AMEA-nın müxbir üzvü, professor Şahbaz Muradov Ədalət Muradovun ətrafından danışdı-

AMEA-nın müxbir üzvü, professor Şahbaz Muradov Ədalət Muradovun ətrafından danışdı- "Nə qədər ki,İqtisad Universitetinin ətrafında fırlanacaqlar ,biroqədər narazılıqlar artacaq..."

AMEA-nın müxbir üzvü, professor Şahbaz Muradov: “Nə qədər ki, İqtisad Universitetinin ətrafında fırlanacaqlar, həmin kollektiv arasında gərginlik və narazılıqlar yaranıb artacaq və sonda pis nəticələrə gətirib çıxaracaqdır...”

AMEA-nın müxbir üzvü, Əməkdar elm xadimi, iqtisad elmləri doktoru, professor Şahbaz Muradov  üzünü təhsil eksperti Etibar Əliyevə  tutaraq elmimizin kələfini dolaşdıran, bu müqəddəs sahəyə şəxsi qazanc gözü və niyyəti ilə baxan saxtakarları sərt tənqid edib. Faktinfo.az Professorun Təzadlar.az-a göndərdiyi “Açıq Məktub”unu təqdim edir:

Etibar Əliyev, sən çox doğru sual verirsən ki, “Görəsən Şahbaz Muradov yaşda olan insanlar 2002-ci ilin iyun ayının 13-də İqtisad Universitetinin Konfrans zalında Heydər Əliyevin məruzəsini dinlədikdə hansı hissləri keçirmişlər? Onu tək Allah bilər...”. Ancaq, Etibar Əliyev, mən bilmək istəyirəm ki, sən mənim 2002-ci ildəki yaşımı, yoxsa indiki yaşımı nəzərdə tutursan?! 2002-ci ildə mənim 62 yaşım var idi, indi 79-dur. Mən “Demoqrafiya” elmi ilə məşğulam. Bu sahənin mütəxəssisiyəm və bu yaşımla fəxr edirəm! Mən Laçında doğulmuşam. Atam 117 il, anam isə 109 il ömür sürmüşlər. Böyük şairimiz Osman Sarıvəlinin dediyi kimi: hər kəs 100 il yaşamasa, günah onun özündədir! Ancaq cənab Etibar Əliyev, nəzərə al ki, bu cür haqsızlıqla, böhtançılıqla məşğul olub intriqalara qoşulsan, nə sənə və nə də səni bu intriqalara qoşanlara, yemləyənlərə... bu yaş həddinə gəlib çatmaq qismət olmayacaqdır. Bu sözlərimi də sırğa düzəldib hər iki qulaqlarından as! Bu mənim sənə bir Ağsaqqal məsləhətimdir! O ki, qaldı sənin qeyd etdiyin 2002-ci ilin iyun ayının 13-də Azərbaycan Dövlət İqtisad Universitetində keçirilmiş təntənəli mərasimə, mən həmin mərasimə AMEA İqtisadiyyat İnstitutunun direktoru olaraq bir qonaq kimi dəvət olunmuşdum. Və keçən əsrin 70-ci və 80-ci illərinin əvvəllərində (elə indinin özündə də) görkəmli dövlət xadimi Heydər Əliyevin hesabına yüksək vəzifələrə, elmi rütbələrə yiyələnmiş, ev-eşik və var-dövlət sahibi olmuş, lakin həmin əsrin ikinci yarısında onun əleyhinə Moskvaya saysız hesabsız anonim məktublar yazıb göndərmiş, 1991-ci ilin əvvəlində Milli Məclisin iclasında onun üzünə ağ olmuş, Milli Məclisin tribunasında çıxış edərkən ayaqlarını yerə döyüb onun çıxışının dayandırılmasını, ən azından onun çıxışına vaxt müddəti qoyulmasını tələb edərək hay-küy salmış və indi “yüksək” vəzifələrdə “çalışan” - mürgü vuran bəzi-bəzi akademiklər, professorlar, filankəslərlə yanaşı əyləşərək ilk sıralardan birində onları məzəmmət edən dahi şəxsiyyət Heydər Əliyevin səmimi və təmkinli çıxışına heyranlıqla qulaq asır və böyük qürur hissi keçirirdim.


Əvvəla, ona görə ki, H.Əliyev öz qabiliyyəti və bacarığı, dönməz mübarizliyi və sağlamlığı bahasına bütün çətinliklərə sinə gərərək Azərbaycan xalqının, müsəlman aləminin tarixində ilk azərbaycanlı olaraq keçmiş SSRİ kimi nəhəng bir dövlətin rəhbərləri sırasında idi. O, Sov.İKP MK-nın Siyasi Bürosunun üzvü, SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsinə yüksəlmişdi. H.Əliyev Azərbaycanı və onun xalqını bütün dünyada tanıtmış, özünün də fəxrlə dediyi kimi, Moskvanın Kreml sarayında Azərbaycan xalqını yüksəklərə qaldırmış bu böyük şəxsiyyət - Heydər Əliyev əli Azərbaycan xalqının qanına bulaşmış mənfur M.S.Qarbaçov və onun erməni lobbisindən olan əlaltıları, habelə doğma vətəni Azərbaycanda yaşayan sapı özümüzdən olan bəzi milli satqınların və alçaq ünsürlərin də “köməklikləri” ilə 1987-ci ilin oktyabr ayında tutduğu yüksək vəzifələrdən istefaya göndərilmişdi. İkincisi, o, bundan sonra 1988-ci ilin payızında isə dövlət müşaviri vəzifəsindən uzaqlaşdırıldıqdan sonra yenidən əvvəlki qaməti və qüruru ilə səbr və təmkinlə qarşımızda çıxış edir, ona xəyanət etmiş insanlara dərs verirdi.


Bu dahi şəxsiyyət tənqidi fikirlərini də o qədər səmimi və dahi şəxsiyyətə layiq formada çatdırırdı ki, salonda əyləşənlərin heç biri, sanki ondan incimir, ancaq xəcalət hissi keçirərək nəticə çıxarmaq haqqında düşünürdülər.


Üçüncüsü, mən fəxr edirəm ki, bu dahi şəxsiyyətlə dəfələrlə ünsiyyətdə olmuş və mənim həyatımda onun çox böyük rolu olmuşdur. Bu barədə mən Ulu öndərimizin birinci dəfə Azərbaycan Respublikasının rəhbəri vəzifəsinə gəlişinin “14” iyul 2019-cu il tarixdə 50 illiyinin tamam olması ərəfəsində çapdan çıxmış “Ulu öndər Heydər Əliyevin inkişaf strategiyasının təntənəsi: tənəzzüldən tərəqqiyə yüksələn 50 illik çətin yolun sosial-iqtisadi nəticələri (1969-2019-cu illər)”. (Bakı, “Avrora” nəşriyyat, 2019, 595 səh.) adlı onun əziz xatirəsinə həsr etdiyim kitabımın əvvəlində “Müəllifdən” adlı hissəsində (səh. 5-21) ətraflı bəhs etmişdim.

Qısa olaraq Ulu öndərimiz Heydər Əliyev cənablarının “24” avqust 1995-ci il tarixdə prezident sarayında Azərbaycan Respublikası Ali Sovetinə seçkilər üzrə üzvü olduğum Mərkəzi Seçki Komissiyasının üzvləri ilə (akademik Ramiz Mehdiyevin də iştirak etdiyi) görüşündə çıxış edərkən onun mənim haqqımda dediyi və mənim üçün çox qiymətli olan aşağıdakı sözlərini xatırlatmaq istərdim. Ulu öndərimiz həmin çıxışında demişdir: “...1988-ci ildə Əbdürrəhman Vəzirov Azərbaycana rəhbərliyə göndərildikdən sonra gəlib burada mənim fəaliyyətimə qara yaxmağa başladığı vaxt Moskvada nəşr olunan “Voprosı gkonomiki” adlı çox nüfuzlu jurnalın 6-cı nömrəsində Şahbaz Muradovun məqaləsi çap edilmişdi və həmin məqalədə mənim respublikadakı fəaliyyətim haqqında çox müsbət fikirlər yazmışdı. Görünür ki, ədalətli adamlar da var imiş”.


