdur. Doktoranturada və yaxud magistraturada, yaxud MBA proqramında qəbulu olan ixtisas üzrə bakalavriatda uyğun ixtisasın olmaması tədris prosesini, fikrimcə, darmadağın edir.

Dünya iqtisadiyyatı ixtisası bu məsələdə bir misaldır. Sanki binanın üst mərtəbələri tikilir, alt mərtəbələri isə sökülür… Bu yaxınlarda UNEC rektorunun sosial şəbəkədə paylaşdığı "Çevrilmiş təhsil" budur bəlkə?

Digər tərəfdən, “Beynəlxalq ticarət və loqistika” ixtisası tədris prosesinə daxil edilib, amma “Ticarət” ixtisası ləğv olunub. Sual edilir: Ticarət olmadan beynəlxalq ticarət mövcud ola bilərmi? Əgər belə qərarlar qəbul edənlər düşünürlərsə ki, dünya iqtisadiyyatı elə beynəlxalq ticarətdən ibarətdir və müvafiq qaydada ixtisasın əvəz edilməsini reallaşdırmaq olar, bu onların, peşəkarlığı barədə, fikrimcə, böyük suallar qoyur, çünki dünya iqtisadiyyatında transsərhəd kapital hərəkətinin hansı rola malik olduğunu necə diqqətdən kənarda qoymaq olar? Tədiyə balansının strukturundan o adamların xəbərləri var?

Eyni zamanda, xarici ticarətin istər idxal, istər ixrac seqmentlərində olsun, məntiqi nəticəsi, məntiqi yekunu daxili ticarət olmurmu? Təkrar istehsalın istehlak mərhələsi barədə UNEC rəhbərliyində məlumat yoxdur? Məncə, bilmədiyinin göstəricisini həm də aydın şəkildə onda görə bilərik ki, “İstehlak bazarının idarə edilməsi” fənni ümumiyyətlə müvafiq tədris planına salınmayıb(!). Bəlkə o səbəbdən ki, həmin fənn üzrə dərsliyin müəllifi Professor Elşad Məmmədovdur?

Növbəti misalı da qeyd edim: “Maliyyə” ixtisasında tələbələrə əvvəl vergi uçotu və auditi, sonra isə vergi və vergitutmalar fənninin tədrisi nəzərdə tutulur ki, bu da, düşünürəm ki, tələbələrin öncədəngörmə qabiliyyətinə malik olmalarına dəlalət edir. Çünki verginin nə olduğunu bilmədən vergi uçotunu və auditini bilmək, başqa cür mümkün deyil.

“Biznesin idarə edilməsi” ixtisasında “Biznesin əsasları” fənni tədris planına əsas yox, seçmə fənn kimi daxil edilib. Yəni belə çıxır ki, tələbə biznesin idarə edilməsi üzrə "mütəxəssis" olacaq, amma “Biznesin əsasları” fənnini keçməyə də bilər?! Bununla biznesin idarə edilməsi ixtisasının "UNEC əhvalatları" bitmir!

Eyniadlı kafedra olduğu halda bu ixtisas tamamilə başqa kafedrada, “Biznes və loqistika” kafedrasında tədris edilir. “Beynəlxalq ticarət”in tədrisi isə hansısa, zənnimcə, "akrobatik" sayıla biləcək sıçrayışla "Beynəlxalq iqtisadiyyat" adlanan kafedrada deyil, “Biznes ve logistika” kafedrasında tədris edilir. UNEC-də bir kafedra da var, adı "İqtisadiyyat"dır. Bu adda kafedra olduğu halda başqa iqtisadi kafedraya ehtiyac varmı? UNEC-də eyniadlı fakultə də var. Bəs o biri fakultələrdən iqtisadiyyatla bağlı olanları yoxdur?

Əlbəttə var! Amma düşünürəm ki, UNEC-in hazırkı halında buna təəcüblənməyə dəyməz. UNEC-də bir kafedra da var, adı “İqtisadiyyat və texnoloji elmlər”dir. Yeri gəlmişkən, məncə, belə adı kütləvi oxucular üçün nəzərdə tutulan kitablara və yaxud sənədli filmlərə qoymaq olar, amma kafedraya deyil! Fikrimcə,  kafedranın belə adlandırılması sadəcə diletantlıqdır. Çünki, tutaq ki, bu kafedradan bir alim iqtisadiyyat üzrə dissertasiya yazır. İqtisadiyyat üzrə dissertasiyanın, digər elmi işin müzakirəsində texnoloji elmlərin nümayəndələri necə rəy bildirə bilərlər? Fikrimcə, acınacaqlı olmasa komik adlanmalı olan "müdrik" idarəetmə qərarları bununla qətiyyən bitmir.

UNEC-də rus bölməsində eyni fənnləri, misal üçün, “Mikroiqtisadiyyat”ı götürək və yaxud “Makroiqtusadiyyat”ı, eyni ixtisasları, misal üçün “İqtisadiyyat” ixtisasını, bir adda kafedra tədris edir, konkret olaraq, “Tətbiqi iqtisadiyyat”. Amma azərbaycan bölməsində həmin fənnləri başqa adda kafedra, konkret olaraq “İqtisadiyyat” kafedrası. Belə çıxır ki, rus dilində “Makroiqtisadiyyat və “Mikroiqtusadiyyat” fənnləri iqtisadiyyatda tətbiqi effektə malik olur, azərbaycan dilinə tərcümə olunanda fənn tətbiqi effektini itirir?

Digər misal: Rus dilində “Menecment” ixtisasını tədris edən kafedra “Tətbiqi iqtisadiyyat” adlanır, azərbaycan dilində “Biznes və loqistika”. Rus dilində “Mühasibat uçotu”nun tədrisini yenə də “Tətbiqi İqtisadiyyat” kafedrası aparır, azərbaycan dilində “Maliyyə və mühasibatlıq kafedrası”.

UNEC-də, beləliklə, rus dili, fikrimcə, öz yeni üstünlüyünü əldə edib. Bir sıra ixtisaslar UNEC-də rus dilinə tərcümə ediləndə, qəflətən, tətbiqi effektə malik olur! Məndə və eləcədə, zənnimcə, bir çox oxucularda belə sual yaranmaya bilməz: UNEC rəhbərliyi bilmir ki, rus dili çox zəngindir və rus dilində mühasibat və çoxlu sayda digər sözlərin tərcüməsi var?!

Hələ mən UNEC-də türk və ingilis dilindəki tədrisdən yazmıram. Onu də nəzərə alaq ki, kafedranın işi  yalnız tədris prosesi ilə bağlı deyil. Bəs kafedraların elmi fəaliyyəti? Elə çıxır ki, rus dilində tədris edən müəllim  marketinq üzrə dissertasiya yazarsa, həmin müəllimin dissertasiyasının müzakirəsində mühasibat ixtisasından olan müəllimlər iştirak edəcək və müvafiq qaydada qərarların qəbul edilməsində iştirak edəcək. Bu məntiqlə Tibb universitetində rus bölməsində tədris aparan kardiocərrahiyə üzrə alimin dissertasiyasının müzakirəsində rusdilli stomatoloqlar iştirak etməlidilər və dissertasiya barədə qərarın qəbul edilməsində iştirak etməlidirlər? Bu, zənnimcə, fəlakətdir!

UNEC rəhbərliyi universiteti, ölkənin iqtisad elmini zarafat və lağ mövzularına çevirməməlidir. Bu uçurum deyilmi? UNEC rəhbərliyi bunun adını islahat qoyub? Bu ölkənin ali iqtisadi təhsilinin məhvi deyilmi? Bu cinayət deyilmi? Mən və digər iqtisadçı alimlər bunu dəstəkləməliyik? Bu qədər sadə suallara cavab tapmaq mümkün olmadığı halda hansısa beynəlxalq reytinqlərin arxasınca qaçmaq, hansısa xarici jurnallarda məqalələri reklam etmək, həmin məqalələri müəllimlik üçün vacib şərt etmək, ümumiyyətlə, ali iqtisadi təhsil sistemi üzərində çox təhlükəli eksperimentlər aparılması demək deyilmi?

Həm də xarici jurnallarda məqalələri nəşr edilən bütün  insanları "böyük alim" adlandırıb irəli çəkənlərə məsləhətim odur ki, çox pafoslu bəyanatlar verməsinlər. Həmin məqalə "müəlliflərinin" həmin məqalələrdən nə dərəcədə məlumatlı olduqlarını dəqiqləşdirmək pis olmazdı. Sosial şəbəkələrdə gedən "məqalə ticarəti" barədə yəqin ki, iqtisadi təhsildə rəhbər vəzifələrdə olanlar xəbərsiz deyillər. Bir də unutmayaq ki, iqtisadiyyat ictimai elmdir və iqtisad elmində yazılan məqalələr, konfrans tezisləri ictimai inkişafa, ölkəmizin sosial-iqtisadi rifahına xidmət etməlidir, ölkə Prezidentinin rəhbərliyi ilə həyata keçirilən  iqtisadi siyasətə müvafiq ekspert dəstəyi, elmi-nəzəri, metodoloji baza təqdim etməlidir!

Amma, bunun biz şahidi olmuruq! O məqalələrin, konfrans tezislərinin hansıları ölkə iqtisadiyyatının idarə edilməsində müsbət tətbiqi effekt verib? Xatıraldığım qədər, Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) "gənc professor" layihəsi var idi. Həmin layihədə iştirak edən insanların heç olmasa biri doktorluq dissertasiyasını müdafiə etdimi? Bildiyim qədər yox! Bəs layihəyə sərf edilən resurslara görə məsuliyyət daşıyan oldumu?

Ümumiyyətlə, UNEC-də son "8-9 islahat illləri" ərzində işlənilməsinə başlanan heç olmasa 1 elmlər doktorluğu dissertasiyası yerinə yetirilib, müəllif elmlər doktoru diplomunu alıbmı? Söhbət ölkədə  iqtisadii təhsilin, iqtisad elminin flaqmanı olmalı olan UNEC-dən gedir. Tədbirlər keçirib, şəkillər çəkdirib, sosial şəbəkələrdə yaymaqla, statuslarda optimist fikirlər bildirməklə iqtisad elmini, iqtisadi təhsili inkişaf etdirmək olar? Neft qiymətləri ilə bağlı xatırlayıram ki, UNEC neft proqnozları verilmişdir. Hanı o proqnozlar indi? Düşünürəm ki, onların reallıqdan çox uzaq olması səbəbindən o proqnozlardan "səs çıxmır!”

Daha bir ciddi boşluğu diqqətə çatdırmamaq olmur: Azərbaycanda Mərkəzi Bank və 26 kommersiya bankı fəaliyyət göstərir və ölkəmizin bank sektorunun inkişafı, onun investisiya generasiyası, ölkədə çoxşaxəli pul konturu sisteminin qurulması bu gün, hesab edirəm ki, iqtisadi siyasət nöqteyi-nəzərdən ən həssas və ağrılı istiqamətlərdən biridir. Ölkədə “Bank işi” ixtisası bakalavr səviyyəsində ləğv edilmişdir! Amma eşitdiyimə görə kriptovalyutalarla bağlı ixtisas(!) MBA prorqramında tədris edilir. Zooloqlar, filoloqlar, kriptovalyuta üzrə mütəxəssis olacaq? “Bank işi” ixtisasını bakalavriatda saxlamaqla magistraturada kriptovalyuta üzrə mütəxəssis hazırlamaq olmazdırmı? “Maliyyə” ixtisasının bakalavr səviyyəsində qalmasına gəldikdə, məncə, UNEC rəhbərliyi dövlət maliyyəsi ilə korporativ maliyyə arasında fərqin olmasını belə bilmir.

İxtisasın adını maliyyə qoymaqla, şaxələndirmə aparmamaqla maliyyə sektoru üçün, xüsusi ilə dövlət maliyyə sektoru üçün hansı problemin yaradılmasından iqtisadi təhsilin rəhbərlərinin məlumatları varmı? Dõvlət maliyyəsinin prioritetləri investisiya siyasəti, büdcə, fiskal siyasətdir, korporativ maliyyə bu məsələləri görmür axı.

