
"Dil hər bir millətin əsrlər boyu yaratdığı maddi və mənəvi sərvəti yaşadan, milli yaddaşı gələcək nəsillərə daşıyan ən böyük xəzinədir" -DEPUTAT
Ana dili təkcə ünsiyyət vasitəsi deyil, xalqın tarixi, mədəniyyəti, düşüncə tərzi, milli kimliyi və dövlətçilik şüurudur. Məhz buna görə də dilini qoruyan millət öz keçmişini, bu gününü və gələcəyini qoruyur.
Hər bir insan üçün ana dili ilk müəllim, ilk məktəb, ilk vətən hissidir. İnsan məhz ana dilində düşünür, sevir, yaradır, öz milli köklərinə bağlanır və mənəvi dünyasını formalaşdırır. Ana dili insanın dünyagörüşünün zənginləşməsində, yüksək təhsil almasında, milli-mənəvi dəyərlərə bağlılığının möhkəmlənməsində və öz xalqı ilə mənəvi bağlarının güclənməsində əvəzsiz rol oynayır. Eyni zamanda, ana dili başqa xalqların zəngin mədəni irsini öyrənmək, onlarla bərabərhüquqlu ünsiyyət qurmaq üçün də ən möhkəm təməldir.Millətin dilinin dövlət dili statusu qazanması isə sadəcə hüquqi akt deyil, xalqın tarixində qürur doğuran taleyüklü hadisədir. Bu, millətin öz taleyinin sahibi olduğunu, müstəqil dövlət qurmaq və onu qorumaq qüdrətinə malik olduğunu təsdiqləyən ən mühüm siyasi və mənəvi göstəricidir. Dövlət dili statusu eyni zamanda həmin dilin zənginliyinin, yaşamaq gücünün və xalqın milli iradəsinin təntənəsidir.
Azərbaycan dili də bu şərəfli tarixi yolu keçmiş, dövlət dili zirvəsinə yüksəlmiş dillərdəndir. Bu, xalqımızın əsrlər boyu apardığı mübarizənin, milli iradəsinin və dövlətçilik ənənələrinin parlaq təzahürüdür.
Məhz Ulu Öndər Heydər Əliyevin yürütdüyü siyasəti nəticəsində Azərbaycan dili dövlət quruculuğunun əsas sütunlarından birinə çevrildi. Onun təşəbbüsü ilə ana dilimizin hüquqi statusu möhkəmləndirildi, qorunması və inkişafı dövlət siyasətinin prioritet istiqaməti elan edildi. Ulu Öndər ana dilini milli varlığımızın əsası hesab edir və hər zaman bildirirdi ki, "Hər bir xalqın milliliyini, mənəvi dəyərlərini yaşadan, inkişaf etdirən onun dilidir.
"Bu siyasi kurs bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlət başçısının həyata keçirdiyi məqsədyönlü siyasət nəticəsində Azərbaycan dilinin saflığının qorunması, ana dilimizin rəqəmsal informasiya məkanında mövqeyinin gücləndirilməsi və dünya miqyasında nüfuzunun artırılması istiqamətində mühüm addımlar atılır. Bu siyasət bir daha göstərir ki, güclü dövlətin təməlində güclü milli kimlik, güclü milli kimliyin əsasında isə ana dili dayanır.
Bu gün hər bir azərbaycanlının müqəddəs vəzifəsi ana dilimizi sevmək, onu düzgün danışmaq, düzgün yazmaq, yad təsirlərdən qorumaq və gələcək nəsillərə saf şəkildə ötürməkdir. Çünki ana dilini qorumaq Vətəni qorumaq, milli kimliyi qorumaq, dövlətçiliyi qorumaq deməkdir.
Azərbaycan dili bizim milli qürurumuzdur. O, keçmişimizin yadigarı, bu günümüzün dayağı və gələcəyimizin əbədi təminatıdır. Ana dilimiz yaşadıqca Azərbaycan yaşayacaq, Azərbaycanın üçrəngli bayrağı altında bu dil əbədi səslənəcək!
Fəzail İbrahimli
Milli Məclisin deputatı












Bu xəbər üçün şərh yazın