Ulu öndərimizin dilindən ədalətli olmağım barədə eşitdiyim bu xoş sözlərdən qürur hissi keçirir və daim bu adı qoruyub saxlamağa çalışıram. Ulu öndərimizin hesabına həyatda hər şeyə nail olmuş, lakin sonradan yollarını azaraq ona xəyanət etmiş bəzi nankor insanlardan fərqli olaraq mən həmişə ona sadiq qalmış və əldə etdiyim bütün uğurlarıma görə ona minnətdaram. Keçən əsrin 70-ci illərindən başlayaraq Azərbaycanda və bir çox xarici ölkələrdə çap etdirdiyim 500-dən artıq monoqrafiya, kitab və elmi məqalələrimdə onun şəxsiyyəti, apardığı yeganə doğru siyasət və quruculuq işləri ilə bağlı xidmətləri yetərincə öz əksini tapmış və geniş oxucu kütləsi arasında yayılmışdır. Elmi yaradıcılığımın zirvəsində dayanan “İnsan potensialı: əsas meyllər, reallıqlar, problemlər” (Bakı, “Elm” nəşriyyatı. 2004, 656 səh.) adlı monoqrafiyamı da Ulu öndərimiz Heydər Əliyevin əziz xatirəsinə həsr etmişəm. Bu kitabın təqdimat mərasimi “10” dekabr 2004-cü il tarixdə Ulu öndərimizin anım günündə - AMEA-nın akt zalında AMEA-nın sabiq prezidenti mərhum akademik Mahmud Kərimovun sədrliyi, kitabın elmi redaktoru olmuş akademik Asəf Nadirovun aparıcılığı, görkəmli elm və mədəniyyət xadimləri, təhsil işçiləri, Milli Məclisin üzvləri, bir sıra Nazirliklərinin rəhbər vəzifəli şəxsləri və mütəxəssisləri, mətbuat işçiləri və geniş ictimaiyyət nümayəndəliklərinin iştirakı ilə keçirilmişdir. Tədbirdə çıxış etmiş ak. Asəf Nadirov, Milli Məclisin Elm və Təhsil Müəssisələri Daimi Komissiyasının sədri prof. Şahlar Əsgərov, Milli Məclisin deputatı, prof. Səlahəddin Xəlilov, AMEA-nın Fəlsəfə və Siyasi-Hüquqi Tədqiqatlar İnstitutunun direktoru, prof. Yusif Rüstəmov, AMEA-nın Kibernetika İnstitutunun direktoru, ak. Telman Əliyev, AMEA-nın müxbir üzvü Ağasəlim Ələsgərov və başqaları əsərə yüksək qiymət vermiş və növbəti ildə onun Respublika Dövlət Mükafatına təqdim edilməsini təklif etmişlər.


Tədbirə dəvət olunmuş, lakin iştirak etmək imkanları olmamış görkəmli dövlət və ictimai xadim, tanınmış hüquqşünas alim, Milli Məclisin sabiq sədri, mərhum professor Murtuz Ələsgərov, görkəmli elm xadimləri akademik Cəmil Quliyev və akademik Bəkir Nəbiyev cənabları isə birbaşa tədbirə - müəllifin mobil telefonuna zəng edərək onu təbrik etmiş, əsəri oxuyub məmnun olduqlarını və obyektiv səbəblərdən mərasimdə iştirak etmədiklərindən təəssüf hissi keçirdiklərini bildirmişlər.


Tədbir AzərTac tərəfindən respublika televiziyasında və mətbuatda (“Respublika”; “Xalq” və “Exo” qəzetlərində) geniş işıqlandırılmışdır. 1000 nüsxə tirajla çap edilmiş bu monoqrafiya ölkəmizin əsas elmi və kütləvi kitabxanalarına, müvafiq elmi-tədqiqat İnstitutlarına və ali təhsil müəssisələrinə, ayrı-ayrı Nazirliklərə və onların rəhbərlərinə, Millət vəkillərinə, tanınmış iqtisadçı alim və mütəxəssislərə, 100 nüsxəsi isə Naxçıvanda, Dövlət Universitetlərinin professor, müəllim və tələbə kollektivinə göndərilmişdir. Monoqrafiya haqqında ölkə mətbuatında xeyli sayda məqalələr çap edilmiş; müvafiq Nazirliklərdən müəllifin adına məktub və rəylər daxil olmuşdur. Bunların arasında Akademik Asəf Nadirovun 25.03.2005-ci il tarixdə “Respublika” qəzetində çap edilmiş “Monimental monoqrafiya”; Akademik Asəf Nadirov, AMEA-nın müxbir üzvü Ağasəlim Ələsgərov və i.e.n., dosent Xosrov Kərimovun 08.01.2005-ci il tarixdə “Xalq” qəzetində çap etdirdikləri “İnsan potensialının öyrənilməsinə həsr edilmiş fundamental tədqiqat əsəri” adlı məqalələri; “01” yanvar 2005-ci il tarixdə sabiq İqtisadi İnkişaf Naziri Fərhad Əliyevin imzası ilə müəllifin ünvanına göndərilmiş rəsmi məktub xüsusi maraq doğurur. Ona görə də həmin rəylərdə və təqdim edilmiş qeyd edilən məktubdakı fikirlərdən bəzi fraqmentləri oxucuların diqqətinə çatdırmağı özümə borc bilirəm. Akademik Asəf Nadirov, müxbir üzvü Ağasəlim Ələsgərov və dosent Xosrov Kərimovun “Xalq” qəzetində dərc olunmuş yuxarıda adı çəkilən məqaləsində deyilir ki, “Şahbaz Muradov tərəfindən yazılmış bu nadir əsərdə son 106 il (1897-2003-cü illər) ərzində zəngin tarixi faktlar və rəsmi statistik məlumatlar əsasında Azərbaycan əhalisinin dinamikası və quruluşunda, o cümlədən etno-demoqrafik tərkibində və miqrasiyası prosesində baş vermiş dəyişikliklər və onlara təsir edən amillər sistemli və kompleks şəkildə tədqiq edilib öyrənilmiş və gələcəkdə respublikada əhali sakinliyi, demoqrafik siyasət və məşğulluğun tənzimlənməsi ilə bağlı elmi cəhətdən əsaslandırılmış təklif və tövsiyələr irəli sürülmüşdür. Ş.Muradovun bu kitabını ümumi şəkildə XXI əsrin başlanğıcında Azərbaycan iqtisad elminin inkişaf səviyyəsini və yeni iqtisadi təfəkkürə keçidi xarakterizə edən monumental tədqiqat əsəri kimi qiymətləndirmək olar. Fikrimizcə, kitabın digər çoxlu məziyyətlərini kənara qoysaq belə, onun birinci fəslində verilən materialları əsas götürüb bu kitabı tezliklə xarici dillərə (əsasən ingilis və fransız dillərinə) tərcümə edib yaymağın çox vacib olduğunu söyləmək olar. Bu, həqiqətlərin dünya ictimaiyyətinə, beynəlxalq təşkilatlara çatdırılması, daha doğru, düzgün qərarlar qəbul edilməsinə imkan verər”.