Düşünürəm ki, UNEC rəhbərliyi sosial işlə sosial siyasəti bir birindən fərqləndirə bilmir! Sosial siyasəti, makro səviyyədə dövlət tərəfindən əhalinin geniş təbəqələrinin sosial rifahının yüksəldilməsinə istiqamətlənən makroprioriteti sosial cəhətdən həssas, fiziki imkanları məhdud insanlara göstərilən xidmətlərdə fokuslaşan sosial xidmətlərlə məhdudlaşdırmağa nə ad vermək olar? Bax belə, dərin, bir tərəfdən gülməli, digər tərəfdən isə kədərlənməli olan problemlər var ki, onların mövcudluğu ali iqtisadi təhsil sistemimizin  milli iqtisadiyyatımızın inkişaf göstəricilərinə açıq-aşkar uyğun olmamasının, fikrimcə, bilavasitə göstəricisidir!

Eyni zamanda, əgər ölkə başçısı ölkədə sənayeni, kənd təsərrüfatını prioritet inkişaf istiqamətləri görərək, ölkədə sənaye ili, kənd təsərrüfatı ili elan edirsə, UNEC-də həmin kafedralar ləğv edilir. Kafedralarla bağlı məsələ UNEC-də xüsusən ağrılı mövzudur. İqtisadiyyat günü gündən mürəkkəbləşir, UNEC-də kafedralar birləşir... Misal üçün, xarici ticarət üzrə elmi iş yazılarsa, seminar keçirilərsə, mühasibat üzrə alim müzakirəyə təqdim olan işin, məsələnin xarici ticarətə uyğun olub olmamasını müəyyən etmək kompetensiyasına necə malik ola bilər?

Bəs görək UNEC-də kafedraların formalaşması, professorların, dosentlərin işdə qalıb qalmaması harada, kimin tərəfindən və necə müəyyən edilir? Bu tip əksər qərarlar UNEC-in elmi şurasında müzakirəyə çıxarılır. O elmi şurada ki, onun 41 üzvündən cəmi 3-ü elmlər doktorudur! O şurada ki, universitetdə mövcudluğu belə fikrimcə, məntiqsiz olan bölmələrin rəhbərləri təmsil olunur, amma əksər professorlara yer tapılmadı...Həmin elmi şurada ki, kafedraların formalaşdırılması, professorların, dosentlərin UNEC-də işləyib, işləməməsi məsələlərinə baxılır, UNEC-in elmi istiqamətdə, tədrisin inkişafı istiqamətində fəaliyyəti müzakirə edilir!

Hesab edirəm ki, sadalanan problemlər ölkədə ali iqtisadi təhsillə, iqtisad elmi ilə bağlı olan problemlərin yalnız bir hissəsidir.

Eyni zamanda, qeyd etmək istəyirəm ki, son günlər bu problemlərlə bağlı bildirdiyim fikirlər cəmiyyətdə müsbət qarşılanıb. Mənə edilən çoxsaylı təşəkkürlər bunun konkret göstəricisidir. Öz tərəfimdən bu missiyanı yerinə yetirməyimə davam edəcəyimi bildirirəm. Zənnimcə, həm ictimai müstəvidə, həm də dövlət qurumları səviyyəsində belə məsələlər qaldırılmalıdır, müvafiq müzakirələr təşkil edilməli, qərarlar qəbul edilməlidir. Mən bir mütəxəssis kimi bu problemlərin ciddiliyini nəzərə alaraq onların müxtəlif müstəvilərdə müzakirələrinin təşkilində bilavasitə iştirak erməyə hazıram. Çünki ali iqtisadi təhsil sistemindəki  problemlər olduqca dərinləşib və düşünürəm ki, həmin məsələlərlə bağlı məsuliyyət daşımalı olan insanlar  mütləq məsuliyyətlərini daşımalıdılar və daşıyacaqlar! Amma, bir reallıqda, hesab edirəm, mövcuddur ki, ölkənin ali iqtisadi təhsil sisteminin, iqtisad elminin hazırkı vəziyyətdən çıxarılması mürəkkəb, çətin və uzunmüddətli proses olacaq... 

    FAKTİNFO.AZ

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi

 Digər xəbərlərBütün xəbərlər

Bütün xəbərlər