
Deputat: “Avropa Şurasının üzvlük haqqını ödəməmək təşkilatdan çıxmaq deməkdir”
“Avropa məhkəmələrinin ədalətli qərarlarını həmişə tanımışıq, bu gün də tanıyırıq. Ancaq bu məhkəmələrdə qərəzli mövqe nümayiş etdirən hakimlərin çıxardıqları qərarlar Azərbaycan dövlətçiliyinə qarşı yönəlmiş qərarlar olur. Avropanın öz baxışından yanaşdığı elə məsələlər var ki, onlar Azərbaycanın siyasətinə, qanunlarına, dövlətçiliyinə zidd məsələlərdir.Təbii ki, bu məsələlər bizim üçün problemdir və biz bu qərarları tanımırıq. Çox hörmətli nümayəndəmiz, dəyərli mütəxəssis Lətif Hüseynov Azərbaycanı orada təmsil edir. Biz Avropa Şurasının üzvüyük.
Deyirlər ki, Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarını tanımırıqsa, Avropa Şurasına ödədiyimiz üzvlük haqqını da dayandırmalıyıq. Üzvlük haqqını dayandırmaq Avropa Şurasının üzvlüyündən çıxmaqdır. Bu isə bizim mövqeyimiz deyil.Biz Avropa Şurasına üzv olmuşuq, orada çox yüksək səviyyədə, ləyaqətlə təmsilçilik etmişik. Amma son dövrlər Avropa Şurası, Avropa Parlament Assambleyası, Avropa İttifaqının bir neçə təsisatları Azərbaycana qarşı qərəzli mövqe tutdular”.
Bu sözləri mətbuata açıqlamasında Milli Məclisin deputatı Elman Məmmədov deyib.
Deputat bildirib ki, xüsusilə, 44 günlük Vətən müharibəsindən, bir günlük anti-terror əməliyyatından sonra Azərbaycana qarşı daha aqressiv hərəkətlər, qətnamələr mövqe ortaya qoymağa məcbur edir: “Mövqeyimiz belədir ki, qərəzli olmayıb, bizə qarşı hərəkətlərində beynəlxalq hüququ pozmasınlar. Əgər siz bunu edirsinizsə, Azərbaycana qarşı sanki cəbhə düzəldib, vaxtaşırı aşağılayıcı qərarlar qəbul edirsinizsə, qətnamələr çıxarırsınızsa, biz onları qəbul etməyəcəyik. O cümlədən Avropa məhkəmələri.Şəxsən mənim iştirakımla 2000-2010-cu illər arasındakı tarixlərdə Avropa məhkəmələrinə dəfələrlə Xocalı soyqırımının tanınması, Azərbaycan əsirlərinə, girovlarına qarşı törədilmiş vəhşiliklər, ərazilərimizin işğalı ilə bağlı sənədlər təqdim olunub ki, Ermənistana qarşı sanksiya tətbiq edilsin, tədbirlər görülsün. Avropa məhkəmələri və başqa Avropa təsisatları bunu ediblər? Xeyr. Ancaq elə ki kimsə ermənipərəst qüvvələrdən ibarət korrupsiyalaşmış bir qrup yaradır, Azərbaycana qarşı təklif verir, o saat əleyhimizə münasibət bildirirlər. Biz buna etiraz edirik. Nümunə götürsək, cənab Prezidentimiz İlham Əliyev dəfələrlə qeyd edib ki, bu gün Avropa İttifaqının üzvü olan ondan çox dövlət enerji təhlükəsizliyində, təchizatında iştirak edirik. Avropa ölkələri ilə çox sıx əlaqələr saxlayır, əməkdaşlıq edirik. Hər biri Avropa İttifaqının, Avropa Şurasının üzvü olan dövlətlərdir.
Son günlər keçirilən tədbirlərə baxın. Slovakiyanın Prezidenti böyük bir nümayəndə heyəti ilə gəldi, Şuşada görüşlər keçirildi, Xankəndidə oldular... Bütün bunlar Avropa qurumları ilə sıx əməkdaşlığımızdan xəbər verir. Ancaq bu proseslərə o vaxta qədər müsbət mövqe göstərərik ki, bizə qarşı qərəz, aşağılayıcı mövqe, şər-böhtan kampaniyası olmasın, ədalətli mövqe olsun. Belə halda biz də ədalətli münasibət bildiririk, əməkdaşlıqda səmimi oluruq, bunun davam etdirilməsinə üstlünlük veririk”.












Bu xəbər üçün şərh yazın