Azərbaycan Respublikasının sabiq İqtisadi İnkişaf Naziri Fərhad Əliyevin imzası ilə müəllifin ünvanına daxil olmuş qeyd edilən rəsmi məktubunda isə deyilir ki: “Uzunmüddətli elmi axtarışlarınız və gərgin əməyiniz sayəsində ərsəyə gətirdiyiniz “İnsan potensialı: əsas meyllər, reallıqlar, problemlər” adlı yeni monoqrafiyanızın nəşr olunması münasibətilə Sizi təbrik edir və belə bir fundamental elmi əsəri mənə təqdim etdiyinizə görə Sizə təşəkkürümü bildirirəm. Hazırda ölkəmizdə həyata keçirilən sosial-iqtisadi inkişaf siyasətinin strateji hədəflərindən olan insan potensialının inkişaf problemlərinə həsr olunmuş bu monoqrafiyanız ilə tanışlıq məndə məmnunluq hissi yaratdı. Monoqrafiyada tədqiq olunan məsələlərin ölkəmizdə əsası Ümummilli Liderimiz Heydər Əliyev tərəfindən qoyulan və hazırda onun layiqli davamçısı möhtərəm prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirilən müstəqil-demokratik dövlət quruculuğu prosesi ilə birbaşa bağlılığı olan mühüm əməli əhəmiyyətə malik olduğunu və bu sahədə əldə olunmuş nailiyyətlərin möhkəmləndirilməsi və artırılmasına xidmət etdiyini göstərir. Tədqiqatda problemə sistemli və kompleks yanaşma, müasir dövrün xüsusiyyətlərinin məntiqi ümumiləşdirilməsi, əməli cəhətdən özünü doğrultmuş elmi metodologiya və zəngin məlumat bazası əsasında aparılması onun nəticələrinin kifayət qədər mötəbər olmasına təminat verməklə yanaşı, müəllifin də peşəkar və yüksək intellektə malik iqtisadçı-alim olmasına dəlalət edir.


Məhz bu keyfiyyətlərinə görə tədqiqatın nəticələri insan potensialının inkişafı sahəsində ölkəmizdəki vəziyyətin adekvat qiymətləndirilməsi və perspektiv dövr üçün bu sahədə aparılan siyasətin üstün istiqamətlərinin düzgün müəyyənləşdirilməsi baxımından olduqca əhəmiyyətlidir... Bütün bunlar tədqiqatın nəticələrinin, irəli sürülən təklif və tövsiyələrin ölkəmizdə müvafiq istiqamətlər üzrə hazırlanan və həyata keçirilən siyasət tədbirlərinin elmi əsaslandırılmasında geniş istifadə olunacağından xəbər verir”.

“Etibar Əliyev, sənin elmdən danışmağa mənəvi haqqın yoxdur”

Ancaq çox təəssüflər olsun ki, maliyyə çətinliyi üzündən 656 səhifədən (41,25 çap vərəqi) ibarət olan bu əsəri xarici dillərə tərcümə etdirə bilmədik. Ancaq əvəzində bir qədər kiçik həcmdə olan “Azərbaycan Respublikası əhalisinin dinamikası və quruluşu: əsas demoqrafik və etnodemoqrafik dəyişikliklər” (1897-2007-ci illər). (Bakı, “Elm”, 2008, 245 səh.), (Azərbaycan, rus və ingilis dillərində) adlı monoqrafiya yazıb 2008-ci ildə “Elm” nəşriyyatında çap etdirdik və onu geniş oxucu kütləsi ilə yanaşı, Respublikamızda fəaliyyət göstərən xarici ölkələrin bütün səfirliklərinə göndərdik. Bu kitabda öz əksini tapmış tarixi faktların böyük əksəriyyəti redaksiya Şurasının üzvü olduğum “Azərbaycanın Milli Ensiklopediyası”nın 2007-ci ildə çap edilmiş xüsusi cildində tərəfimizdən yazılmış “Əhali” fəslində də öz əksini tapmışdır. (Bax: “Azərbaycan Milli Ensiklopediyası”. Bakı, 2007-ci il. səh. 86-99).


Cənab təhsil eksperti Etibar Əliyev! Bunlar mənim elmi yaradıcılığımın bəzi kiçik epizodlarıdır! Bilmək olarmı ki, fəlsəfə elminin inkişafında sənin hansı xidmətlərin var? Bəlkə təhsilimizin inkişafında kəşfləriniz var, bizim xəbərimiz yoxdur?! Çətin ki olsun. Axı başınız tanınmış alimlərə, dəyərli şəxsiyyətlərə böhtan atmaqdan ayazımır, vaxtınız yoxdur! Əgər hansısa bu xidmətləriniz varsa, heç olmasa bir neçəsini deyin - artıq dərəcədə xahiş edirəm! Yoxsa deyəcəksən ki, “maliyyələşdirib” namuslu adamların ünvanlarına böhtanlar, iftiralar yazmağı sifariş edən “rektorların” tapşırıqlarını yerinə yetirməkdən başınız açılmır, vaxtın yoxdur?! Hər halda məhkəmə çəkişmələri istəmirsənsə, dediyimə əməl etməyi unutma! Əməllərinə görə cəmiyyətimizdən üzr dilə!


Dördüncüsü: Sən sual verirsən ki, Şahbaz Muradovun İqtisad Universitetinin (əvvəla İqtisad Universitetinin yox, Xalq Təsərrüfatı İnstitutunun demək lazımdır - Ş.M) 1987-ci ildə müstəqil fəaliyyətini dayandıraraq Leninqrad Maliyyə-İqtisad İnstitutunun Bakı filialına çevrilməsində mövqeyi necə olub? Ümumiyyətlə, mövqeyi olubmu?


Sualına cavab verməzdən öncə icazə ver mən də səndən soruşum ki, cənab Etibar Əliyev, sən bilirsənmi 1987-ci ildə Şahbaz Muradov kim idi, harada və hansı vəzifədə çalışırdı? Bəlkə, sən hesab edirsən ki, 1987-ci ildə mən Azərbaycan KP MK-nın birinci katibi; Respublikanın Baş Naziri, yuxarıdakı sənin yazdığın kimi, İqtisad Universiteti yox, D.Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun rektoru vəzifəsində işləmişəm?! Xeyir, səhv edirsən! 1987-ci ildə mən Azərbaycan Elmlər Akademiyasının İqtisadiyyat İnstitutunda çox balaca bir vəzifədə-şöbə müdiri vəzifəsində işləyirdim və həmin ali məktəblə heç bir əlaqəm olmamışdır. Mənim üçün çox doğma və müqəddəs olan həmin İnstitutun (mən 1956-1958-ci illərdə həmin İnstitutda təhsil almış və 1959-cu ildə həmin İnstitut bağlandıqdan sonra Azərbaycan Dövlət Universitetinin İqtisadiyyat fakültəsində təhsilimi davam etdirmişəm. Bu barədə bir qədər sonra). Sov. İKP MK və SSRİ Nazirlər sovetinin “D.Bünyadzadə adına Az. XTİ-də ciddi nöqsanlar haqqında” “1987-ci il 24 sentyabr tarixli qərarına əsasən SSRİ Ali Təhsil Nazirliyinin 1987-ci il 30 oktyabr tarixli 767 saylı əmri ilə ləğv edilib. N.A.Vozlisenski adına Maliyyə-İqtisad Universitetinin Bakı Filialına çevrilməsi xəbərini mən yalnız mətbuatdan öyrənmiş və bir azərbaycanlı ziyalısı, ən əsası isə bir iqtisadçı alim kimi buna çox acımış və təəssüf hissi keçirmişəm. Ancaq mənim əlimdən nə gəlirdi? Kim mənim və mənim kimi yüzlərlə alimin mövqeyini soruşurdu? O vaxtlar mən və mənim kimi yüzlərlə ziyalının mövqeyi nəyi dəyişə bilərdi? Əgər həmin İnstitutun ləğv edilməsi məsələsi o dövrdə Sov. İKP MK Siyasi Bürosunun üzvü SSRİ Nazirlər Soveti Sədrinin birinci müavini olaraq SSRİ-nin bütün ali, orta və peşə təhsil sisteminə rəhbərlik etmiş Heydər Əliyev kimi böyük bir şəxsiyyətdən, dövlət və hökumət rəhbərindən gizli saxlamışdırsa, mənim kimi adamlar bu məsələni haradan bilərdi və bizim mövqeyimiz nəyi dəyişə bilərdi?


