Zərdüşt Əlizadə: “Rusiya-Ukrayna müharibəsinin miqyası böyüyəcək! Hər şey Çindən asılıdır”

Zərdüşt Əlizadə: “Rusiya-Ukrayna müharibəsinin miqyası böyüyəcək! Hər şey Çindən asılıdır” 

“Təbii ki, Rusiya-Ukrayna müharibəsinin miqyası böyüyəcək. Ağır və böyük insan itkiləri olacaq”.

Bunu Demokrat.az-a açıqlamasında politoloq Zərdüşt Əlizadə deyib. O bildirdi ki, Putin çox böyük, ciddi xəta törətdi:  


“Bu xətanın acısını rus xalqı və Rusiya dövləti çəkəcək. Təbii ki, Təhlükəsizlik Şurası Rusiyaya qarşı qətnamə çıxardacaq və bütün Qərb dövlətləri, sənaye baxımdan inkişaf etmiş dövlətlər Rusiyaya qarşı cəza tədbirləri qoyacaq. Rusiyanın iqtisadiyyatı, ticarəti çökəcək”.


Politoloq hər şeyin Ukrayna ordusundan asılı olduğunu diqqətə çatdırıb: “Əgər Ukrayna ordusu qətiyyətlə döyüşərsə və düşmənə ağır itkilər verərsə, bu, o, deməkdir ki, kiməsə kömək etməyə dəyər. Təbii ki, Qərbin köməyi ilə ən müasir silahlar Ukraynaya gələcək və son nəticədə Rusiya itirəcək. Putinin əsas məqsədi Ukraynanı zəbt etməkdir, lakin o, bunu edə bilməyəcək. O, Ukrayna hakimiyyətinə hansısa bir ruspərəst müqəvva əyləşdirə bilməyəcək. Hesab edirəm ki, Ukrayna xalqı müqavimət göstərəcək və öz vətənini müdafiə edəcək. Əgər əksi olarsa, o zaman müqavimət göstərməyən xalqın sonu bəllidir, onlar kölə olacaqlar. Bir faktı da qeyd edim ki, Ukrayna ordusunun müqavimət göstərməməsi ilə bağlı Rusiya mətbuatında yayılan xəbərlər yalandır. Bu, informasiya savaşıdır. Bunlar yalandır və onlara inanmaq da lazım deyil. Mən gözləyirəm ki, günün axırına yaxın artıq Rusiya və Ukrayna ordusunun döyüşləri haqqında məlumatlar  gələcək. Ümid edirəm ki, xəyanətkar itkilərə məruz qalacaq”. 


Politoloq bildirib ki, Putin özünü bütün dünyaya qarşı qoyub: 


“Azərbaycan Ukraynanın ərazi bütövlüyünü tanıyır və biz təbii ki, müharibəyə qarşıyıq. Biz bilirik ki, Rusiya Ukraynanın təhlükəsizliyinə xətər törədir. Biz Ukraynanaya əlimizdən gələn köməkliyi edəcəyik, amma təbii ki, biz Rusiyanın da düşməni deyilik. Ərdoğan bugün çox düzgün bir fikir bildirdi: “Biz Rusiyadan da vaz keçməliyik, Ukraynadan da. Onlar hansısa ortaq məxrəc tapmalıdırlar”. O, bu müharibəni qətiyyətlə pislədi. Təbii ki, bunu bütün dünya da pisləyir. Təbii ki, burada çox şey Çinin mövqeyindən asılıdır ki, o, necə səs verəcək. Düşünürəm ki, Çin də özünü Rusiya ilə yanaşı qoymaq istəməz və beynəlxalq hüququ müdafiə edəcək. Putin özünü  bütün dünyaya qarşı qoyub. Yadıma gəlir ki, Putinin belə bir sözü var idi: “Rusiya olmasa, dünya nəyə lazımdır?” Bu, Rusiya deyəndə özünün Rusiyanın başında görür, yəni mənim başımda olduğum Rusiya olmayanda dünya olmasın. Onun mövqeyi budur. Bu adam tamamilə xəstə təxəyyüldür, xəstə düşüncəlidir. Əminəm ki, Rusiyanı ağır bəlalar gözləyir. İndi sorğulara görə, 55 faiz Putinin qərarını dəstəkləyir, 25 faiz əleyhinədir, qalanı isə mövqeyini bildirmir. Bu, onu göstərir ki, rus xalqı da xəstədir. Bu, faktiki olaraq beynəlxalq qanunlara qarşıdır, ağır bir cinayətdir. Xatırladım ki, vaxtilə Qərb dövləti də İraqa hücum edəndə belə bir cinayət törətmişdilər. Ümid yenə də Ukrayna əsgərinədir!”.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi