"Bu, dövlət yox, bazar məntiqidir!" - Natiq Cəfərli

"Bu, dövlət yox, bazar məntiqidir!" - Natiq Cəfərli 

“Fövqaladə hallar naziri Kəmaləddin Heydərov deyib ki, sənədsiz evlərlə bağlı probelem yaxın illərdə həllini tapacaq.

Əslində, bu problemin həllinə 5 dəqiqə lazımdır. Belə ki, Prezident Mülkiyyət Amnistiyası elan edir, bugünədək sənəd ala bilməyən vətəndaşların daşınmaz əmlakı qeydiyyata alınır, vəssalam. Əslində dövlət o tikililəri hüquqi olaraq tanıyıb, hər bir evə, mənzilə sayğac qoyub, qaz, işıq, su satır, həmin sənədlərdə hüquqi ünvan, ödəyicinin adı, soyadı yazılır. Məntiqlə, dövlət kommunal xidmət göstərirsə, deməli, həmin vətəndaşın, onun ailəsinin orada yaşadığını bilir, görür və qəbul edir”.

Pravda.az xəbər verir ki, bu barədə iqtisadçı ekspert Natiq Cəfərli məlumat paylaşıb.

"Niyə on minlərlə vətəndaşın mülkiyyət hüququ tanınmır, onlara haqları olan çıxarışlar verilmir?! Ümumiyyətlə, vətəndaşın nə günahı var ki, ona qeyri-qanuni sənəd veriblər, daha doğrusu, elə bir sənəd satıblar?! Yaxşı, tutaq ki, vətəndaş heç bir sənədi olmadan ev tikib. Sual yaranır ki, bəs dövlət vətəndaş tikinti aparanda hara baxırdı?! Bəyəm ölkədə dövlət orqanlarının xəbəri olmadan divara bir mismar vurmaq mümkündür?! İkincisi, dövlətin əsas vəzifələrindən biri vətəndaşa xidmət etmək, vətəndaşın mənzillə təmin edilməsi üçün işlər görməkdir. Yazıq vətəndaş öz hesabına, öz gücünə, xərc-borc edərək dövlətin görməli olduğu işi görübsə, vətəndaşdan qaz, su, işıq pulunu niyə alırsız?!

 Üstəlik, onun çıxarışını da vermirsiz. Bu, axı məntiqsizlikdir. Belədirsə, sənədsiz tikinti aparmaq istəyənin qarşısını təməldə alın, xərci çıxmamış qarşısını kəsin. Tikintiyə nəzarət funksiyası olan 14-15 dövlət orqanı pul alıb gözünü yumur, vətəndaş dövlətin əvəzinə öz sosial problemini həll edir, sonra da deyirsiniz ki, bu “qeyri-qanuni” tikili olduğu üçün çıxarış vermirik. Belə yanaşma olmaz, bu, dövlət yox, bazar məntiqidir!”

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi

 Digər xəbərlərBütün xəbərlər

Bütün xəbərlər