Ona görə də cənab Etibar Əliyev bu sualı mənə verməzdən əvvəl yaxşı-yaxşı fikirləşməli və götür-qoy eləməliydiniz ki, kimə və nə məqsədlə belə təhqiramiz və təxribat xarakterli sual verirsiniz?! Axı, belə səhvlərə yol vermək, sənin kimi  təhsil ekspertini  öyrədənlərə baş ucalığı gətirmir! O, ki qaldı Ulu öndərimiz Heydər Əliyevin İqtisad Universitetindəki çıxışı zamanı məzəmmət edərək kimləri nəzərdə tutmuşdur, bunu onun çıxışından da aydın görmək olur. Ulu öndər həmin çıxışında İnstitutun bağlanması məsələsindən bəhs edərkən demişdir: “Mən orada (yəni Siyasi Büroda və Nazirlər Sovetində - Ş.M) işləyərkən bu şeylərin bəzilərindən xəbərim olmamışdır. Yəni onlar məndən gizlətmişdilər... Günlərin birində bu məsələni Siyasi Büronun iclasına çıxartdılar. Xırda bir məsələ- Siyasi Büroya yaraşmayan bir məsələ, Mərkəzi Komitənin təlimatçısı buna baxa bilərdi. Bəli, təklif veribdilər ki, Azərbaycanda İqtisad İnstitutu bərbad vəziyyətdə olduğuna görə bağlansın. SSRİ-nin ali təhsil tarixində bu ilk hadisə idi ki belə bir qərar qəbul olunmuşdur... Bunu kim etdi? Bizim öz vətəndaşlarımız, azərbaycanlılar, Ermənilərin, başqalarının əlində oyuncaq olaraq bu işləri edənlər. Bu, Azərbaycanın ali təhsili üçün böyük ləkə oldu. Bu ləkəni də Azərbaycana yaxan burada (yəni bu Universitetdə işləyənlər - Ş.M) həmin işlərlə məşğul olublar... Azərbaycan xalqına o cür xəyanət etmiş insanlar, heç olmasa, indi xəcalət çəkməlidirlər. Onların bəziləri akademikdirlər, bəziləri professorlardır, bəziləri-filandır, filandır. Qoy bilsinlər, heç olmasa özləri öz vicdanları ilə söhbət edib öz günahlarının bizim xalqımıza nə qədər zərər vurduğunu anlasınlar və hamı da bundan nəticə çıxarsın”. Bu çıxışda deyilənlərdən açıq-aydın görünür ki, Heydər Əliyev cənabları kimləri nəzərdə tutmuşdu.


Cənab Etibar Əliyev, məgər sən bilmirsən ki, həmin akt zalında əyləşən qeyd edilən İnstitutun bağlanması ərəfəsində rektor vəzifəsində işləmiş mərhum prof. Ələkbər Zeynalovun elmi işlər üzrə prorektoru vəzifəsində işləyən, 1980-ci ildə AMEA-nın müxbir üzvü, sonra isə Azərbaycan KP MK-da şöbə müdiri vəzifəsində işləyərkən, 1989-cu ildə akademik seçilən yeganə akademik kim idi? Akt zalında əyləşmiş və həmin İnstitutu illər boyu qatıb-qarışdırmış “alverçi” professorlar, filanlar, filanlar kimlər idi? Bunları bilməyən yoxdur. Madam ki, Ulu öndərimiz onların adlarını açıqlamadı, mən də açıqlamıram. Qoy Allahları bilsin!


Cənab Etibar Əliyev, bəs sən nə fikirləşirdin?! Yoxsa hesab edirsən ki, Heydər Əliyev cənabları dediyi tənqidi fikirləri bu məsələdə heç bir günahı olmayan, o İnstitutda işləməmiş - mənim, yəni, Şahbaz Muradovun ünvanına söyləyibdir?! Xeyr, Etibar Əliyev, Heydər Əliyev cənabları sənin kimi və “səni yemləyənlər” kimi Ədalət(siz) adam olmamışdır. O yaxşı bilirdi ki, o sözləri hansı “konyukturaya” xidmət edən insanların ünvanına söyləyir. İndi o insanların əksəriyyəti dünyalarını dəyişmiş, bir qismi qocalıb təqaüdə çıxmış, bəziləri isə hələ də orada qalıb “mürgüləməkdədirlər”. Onun-bunun qeybətini qılmaqla məşğuldurlar! Ona görə də cənab Etibar Əliyev! Yaxşı olardı ki, sən haqsızlıq edib o sualı mənə yox, həmin insanlara, həmçinin də həmin illərdə Azərbaycan Dövlət Xalq Təsərrüfatı İnstitutunda elmi işlər üzrə prorektor vəzifəsində, sonrakı illərdə Azərbaycan KP MK-nın şöbə müdiri vəzifəsində işləmiş; hazırda isə millət vəkili olaraq Milli Məclisin Komitə sədri vəzifəsində çalışan mənim tələbəlik illərindən səhv edərək dostluq etdiyim akademik Ziyad Səmədzadəyə, 1986-cı ildə D.Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun rektoru, 1987-ci ildə isə Leninqrad Maliyyə-İqtisad İnstitutunun Bakı filialının direktoru vəzifəsində işləmiş, hal-hazırda sənin təhsil eksperti olduğun Respublika Təhsil Nazirliyinin tabeçiliyində olan ali məktəblərin birində çalışan professor Raqib Quliyevə, uzun illərdən bəri həmin təhsil müəssisəsində Həmkarlar Təşkilatının sədri, kafedra müdiri vəzifəsində çalışmış, millət vəkili olan prof. Xanhüseyin Kazımlıya, eyni ilə uzun illər həmin təhsil ocağında kafedra müdiri, 2003-2014-cü illərdə rektor vəzifəsində, hazırda isə YAP-ın Səbail Rayon Təşkilatının sədri vəzifəsində çalışan millət vəkili, prof. Şəmsəddin Hacıyevə və neçə-neçə başqalarına ünvanlayardınız. Çünki bu insanların çoxu həmin proseslərin iştirakçıları və yaxud şahidləri olmuşlar. Mən isə 1956-1958-ci illərdə bu təhsil ocağında təhsil aldığım üçün başqa faktları açıqlaya bilərəm. İlk növbədə onu demək istəyirəm ki, hələ 1956-cı ildən başlayaraq bu ali təhsil müəssisəsinin başı vəzifə uğrunda gedən “mübarizə”, qruplaşma, gizli və açıq yazışmalardan açılmır. Müəyyən mənada mən də bunların şahidiyəm. Çünki mən 1956-1958-ci illərdə o vaxt Karl Marksın adını daşıyan Azərbaycan Dövlət Xalq Təsərrüfatı İnstitutunda Maliyyə-İqtisad fakültəsində təhsil almışam. Həmin dövrdə İnstitutun rektoru əslən Qarabağın Ağdam rayonundan olan və respublikada çox böyük nüfuz sahibi olmuş, sayılıb-seçilən iqtisadçı alim Şamil Əliyev, İnstitutun partiya təşkilatının katibi isə əslən Naxçıvandan olan hamımızın sevimli müəllimimiz Nemət Qənizadə idi. O illərdə insanlar arasında ölkəmizi regionlara, bölgələrə bölənlərə, müəllimlər və ziyalılar arasında rüşvət alanlara, tələbələr arasında isə rüşvət verib qiymət alanlara rast gəlmək mümkün deyildi və bu heç kəsin ağlına belə gəlmirdi. İnsanlar, tələbələr və müəllimlər, müəllimlər və institut rəhbərləri arasında qarşılıqlı hörmət, izzət, etika qaydalarına əməl etmək, ədəb-ərkanlıq hökm sürürdü.


