Bakı Slavyan Universiteti təkzib edir - "QƏRƏZLİDİR..."

Bakı Slavyan Universiteti təkzib edir - "QƏRƏZLİDİR..." 

2019-cu il oktyabr ayının 25-də müxtəlif internet media resurslarında Bakı Slavyan Universiteti (BSU) haqqında həqiqətdən uzaq olan qərəzli yazı dərc edilib.

Həmin yazıda iddia edilir ki, guya Bakı Slavyan Universitetinin (BSU) Pedaqoji fakültəsinin Pedaqogika və psixologiya kafedrasına elmi dərəcəsi olmayan beş-altı nəfər müəllim işə qəbul edilib. Həqiqətdən çox uzaq olan həmin yazıya cavab olaraq bildiririk ki, Pedaqogika və psixologiya kafedrasına müvafiq peşə-ixtisas dərəcəsinə malik olan müəllimlər işə qəbul edilib və mövcud qanunvericilik onların ixtisaslarına uyğun olaraq ali təhsil müəssisələrinin müvafiq kafedralarına işə qəbul edilmələrinə icazə verir. Bütün digər kafedralarda da qeyd etdiyimiz bu meyarlar əsas şərt, başlıca amildir. BSU-nun rektoru, professor Nurlana Əliyeva universitetin bütün professor-müəllim heyətinə, həmçinin digər əməkdaşlarına eyni mövqedən yanaşır, onlara lazımi diqqət və qayğı göstərir.

Qeyd edək ki, BSU-da işə qəbul zamanı müasir dünyagörüşünə, yaradıcı təfəkkürə, dərin biliyə, pedaqoji peşəkarlıq və təcrübəyə, eləcə də müsbət mənəvi-əxlaqi keyfiyyətlərə malik olan yüksək səviyyəli mütəxəssislərə üstünlük verilir. Belə olan halda bu iddialar tamamilə əsassızdır və reallığı əks etdirmir. Diqqətinizə xüsusi çatdırmaq istəyirik ki, BSU-da son illər təhsilin keyfiyyətinin yaxşılaşdırılması,  maddi-texniki bazanın gücləndirilməsi, professor-müəllim heyətinin bilik və peşəkarlıq səviyyəsinin artırılması, təhsilin və elmin inteqrasiyası və vəhdət halında inkişafı, təhsilin beynəlmiləlləşdirilməsi, xarici əlaqələrin genişləndirilməsi, yerli və beynəlxalq layihələrdə fəal iştirak edilməsi üçün məqsədyönlü səmərəli fəaliyyət həyata keçirilir. Müasir dünyamızda ali təhsil sisteminin qarşısında dayanan əsas vəzifələrdən biri insan potensialının ön plana çıxarılması, universitetlərin tədqiqat universiteti statusu qazanmasıdır. BSU-da bu vacib vəzifələrin uğurlu həllinə nail olmaq üçün müxtəlif yeniliklər, ciddi dəyişikliklər, layihələr, proqramlar reallaşdırılır.  Belə həqiqətdən uzaq olan yazılar isə BSU-da təhsil və idarəetmə sahəsində həyata keçirilən yeniliklərin, islahatların, innovativ təşəbbüs və ideyaların üzərinə kölgə salmağa, görülən uğurlu işlərin məzmun və mahiyyətini təhrif etməyə yönəlib.

Universitetin kollektivi  belə reallıqdan uzaq yazıları ictimai fikri çaşdırmaq, universitetin işgüzar nüfuzuna xələl gətirmək cəhdi kimi qiymətləndirir və buna birmənalı olaraq öz etirazını bildirir. Belə yoxlanılmadan dərc edilən yazılar universitetin kollektivində böyük narazılıq hissi doğurur və yolverilməzdir. Buna görə də hörmətli media təmsilçilərindən təhsil sahəsi ilə  bağlı yazılar dərc edərkən  “Kütləvi informasiya vasitələri haqqında” Azərbaycan Respublikası Qanununa və “Azərbaycan Jurnalistlərinin Peşə Davranışı Qaydaları”na uyğun olaraq daxil olan məlumatları tam və hərtərəfli araşdırmağı, yoxlanılmadan dərc edilməməsini xahiş edirik.

/Mənsur İbrahimov,

BSU-nun Mətbuat katibi

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi