Xoşbəxt ölkənin nağılı

Hər axşam bir nağıl danışıram qızıma

Bildiyim nağıllar çoxdan tükənib.

Uzun zamandı özümdən uydururam: Yer üzündə çox xoşbəxt bir ölkə olur.

Bir nəfər düşür həmin ölkəyə. Hamının gülümsədiyini, rahatlığını, bir-biri ilə mehribanlığını görüb, heyrətə gəlir. Heç kimin problemi yoxdu. Bu ölkənin adamları uça da bilirlər. İstədikləri vaxt qollarını yelləyib göyə qalxırlar. Soruşur: Belə xoşbəxt ölkəni necə qurmusuz, sirr nədədi?

Adamlar deyirlər: Sirr -filan yoxdu. Bircə səbəb var. Biz var- gücümüzlə ölkəmizin xoşbəxt olmasını istəmişik. Bizim babalarımız, onların babaları, babaların babaları həmişə çalışıblar ki, bu ölkədə yaşayanlar xoşbəxt olsunlar. Biz bir-birimizlə dalaşmırıq. Bir-birimizi aldatmırıq, ən əsası, bir-birimizə kömək edirik. Öz gücümüzə o qədər inanırıq ki, uça bilirik. O ölkə bədbəxtdi ki, ordakı insanlar inamsızdılar və bir-birini incidirlər.

Qızım yuxuya getdi və mən danışdıqlarım haqda düşündüm...Ölkəm, xoşbəxt ola bilməməyimiz, bir-birimizin həyatını cəhənnəmə döndərməyimiz, bir-birimizə əl ölçməyimiz, dedi-qodu, əlimizdən gələn köməyi belə etməməyimiz...

“Biz hələ də məişət intriqalarında batıb qalmışıq. Qaynana, baldız, quda çatışmalarından ayılıb “xoşbəxt ölkə” idealına köklənə bilmirik. Biz heç xoşbəxt ailə qura bilmirik, nə ölkəsi?..”

Əslində, böyük mənada heç kim bizi pis vərdişlərə, cəhətlərə zorla sürükləməyib. Öz seçimimizdi. Yaltaqlıq da, yavşaqlıq da, davakarlıq da, sevgisizlik də özümüzlə bağlıdı. Biz nə ediriksə, bilərəkdən edirik. Biz aldatmağın pis olduğunu bilə-bilə aldadırıq. Yaltaqlığın pis olduğunu bilə-bilə yaltaqlanırıq. Özümüz dəyişməyincə, ölkəmiz də dəyişməyəcək. Bu ölkənin memarı bizik. Özümüzdən artığını yarada bilmərik. Biz hələ də məişət intriqalarında batıb qalmışıq. Qaynana, baldız, quda çatışmalarından ayılıb “xoşbəxt ölkə” idealına köklənə bilmirik. Biz heç xoşbəxt ailə qura bilmirik, nə ölkəsi?..

İki gənc evlənirsə, toyacan artıq ailələrin intriqası başlayır.

Nə söhbətlər edirlər! Şadlıq evində yer davası, fikir ayrılıqları, nişan, cehiz söz-söhbətləri; insan həyatında heç bir rolu olmayan lazımsız xırdalıqlarla özlərini necə yorur insanlar. Qudalar bəri başdan bir-birinə xarakter göstərir. Elə bil övlad evləndirmirlər, güləşə hazırlaşırlar. Ya da duelə çıxacaqlar. Kim kimi yıxar, kim ilk atəşlə o birini öldürər yarışmasındadılar sanki. Toy qabağı həm oğlan, həm qız əsəbi olur. Ailə təsirinə düşürlər. Artıq hər kəs o birinin ailəsinə qarşı gizli qalxanla girir nikaha. Təcrübəsizdilərsə, bədbəxt olurlar. Qaynana bütün uğursuzluğunun heyfini gəlindən çıxır, qaynata qudayla gizli rəqabətə girir, qızın anası hər işə qarışır, atası arvadın fitnəsinə uyur.

“Evimizin yanında bir kişi hər axşam əlində gül yol kənarında dayanır. Heç kim maşınını saxlayıb ondan gül almır. Çox nadir. Bilmirəm o güllərin taleyi necə olur. Üzülmüşəm - o saatda işdən evə gedən kişilər qadınına, anasına, qızına, sevgilisinə, rəfiqəsinə gül alıb aparmır...”

Bütün bunlarla uğraşan bir ölkə təsəvvür edin. Bu ölkədə xoşbəxt olmaq mümkünmü? Biz bu xırda intriqaları özümüzlə işə, qonşuya, yola, bazara, mədəniyyətə, elmə, siyasətə daşıyırıq. İçimizdəki nifrin üzümüzə vurur. Ətrafa yayılır. Hər kəs öz qaranlığına yoluxdurur yanındakıları. Beləcə bir-birimizi ümidsiz, depressiv edirik. Biz yalnız umuruq. Özümüzdən nəsə pay vermək istəmirik. Adicə təbəssümü belə çox görürük insanlara.

Sonuncu dəfə kimə gülümsəmisiz? Sonuncu dəfə kimə kömək etmisiz?

Kimdən üzr istəmisiz? Kimə yol vermisiz? Kimi qeybət etdiyi vaxt dayandırmısız?

Sonuncu dəfə kimə haqqı olan xoş sözü demisiz? Evimizin yanında bir kişi hər axşam əlində gül yol kənarında dayanır. Heç kim maşınını saxlayıb ondan gül almır. Çox nadir. Bilmirəm o güllərin taleyi necə olur.

Bəzən yarım saat izləmişəm. Üzülmüşəm - bu gün evinə pul apara bilməyəcək; bəlkə uşaqları acdı...

Üzülmüşəm - o saatda işdən evə gedən kişilər qadınına, anasına, qızına, sevgilisinə, rəfiqəsinə gül alıb aparmır...

“Yaşaya bilmirik, əzab çəkirik vətəndə. Özümüzü elə bataqlığa salmışıq ki, çıxa da bilmirik. O zaman nə edirik? Qoyub qaçırıq. Bütün Azərbaycan Azərbaycanı qoyub qaçmağa hazırdı. Bilmirəm, bəlkə bir gün mən də qaçacam”

Kobuduq. Ruhumuz kobuddu. Bu kobudluqla bir-birimizin həyatını zəhərləyirik. Rüşvətxorluğu da, qanunsuzluğu da, ədalətsizliyi də edən bir azərbaycanlıdı. Hər kəs günahı özündə axtarsın. Yaşaya bilmirik, əzab çəkirik vətəndə. Özümüzü elə bataqlığa salmışıq ki, çıxa da bilmirik. O zaman nə edirik? Qoyub qaçırıq. Bütün Azərbaycan Azərbaycanı qoyub qaçmağa hazırdı. Bilmirəm, bəlkə bir gün mən də qaçacam. Bəlkə dözə bilməyib gedəcəm uzaqlara... Çünki təkəm. Sən də təksən. Biz xoşbəxt ölkəni yalnız bir yerdə qura bilərik.

O nağılda necə idi? Xoşbəxtliyin sirri-filanı yoxdu. Bircə səbəb var. Var-gücümüzlə xoşbəxt ölkə qurmaq istəmişik. Vəssalam.