Ancaq nədənsə, birdən-birə 1957-ci ilin əvvəllərindən başlayaraq İnstitutun Partiya Təşkilatının katibi ilə rektoru arasında münaqişə yaranmağa başladı və bu münaqişə bitib-qurtarmaq bilmədi. Həmin illərdə mən İnstitutun Maliyyə-İqtisad fakültəsində Komsomol Bürosunun katibi idim və daim bu münaqişəli iclaslarda iştirak edərdim. Ancaq bu münaqişənin nədən baş verdiyinin səbəblərini başa düşmürdüm. 1958-ci ildə mən o vaxt hamımızın doğma vətənimiz sayılan SSRİ-nin Ümumittifaq Lenin Kommunist Gənclər İttifaqının çağırışı ilə İnstitutumuzun 100 nəfərdən ibarət Komsomolçu Gənclərin qrup rəhbəri olaraq yay tətili vaxtı (iyul-avqust aylarında) Qazaxıstanın Qarabutaq (indiki Tselenoqrad vilayəti) rayonunda xam torpaqlarda işləməyə getdim.


Sonda fəaliyyətimizin nəticəsi olaraq hamımız Azərbaycan Komsomolunun Fəxri Fərmanı ilə təltif olunduq. Ancaq İnstituta qayıtdıqdan sonra biz onun başının üstünü qara buludların aldığı və yaxın vaxtlarda bağlanacağı xəbərini eşidib çox məyus olduq. Nəhayət, İnstitutun rektoru ilə partiya təşkilatı katibinin arasında gedən münaqişənin nəticəsi olaraq SSRİ Nazirlər Sovetinin “14” mart 1959-cu il tarixli “Azərbaycan SSR-də ali məktəb müəssisələri sistemində qayda yaratmaq haqqında” qərarına uyğun olaraq Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun fəaliyyəti dayandırıldı.


“Üzümü Respublikamızın Təhsil Naziri, çox hörmətli Ceyhun Bayramova tutub deyirəm: Hörmətli cənab Nazir! Sizdən artıq dərəcədə xahiş edirəm ki, namuslu, vicdanlı adamlara böhtan və iftira atmaqla məşğul olan təhsil eksperti Etibar Əliyevi durdurasınız!”


Uzun illərdən bəri formalaşmış, böyük çətinliklərlə nizama düşmüş bu təhsil ocağı və burada yaranmış tədris sistemi qısa vaxt ərzində alt-üst edilərək darmadağın oldu. Burada sənaye iqtisadiyyatı üzrə ixtisaslaşan tələbələr Azərbaycan Neft və Kimya İnstitutuna, kənd təsərrüfatının iqtisadiyyatı üzrə təhsil alanlar Gəncədə fəaliyyət göstərən Kənd Təsərrüfatı İnstitutuna, qalan sahələr üzrə təhsil alanlar isə Azərbaycan Dövlət Universitetinə köçürüldü. Bu İnstitutun bağlanması obyektik səbəblərdən çox, subyektiv səbəblərin nəticəsində baş vermişdir. O vaxtlar nüfuzlu müəllimlərimizdən eşitdiyimiz bu oldu ki, guya Şamil Əliyevin nüfuzuna, imicinə zərbə dəyməsin deyə üstünlük onun rektor vəzifəsindən azad edilməsinə deyil, İnstitutun bağlanmasına verilmişdir. İndiyədək bu İnstitutun o vaxtı bağlanmasının əsas səbəblərinin nədən ibarət olması sirr olaraq qalmaqdadır. Ancaq sonralar respublikada iqtisadçı kadrların hazırlanmasına böyük tələbatın yaranması zərurəti ilə əlaqədar olaraq SSRİ Nazirlər Sovetinin “10” fevral 1966-cı il tarixli qərarı ilə Azərbaycan Xalq Təsərrüfatı İnstitutu yenidən yaradılıb fəaliyyətə başladı. Azərbaycan SSR Nazirlər Sovetinin “29” mart 1966-cı il tarixli qərarı ilə bu İnstituta D.Bünyadzadənin adı verildi və həmin ildə bu İnstitutun rektoru vəzifəsinə tarix elmləri doktoru S.R.Aslanov təyin edildi, 7 il sonra, yəni 1973-cü ildə o bu vəzifədən azad edildi və həmin vəzifə yenidən tarix elmləri doktoru Z.M.Ələkbərov adlı başqa birisinə həvalə olundu. 13 il sonra, yəni 1986-cı ildə prof. Z.M.Ələkbərov da bu vəzifədən çıxarıldı. Beləliklə, respublikamız üçün yüksək ixtisaslı iqtisadçı kadrlar hazırlayan bu ali təhsil müəssisəsinə düz 20 il (1966-1986-cı illər) kənar təşkilatlardan gətirilmiş tarixçi alimlər rəhbərlik etmişlər. Bu isə istər-istəməz İnstitut əməkdaşları arasında qıcıq yaratmış, söz-söhbətə səbəb olmuşdur. Bu illər həmin İnstitutun tarixində müsbət cəhətləri ilə yanaşı, həm də ən çox dedi-qoduluğun, qrupbazlığın, intriqaların, qohumbazlıq və dostbazlığın, kadrların seçilməsində ayrı-seçkiliyə yol verilməsinin (indi də bu ayrı-seçkilik qoyulması davam etməkdədir), yazışmaların və başqa neqativ halların baş alıb getdiyi dövr kimi yadda qalmışdır. O vaxtlar İnstitutun bəzi üzdəniraq əməkdaşları özləri rişxənd edərək bu İnstituta “pul təsərrüfatı İnstitutu” adı qoymuşdular. Bütün bunların nəticəsi idi ki, həmin İnstitutun bir qrup “professor” və “müəllimləri” öz aralarında razılığa gəlib burada əmin-amanlıq yaratmaq əvəzinə onun bağlanmasına zəmin yaratdılar və çox təəssüflər olsun ki, bu naqis niyyətlərinə nail oldular.


Ulu öndərimiz Heydər Əliyev cənabları da məhz həmin vəziyyəti xarakterizə edərək “13” iyun 2002-ci il tarixdə İqtisad Universitetinin 70 illik yubileyinə həsr edilmiş təntənəli mərasimdəki çıxışında haqlı olaraq demişdir: “...Həm İnstitutun, həm də onun ətrafında bəzi mafioz qüvvələr öz şəxsi məqsədlərinə nail olmaq üçün intriqalar, çəkişmələr yaratdılar və Moskvaya dalbadal ərizələr, anonim məktublar, bir-birindən şikayətlər yazmağa, bir-birini günahlandırmağa başladılar - dəhşətli vəziyyət idi... Bu işi öz şəxsi mənafeləri üçün edənlər anlamırdılar ki, artıq Azərbaycana qarşı Dağlıq Qarabağ probleminin meydana çıxması üçün cürbəcür hərəkətlər başlanan vaxt, Azərbaycana qarşı təzyiqlər göstərilən vaxt onlar bu əməlləri ilə öz ölkələrinə, respublikalarına, xalqına, millətinə zərər gətirir, onu ləkələyirdilər. Təbiidir ki, nöqsanlar var idi, yazılan ərizələrdə müəyyən həqiqətlər də var idi. Amma iftiralar, yalanlar da çox idi. (İndi məşhur təhsil eksperti Etibar Əliyevin mənə və mənim həmkarlarıma öz facebook səhifəsində yazdığı iftiralar, yalanlar kimi - Ş.M.). Ancaq bizim xalqımız, millətimiz, alimlərimiz, elm adamlarımız bu məsələləri öz aralarında araşdırıb qərar qəbul edə bilməzdilərmi?!”.


“Çox təəssüflər olsun ki, əvvəlki illərdəki səviyyədə olmasa da, yenə də İqtisad Universitetinin kollektivi arasında narazı adamlar var, yenə də burada kadr seçimində ayrı-seçkiliyə yol vermə halları müşahidə

olunmaqdadır...”


Əlbəttə, onlar məsləhətləşib bu qərarları özləri qəbul edə bilərdilər. Ancaq istəmədilər. Nəticədə, itirən İqtisad İnstitutu və iqtisad elmi oldu. Bu qalmaqallar üzündən 1973-cü ildə prof. S.R.Aslanov, 1986-cı ildə isə prof. Z.M.Ələkbərov tutduqları vəzifələrindən uzaqlaşdırıldılar. Nədənsə 1986-cı ildə yenə də bu İnstitutun rektoru vəzifəsinə kənardan, yəni Azərbaycan KP MK-nın təbliğat və təşviqat şöbəsinin işçisi, təhsil sahəsində heç bir təcrübəsi olmayan, bizim heç birimizin tanımadığımız iqtisad elmləri namizədi Rahib Quliyev təyin edildi. Düzdür, sonradan o, bu vəzifədə işləyərkən, gəlib mənim çalışdığım Azərbaycan EA-nın İqtisadiyyat İnstitutunun Dissertasiya Şurasından elmlər doktorluğu dissertasiyası müdafiə etdi. Ancaq çox təəssüflər olsun ki, onun rəhbərlik etdiyi dövrdə (1986-1989-cu illər) bu təhsil ocağında tədris və başqa sahələrdə mövcud olmuş geriləmələr daha da artmış, mənəvi-psixoloji iqlim isə xeyli kəskinləşmişdir. Bunun nəticəsində 1987-ci ildə həmin İnstitut, yəni Azərbaycan Xalq Təsərrüfatı İnstitutu ləğv edildi və əvəzində N.A.Voznesenski adına Leninqrad Maliyyə İqtisad İnstitutunun Bakı filialı yaradıldı və 1989-cu ilin fevral ayında cənab R.Quliyev əvvəlki sələfləri kimi həmin vəzifəsindən azad edildi.


Bu vəzifəyə təhsil sahəsində böyük təcrübəsi olan, uzun illər Xalq Təsərrüfatı İnstitutunda dekan müavini, dekan vəzifələrində, 1987-ci ildə isə Azərbaycan SSR Nazirlər Soveti yanında Xalq Təsərrüfatının İdarəetmə İnstitutunun prorektoru vəzifəsində çalışmış iqtisad elmləri doktoru, professor Fuad Ələsgərov təyin olundu. Məhz onun bu filiala rəhbərliyi dövründə, SSRİ Nazirlər Sovetinin “26” iyul 1990-cı il və Azərbaycan SSR Nazirlər Sovetinin “17” avqust 1990-cı il tarixli qərarları ilə N.A.Vosenesenski adına Leninqrad Maliyyə İqtisad İnstitutunun Bakı filialının bazasında ölkəmizdə yeni - Azərbaycan Dövlət İqtisad İnstitutu yaradıldı. Ancaq təəssüflər olsun ki, prof. F.Ələsgərov 1992-ci ilin noyabr ayında, yəni Xalq cəbhəsinin hakimiyyəti dövründə bu vəzifədən uzaqlaşdırıldı. Sonralar bu İnstituta prof. H.Qasımov (1992-1994-cü illər); prof. İ.Qarayev (1994-2000-ci illər); akademik Ə.Abbasov (2000-2004-cü illər); prof. Ş.Hacıyev rəhbərlik etmişlər. 2014-cü ildən isə bu Universitetə əvvəllər Respublikanın İqtisadi İnkişaf Nazirliyində çalışmış Ə.Muradov rəhbərlik edir.


“Nə qədər ki, Etibar Əliyev kimi böhtanla, iftira ilə məşğul olan təhsil eksperti İqtisad Universitetinin ətrafında fırlanacaqdır, həmin kollektiv arasında gərginlik və narazılıqlar yaranıb artacaq və sonda pis nəticələrə gətirib çıxaracaqdır...”


1994-cü ildə prof. H.Qasımov vəfat etdikdən sonra bu İnstituta rektor vəzifəsinə təyinat olmamış və həmin vəzifəni müvəqqəti olaraq (nə az, nə çox düz 6 il) uzun illər ərzində elm və təhsil sahəsində, həmçinin həmin İnstitutun özündə çalışmış görkəmli iqtisadçı alim, prof. İ.Qarayev həyata keçirmişdir. Nəhayət, “4” may 2000-ci il tarixdə Ulu öndərimiz prezident Heydər Əliyevin sərəncamı ilə bu vəzifəyə informasiya texnologiyası sahəsində tanınmış alim və mütəxəssis, texnika elmləri doktoru, professor Ə.Abbasov təyin edildi və bir il sonra, yəni 2001-ci il iyun ayının 30-da o birbaşa AMEA-nın həqiqi üzvü (akademik) seçildi. Uzun illər AMEA-da səmərəli elmi fəaliyyətlə məşğul olmuş ak. Əli Abbasov nəhayət ki, həmin təhsil ocağında qayda-qanun, kollektivdə isə mehribançılıq əhval-ruhiyyəsi yarada bildi. Təsadüfi deyildir ki, həmin İnstitutun rektorları vəzifəsində işləmiş bütün rektorlardan (prof. H.Qasımov istisna edilməklə, çünki o, vəfat etmişdir) fərqli olaraq ak. Əli Abbasov xoş niyyətlə ölkə prezidenti möhtərəm İlham Əliyev cənablarının sərəncamı ilə 2004-cü ildə həmin vəzifədən azad edilərək Respublikamızın Rabitə Naziri vəzifəsinə təyin olunmuşdur.


Ak. Əli Abbasovdan sonra bu Universitetə prof. Şəmsəddin Hacıyev (2004-2014-cü illər) rəhbərlik etmişdir. Hazırda o, Millət Vəkili olmaqla yanaşı YAP-ın Səbayıl rayon Təşkilatının sədri vəzifəsində çalışır.

Ancaq çox təəssüflər olsun ki, əvvəlki illərdəki səviyyədə olmasa da yenə də İqtisad Universitetinin kollektivi arasında narazı adamlar var, yenə də burada kadr seçimində ayrı-seçkiliyə yol vermə halları müşahidə olunmaqdadır, ayrı-ayrı saytlarda və mətbuat səhifələrində bəzi xoşagəlməz yazılar dərc olunmaqdadır.


Hörmətli Asif müəllim! “Təzadlar” qəzetini oxuyan iqtisadçı həmkarlarım! Məlumat üçün deyim ki, Azərbaycan Dövlət İqtisad Universitetinin indiki rektoru, prof. Ədalət Muradov da daxil olmaqla indiyədək müxtəlif adlar altında fəaliyyət göstərmiş bu təhsil ocağına 18 nəfərdən çox adam rəhbərlik etmişlər. Onların mütləq əksəriyyəti yarıtmaz fəaliyyətlərinə görə həmin vəzifədən çıxarılmışlar. Bu təhsil ocağı heç kəsin atasından qalmamışdır. O, Azərbaycan dövlətinin, bizim hamımızındır. Gəlin onu qoruyaq! Çünki mənə belə gəlir, nə qədər ki, Etibar Əliyev kimi böhtanla, iftira ilə məşğul olan təhsil eksperti bu Universitetin ətrafında fırlanacaqdır, həmin kollektiv arasında gərginlik və narazılıqlar yaranıb artacaq və sonda pis nəticələrə gətirib çıxaracaqdır. Ona görə də üzümü Respublikamızın Təhsil Naziri, çox hörmətli Ceyhun müəllim Bayramova tutub deyirəm: Hörmətli cənab Nazir! Sizdən artıq dərəcədə xahiş edirəm ki, namuslu, vicdanlı adamlara böhtan və iftira atmaqla məşğul olan təhsil eksperti Etibar Əliyevi durdurasınız! O, bu ada layiq deyildir - bu mənim şəxsi fikrimdir.


