“BİLD” ÜÇÜN İKİLİ STANDART:

“BİLD” ÜÇÜN İKİLİ STANDART: "Bayraktar" Azərbaycanda "qatil", Ukraynada "ümid"

Almanların çox məşhur bir atalar sözü var: "Auch ein blindes Huhn findet mal ein Korn". Yəni "Hətta kor toyuq belə, nə vaxtsa buğ​​​​da tapa bilir".

Lakin əfsuslar olsun ki, çağdaş Almaniyanın siyasətininin inikası olan mediasında bəzən kor toyuqlar həyatlarının sonunadək nə qədər eşələnsələr də, buğda tapa bilmirlər. Tapdıqlarını həmişə buğda sanırlar - buna söz yox, amma ətrafı görə bilmədikləri üçün zülmətə alışırlar.

"Bild" qəzetinin redaksiya siyasətinin necə formalaşmasını, məqalələrində və şərhlərində standartların sayını bəzən absurd həddə çatdırması ilə bağlı Günter Valrafın araşdırmasını oxuyanlar dəqiq məlumatlara malikdir.

"Peşəsini dəyişən jurnalist" kimi tanınmış və sensasiyalı araşdırmaları ilə dəfələrlə Almaniya siyasətinin altını üstünə çevirməyə bacarmış Valraf indi "Bild"in mediativ siyasətini araşdırsaydı, iyrənərdi.

Gerçəkdən də, bir zamanlar Almaniyanın ən nüfuzlu qəzetlərindən olmuş "Bild" sonralan "sarılaşdı", səviyyəsini bilərəkdən aşağı saldı, əsas sloqan kimi "Aktuelle Nachrichten" ("Aktual yeniliklər") ifadəsini seçərək bulvar mediasının ən böyük nümayəndəsinə çevrildi.

İndi Almaniyanın ən böyük tabloidi olan "Bild"i ikili standartlarla çalışdığını yazmaq belə, sadəlbövhlükdür. Çünki "Bild"də hadisələrə, proseslərə və faktlara yanaşma tərzi bu gündəlik tabloidin səhifələrindəki hərflərin sayından bəlkə də, az deyil.

44 günlük İkinci Qarabağ Müharibəsi günlərində Azərbaycan Avropanın ikili standartlarının növbəti şahidi oldusa, "Bild"in savaşla bağlı reportajları, yazıları və şərhləri olduqca subyektiv, qərəzli və reallıqdan kənardı.

Döyüşlərdə erməni işğalçılarına qarşı "Bayraktar TB2" pilotsuz uçan aparatlarından (PUA) istifadə olunmasını az qala hərbi cinayət, müharibə qanunlarının və beynəlxalq qaydaların pozulması kimi qələmə verməyə çalışan bu qəzet Azərbaycan ordusunu qəddar və aqressiv hərbçilər toplusu qismində təqdim edirdi.

Fantasmaqorik vəziyyət o şəddə çatmışdı ki, qəzetin manşetlərindən biri "Ərdoğanın qatil dronun fövqəladə uğuru" (Der unheimliche Erfolg von Erdogans Killerdrohne) başlıqlı redaksiya məqaləsi idi.

"Bild" yazırdı: "Suriya və Liviyadan sonra Türkiyə bu dəfə Azərbaycanda öz "Bayraktar TB2"lərini bu dronlara qarşı müqavimətə hazır olmayanlara qarşı istifadə edir. Bu dəfə hədəfdə ermənilərdir. Onların da suriyalılar və liviyalılar kimi effektiv hava hücumundan müdafiə sistemləri olmadığından Ərdoğanın qatil dronlarının qurbanlarına çevrilirlər".

Beləcə, "Bild" bürün media etikası və siyasi etiket qaydalarını bir kənara ataraq Türkiyəni qətldə, Azərbaycanı isə "zavallı ermənilərə qarşı çox pis silah tətbiq etmək"də suçlayırdı.

Bu ilin fevralın 24-də Rusiya Ukraynaya qoşun yeridərək müharibəyə başlayanda isə ukraynalılar Türkiyədən aldıqları "Bayraktar"larla rusların mövqelərini, maşın karvanlarını, zirehli texnikalarını, zenit-raket komplekslərini və artilleriya qurğularını məhv etməyə başladılar.

"Bayraktar TB2"ni "qatil dron" adlandırmış "Bild" heyrətamiz şəkildə maska və mövqe dəyişərək bu dəfə "Ümidlərin silahı" (Die Waffe der Hofnung) başlıqlı redaksiya məqaləsini dərc etdi.

Məqalədə "Bayraktar" vəsf olunur, ən effektiv silahlardan biri sayılır, Ukraynanın müharibədə qələbə ümidlərindən biri kimi təqdim edilir.

Nə dəyişdi?

"Bayraktar", 44 günlük İkinci Qarabağ Savaşı, Türkiyənin mövqeyi, Bakının davranışı? Heç bir dəyişiklik yox.

Dəyişən Almaniyanın siyasətində olduğu kimi, "Bild"də mövqelərlə maskalardır.

Avropa İttifaqının Azərbaycan və Türkiyə ilə bağlı ikili standartlar siyasətinin törəməsi olan belə dəyişikliksə ikrah doğurur.

"Bild" Almaniyada ən populyar tabloid olsa belə.../Milli.az


Birinci məlumatlanmaq üçün facebook səhifəmizi

 Digər xəbərlərBütün xəbərlər

Bütün xəbərlər