Beşincisi: Hörmətli məşhur təhsil eksperti - Etibar Əliyev!!! Gör, sən nə qədər yolunu azmış, məsuliyyətini anlamayan bir insansan ki, öz facebook səhifəndə məni böyük təqsiri olmuş adam kimi təqdim edərək yazırsan ki: “Diqqət edin, 79 yaşlı bu qocaman alim namizədlik dissertasiyasını 1965-ci ildə, doktorluq dissertasiyasını isə 1972-ci ildə müdafiə edib. Bu yaşda olan insanları elmdən təcrid etmək lazımdır. Başda Şahbaz Muradov olmaqla belə alimlərin Azərbaycan elminə vurduqları ziyan ölçüyə gəlməzdir”. (Bu artıq məhkəməlik işdir!Ş.M.).


Bir qədər sonra isə hökm verirsən ki: “65 yaşdan yuxarı alimlər təqaüdə göndərilməlidirlər”. Bərəkallah! Əhsən səni tərbiyə edib böyüdənlərə! Əhsən səni öyrədib bizim üzərimizə “qışqırdanlara”!!! Bəli, sən düz deyirsən, mən 1965-ci ildə namizədlik, 1972-ci ildə isə doktorluq dissertasiyasını müdafiə etmişəm! Axı, mən bu dissertasiya işlərimi müdafiə etməklə - nə pis iş görmüşəm ki, məni nahaq yerə məzəmmət edirsən?!

Bəli, mən fəxr edirəm ki, bir azərbaycanlı oğlu olaraq 1965-ci ildə 25 yaşımda namizədlik, 1972-ci ildə isə 32 yaşımda keçmiş SSRİ-də iqtisad elmi sahəsində bu yaşda doktorluq dissertasiyası müdafiə etmiş 3-4 nəfərdən biri olmuşam!!! Bir daha təkrar edirəm - Mən bununla fəxr edirəm!


De görüm, bu yaşlarında sən hansı igidliklər, qəhrəmanlıqlar göstərmisən ki, məni məzəmmət edirsən?! Belə gənc yaşımda iqtisad elmi sahəsində doktorluq dissertasiyası müdafiə etməklə keçmiş SSRİ-də xalqımı, millətimi, doğma vətənim Azərbaycanı göylərə qaldırmışam! Mən düz 20 il (1970-1990-cı illərdə) ərzində keçmiş SSRİ Elmlər Akademiyası Rəyasət Heyətinin nəzdindəki iki Problem Şurasının - “Əhalisakinliyinin sosial-iqtisadi problemləri” və “Demoqrafiya və əmək ehtiyatlarından istifadə edilməsi problemləri” Elmi Sovetlərinin Büro üzvü olmuş və bu elm sahəsində doğma Vətənim Azərbaycanı Moskvada ləyaqətlə təmsil etmişəm. Keçmiş Özbəkistan SSR Ali Attestasiya Komissiyasının qərarı ilə 1985-1990-cı illərdə Özbəkistan SSR Elmlər Akademiyası İqtisadiyyat İnstitutunun nəzdindəki namizədlik və doktorluq Dissertasiya Şurasının üzvü seçilmiş və bir sıra xarici ölkələrdə keçirilmiş yüksək səviyyəli elmi forumlarda iqtisad elminin, xüsusilə də demoqrafiyanın aktual problemlərinə dair maraqlı məruzə və çıxışlar edərək ölkəmizin başını ucaltmışam. Apardığım elmi tədqiqatların nəticələri 1000,0 çap vərəqi həcmindən artıq 600-dən çox nəşr edilmiş əsərlərimdə (onların 60-dan çoxu xarici ölkələrdə - ABŞ, Rusiya, Ukrayna, Baltikyanı; Orta Asiya və Zaqafqaziya ölkələrində) öz əksini tapmışdır. Bu əsərlərin 28-i iri həcmli monoqrafiya və kitablardır. Onların 15-dən çoxu keçmiş SSRİ-nin, MDB-nin və digər ölkələrin görkəmli iqtisadçı, demoqraf və sosioloq alimləri ilə şərikli yazılıb Moskva, Kiyev, Minsk və başqa şəhərlərin mötəbər nəşriyyatlarında çap edilərək müxtəlif ölkələrdə yayılmışdır. Azərbaycan SSRİ EA-nın keçmiş SSRİ Elmlər Akademiyasının tərkibində olduğu 45 il (1995-1990-cı illər) ərzində SSRİ EA Rəyasət Heyəti tərəfindən Azərbaycan SSR-dən iqtisad elmi üzrə Sovet elminin ən mühüm nailiyyətləri sırasına daxil edilmiş 23 elmi nəticənin 9-u (39,4 faizi), mənim şəxsi müəllifliyim və elmi rəhbərliyimlə yerinə yetirilmişdir. Elmi rəhbərliyimlə 100 nəfərdən artıq fəlsəfə və elmlər doktorluq dissertasiyası müdafiə etmişdir. Mən fəxr edirəm ki, mənim elm sahəsindəki xidmətlərimin bir qismi 75 illik yubileyim haqqında Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin “24” iyun 2015-ci il tarixli qərarında aşağıdakı kimi qeyd edilmişdir: “Görkəmli iqtisadçı alimin elmi fəaliyyəti son dərəcə səmərəli və çoxcəhətlidir. O, MDB məkanında ilk dəfə olaraq qadın məşğulluğu və məşğulluq sahəsində gender problemlərinin tədqiqi ilə məşğul olan görkəmli demoqrafik alim kimi tanınmış, keçmiş SSRİ-də və Azərbaycanda bu problemin sosial-iqtisadi və demoqrafik aspektlərinin kompleks şəkildə tədqiqi onun adı ilə bağlıdır. “Azərbaycan SSR-də qadın əmək ehtiyatlarından istifadənin sosial-iqtisadi problemləri” adlı monoqrafiyası 1974-cü ildə SSRİ Elmlər Akademiyasının Rəyasət Heyəti tərəfindən Sovet elminin ən mühüm nailiyyətləri sırasına daxil edilmişdir. Şahbaz Muradovun elmi rəhbərliyi və iştirakı ilə Ulu öndər Heydər Əliyevin “28” dekabr 1998-ci il və “24” iyun 2003-cü il tarixli sərəncamı ilə ilk dəfə olaraq “Azərbaycan Respublikasının demoqrafik inkişaf konsepsiyası” (1999-cu il) və “Azərbaycan Respublikasında demoqrafiya və əhalisakinliyinin inkişafı sahəsində Dövlət Proqramı” (2004-2008-ci illər), habelə “Azərbaycan Respublikasının məşğulluq strategiyası” (2006-2015-ci illər) işlənib hazırlanmış və ölkə rəhbəri tərəfindən təsdiq edilmişdir. AMEA-nın müxbir üzvü Şahbaz Muradov Rusiyada, Ukraynada, Belorusda, Gürcüstanda və başqa ölkələrdə keçirilmiş bir sıra beynəlxalq konfrans və simpoziumlarda Azərbaycan İqtisad Elmini uğurla təmsil etmişdir. İqtisadiyyat üzrə yüksək ixtisaslı kadrların yetişdirilməsi sahəsində AMEA-nın müxbir üzvü Şahbaz Muradovun xidmətləri əvəzsizdir. Onun rəhbərliyi altında 90-dan artıq fəlsəfə və elmlər doktoru dissertasiyası müdafiə edilmişdir”.


Mən bir də ona görə fəxr edirəm ki, Azərbaycan elminin inkişafındakı xidmətlərimə görə sevimli prezidentimiz İlham Əliyev cənablarının sərəncamları ilə “14” fevral 2004-cü ildə “Şöhrət” ordeni, 2015-ci il “03” noyabr tarixdə isə “Əməkdar elm xadimi” fəxri adı ilə təltif edilmişəm.


Cənab “məşhur təhsil eksperti” Etibar Əliyev! İndi bütün bunlardan sonra mənə cavab ver görüm, sənin dediyin kimi: Mənim Azərbaycan elminə vurduğum “ölçüyəgəlməz ziyanlarım” nədən ibarətdir və sən onu necə müəyyən etmisən?! Gəl məhkəməyə sübut et!


Nəhayət, altıncısı: Etibar Əliyev! Mənim yaşımda olan insanları nəzərdə tutub belə bir əcaib və gülməli təklif irəli sürürsən ki: “Bu yaşda olan insanları elmdən təcrid etmək lazımdır”. Axı, elmlə məşğul olan insanı elmdən necə təcrid etmək olar? Ümumiyyətlə, sənin ağzının dediklərini qulaqların eşidirmi? Elmlə məşğul olan adama necə demək olar ki, sən elmlə məşğul olma?! Sənin bu dediklərin sadəcə, absurddur! Adı yoxdur! Heç bir tənqidə sığmır! Mənə inanmırsansa, sənə ağıl verən “o görkəmli alimlərdən” də soruşa bilərsən! O ki, qaldı sənin ikinci bir təklifinə, əslində təklifinə yox, göstərişinə, əmrinə ki: “65 yaşdan yuxarı alimlər təqaüdə göndərilməlidirlər”, bu da yersiz və nəyinsə xatirənə deyilmiş boş sözlərdir. Çünki əvvəla, bilmək olmur ki, alim deyəndə sən kimləri nəzərdə tutursan?! İkincisi, əgər sən mən yaşda olan AMEA-nın həqiqi və müxbir üzvlərini, elmi-tədqiqat İnstitutlarında və ali təhsil müəssisələrində çalışan elmlər namizədləri və elmlər doktorlarını nəzərdə tutursansa, bilməlisən ki, nəinki mənim yaşımda, hətta, 63 və yuxarı yaşında olan həmin adamların mütləq əksəriyyəti təqaüdə çıxmış adamlardırlar və hazırda onların bir qismi əvvəlki iş yerlərində çalışırlar.


Çünki hazırda nəinki ölkəmizdə, dünyanın bir çox yerlərində, o cümlədən MDB dövlətlərində əmək qabiliyyətli, işləmək bacarığı olan bu yaşda adamların hamısı öz arzusu ilə qalıb əvvəlki işlərində və yaxud da müvafiq işlərdə çalışırlar. Çox ehtimal ki, vaxt gələcək sən də gəlib bu yaşa çatanda (əgər çata bilsən, Allahdan arzu edirəm ki, sən bu yaşa gəlib çatasan) bu gün dediklərinə görə peşman olacaqsan. Üçüncüsü, hazırda 65 və yuxarı yaşda olan insanlar ölkəmizin elm və təhsil ocaqlarında çalışan elmlər doktorları, Akademiyanın həqiqi və müxbir üzvlərinin orta hesabla təqribən 65-70 faizindən çoxunu təşkil edirlər və onların mütləq əksəriyyəti yüksək yaradıcılıq və işləmək qabiliyyəti olan insanlardırlar. Onlarsız elmimizin və təhsilimizin inkişafının nəinki bu gününü, gələcəyini də təsəvvür etmək olmaz. Onlar bizim milli sərvətimizdir və onları qorumaq hamımızın borcudur! Bir də ki, axı sən nə üçün dövlət və hökumət orqanlarında yüksək vəzifələrdə işləyən və dediyin o alimlərdən əhəmiyyətli dərəcədə yüksək əmək haqqı və təqaüdə çıxarkən onlardan qat-qat çox pensiya almaq imkanı olub “qocaman” adamları qoyub “kor tutduğundan yapışan kimi” bu qocaman alimlərin yaxasından yapışmısan? Biz bu gün 65 yaşdan yuxarı alimlərimizi işdən çıxarıb evlərinə göndərsək nə qazanmış olarıq? Elmimiz, təhsilimiz pis günə düşməzmi? Ona görə, cənab Etibar Əliyev, bu təkliflər sənlik deyil. Yaxşı olar ki, sən gedib elə başqa işlə  məşğul olasan - əgər, “ağalarının”, “başbilənlərinin” diktəsi ilə ona-buna böhtan, iftira yazmaqla başın aydın və vaxtın olsa! Daha bu qədər bəsdir! Sonda sənə məsləhətim budur ki, gücün çatan işlə məşğul ol! Böhtançılıq, iftira ilə məşğul olmaq - özünü ziyalı, təhsil eksperti adlandıran bir adama yaraşan iş deyildir. Rəsmi qaydada yazıb üzr istəməyənədək səni bağışlamayacağam! Nəinki səni, həm də sənə dil verən “ağalarını” və “ağalarının da ağaları olan” konyuktura ilə məşğul olanları bağışlamayacağam!!!


Sonda üzümü özünə, peşəsinə hörmət edən bütün iqtisadçı alim həmkarlarıma tutub deyirəm: gəlin Etibar Əliyev kimi böhtan və iftiralarla məşğul olan təhsil ekspertlərinə imkan verməyək ki, onlar bizim qocaman iqtisadçı alimlərimizi, onun sərkərdələrini, akademiklərini aşağılayıb, təhqir etsinlər! Eyni zamanda Ulu öndərimiz Heydər Əliyevin yuxarıda adı çəkilən çıxışında bəzi nankor iqtisadçıların ünvanına dediyi sözlərdən səhv nəticə çıxarıb, o sözlərdən sui-istifadə edərək qocaman iqtisadçı alimlərimizin şərəf və ləyaqətini, elmi yaradıcılığını aşağılayan təhsil eksperti Etibar Əliyev kimilərinin nəzərinə çatdırmaq istəyirəm ki, bütün sahələrdə çalışan alimlərimiz kimi, iqtisadçı alimlərimizə də Heydər Əliyev cənabları həmişə böyük həssaslıq və hörmətlə yanaşmışdır. Belə olmasaydı, o, həmin tədbirə gəlməzdən bir gün əvvəl, yəni “12” iyun 2002-ci il tarixli fərmanı ilə həmin Universitetdə çalışmış 6 nəfəri “Şöhrət” ordeni, 12 nəfəri isə “Tərəqqi” medalı ilə təltif etməz və çıxışında İqtisad Universitetinin professor-müəllim heyətinin üzvlərinə üzünü tutub deməzdi ki: “... bu gün mən Sizinlə görüşərkən, bu salona baxarkən, Sizə baxarkən fəxr edirəm. Fəxr edirəm ki, bizim milli ali təhsilimiz var. İndi bizim yetişən gənc milli kadrlarımız var. Azərbaycan elminə böyük töhfələr vermiş və xidmət göstərmiş qocaman professorlarımız var, alimlərimiz var. Mən bununla fəxr edirəm. Bu böyük nemətdir. Gərək bundan sonra bu neməti əlimizdə möhkəm saxlayaq”.


İndi sən özün de, Etibar Əliyev, gör sən nə qədər yanlış yoldasan! Gəl sən bu səhv yoldan əl çək! Səni bu işə təhrik edən “Sapı özümüzdən olan iqtisadçı alimlərdən”, onlara dərs verən, məsləhət verən, özündən başqa heç kəsi iqtisadçı alim hesab etməyən “konyukturaya” xidmət edən iqtisadçı akademiklərdən kənar dur! Bu mənə və mənim kimi yüzlərlə iqtisadçı alimlərimizə xeyir verməyən namərdlərdən uzaq dur!

Hörmətli həmkarlarım! Bu məsələ ilə bağlı ölkə başçımız möhtərəm İlham Əliyev cənablarına və Birinci Vitse-prezidentimiz xanım Mehriban Əliyevaya edəcəyim müraciətimi gözləyin!


Hörmətlə,
Sizin Şahbaz Muradov, AMEA-nın müxbir üzvü, Əməkdar elm xadimi, iqtisad elmləri doktoru, professor


Birinci məlumatlanmaq üçün facebook səhifəmizi

 Digər xəbərlərBütün xəbərlər

Bütün xəbərlər