DİM Eynşteyni Azərbaycanda testdən keçirsə idi 2 alardı

DİM Eynşteyni Azərbaycanda testdən keçirsə idi 2 alardı -Məzunu tələbə olmağa qoymayan imtahan...-Şahlar Əsgərov

Ali məktəblərə qəbul imtahanları başa çatıb.Nəticələrdən razı qalanlarla yanaşı, narazılar da hədsiz çoxdu. Belə ki, qəbul imtahanlarında iştirak edən abituriyentlərdən biri redaksiyamıza müraciətində bilidirib ki, imtahana yüksək səviyyədə hazırlaşsa da, vaxt məhdudiyyətindən bütün sualları cavablandıra bilməyib.

Onun sözlərinə görə, sualların geniş həcmdə olması xeyli vaxt aparır və digər fənnin suallarını cavablandırmağa vaxt qalmır. Ümumiyyətlə, qəbul imtahanlarında təqdim edilən suallarla bağlı hər zaman tənqidi fikirlər səsləndirilib. Hətta təhsil naziri Emin Əmrullayev Milli Məclisdə “Ali təhsil haqqında” qanun layihəsinin müzakirəsindəki çıxışında ali təhsil müəssisələrinə qəbul imtahanları zamanı testə düşən suallarla bağlı bəzi məqamların narahatverici olduğunu qeyd edib.

O da sirr deyil ki, qəbul imtahanları ilə bağlı Dövlət İmtahan Mərkəzi ilə Təhsil Nazirliyi arasında uzun illər bu mübahisələr davam edib. Sabiq təhsil naziri Misir Mərdanov məktəb direktorlarının qəbulun nəticələrinə həsr olunan ənənəvi fevral müşavirələrindən birində TQDK sədri Məleykə Abbaszadəyə xitabən “Biz təhsili qaşıqla veririk, TQDK çömçə ilə istəyir” demişdi.

Bu da faktdır ki, hazırda qəbul imtahanlarında qazanılan uğurların 99 faizi repetitor fəaliyyətindən istifadə nəticəsində əldə edilir. Mütəxəssislər isə belə qəbul prosesinin yalnız əzbərçilik sisteminə əsaslandığını deyirlər. Xüsusilə “bunker müəllimlər”, yəni imtahan suallarının hazırlanmasında iştirak edən repetitor-müəllimlər abituriyentləri DİM-in təqdim etdiyi proqram əsasında imtahana hazırlayırlar. Təbii ki, xidmətə görə qiymət də dəyişir, yəni digər repetitorlardan azı 30 faiz artıq tələb olunur.

Mübahisəli olan digər bir məsələ isə odur ki, ekspertlər iki imtahana ehtiyacın olmadığını, yəni xarici ölkələrdə olduğu kimi birbaşa buraxılış imtahanları əsasında ali məktəbə qəbulun keçirilməsinin tərəfdarıdırlar. Bununla yanaşı belə fikirlər də səslənir ki, bir sıra xarici ölkədə ali məktəbə qəbul olmaq asan, təhsil almaq daha çətin olduğu halda, ölkəmizdə bunun əksinədir. Yəni qəbul qaydaları çətindir, ali təhsil müəssisələrinə qəbul olan tələbələrin isə 90 faizi məzun olur, ancaq peşəkar kadr kimi hazırlanmır.

Ölkədə ixtisaslı gənc kadrlar, insan kapitalı əldə etmək üçün qəbul qaydalarını daha da çətinləşdirməli, yoxsa tədrisin səviyyəsini qaldırmalıyıq?

Təhsil üzrə ekspert Şahlar Əsgərov Cebhe.info-ya bildirib ki, bir çox inkişaf etmiş ölkələrdə ali məktəbə qəbul imtahanı yoxdur:

“Qəbul imtahanı çox maraqlı bir məsələdir və Azərbaycan kimi ölkələrdə bir fürsətdir. Dost-tanış yığmaq, maddi imkanı artırmaq üçün bu imtahanları bir fürsət sayırlar. Mən 30 ildir deyirəm ki, Azərbaycanda qəbul imtahanı keçirməyə ehtiyac yoxdur. Sovet dövlətində ali məktəbə qəbul zamanı ciddi imtahana ehtiyac böyük idi. Çünki ali məktəblərdə yer 100 nəfərə 33 nəfər idi. Həmin 33 nəfəri seçib ali təhsil verməli idin və qalanları isə kolxoza, sovxoza, zavoda, fəhləliyə getməliydi. Ona görə də o seçim ciddi idi və partiya nəzarət edirdi. Ancaq nəzarət edilirdisə də yenə əyintilər baş verirdi, rüşvətin elementləri var idi.

Ona görə də rusların bir çox alimləri ali məktəblərə qəbul imtahanını əhəmiyyətsiz sayırdı və deyirdilər ki, dövlət adından bir ildə iki dəfə imtahan götürmək olmaz. Həm orta məktəblərdə buraxılış imtahanı, həm də ali məktəblərə qəbul imtahanı keçirilir və bu ikisi birləşdirilməlidir. Sonra Azərbaycanda da vahid, milli test ilə bu iki imtahanı birləşdirən bir ideya ortalığa atıldı. Ancaq indiyədək reallaşmır və yenə imtahanlar çətin, müəmmalı suallarla doludur. Hətta söhbət zamanı mənim kolleqalarımdan biri belə bir fikir bildirdi ki, Eynşteyni Azərbaycana gətirib test imtahanından keçirsən, fizikadan 2 alar. Yəni suallar o qədər mürəkkəb, əhəmiyyəti olmayan suallardır”.

Ekspertin fikrincə, ölkəmizdə qəbul imtahanı ya Almaniyadakı kimi, ya da yumşaq keçirilməlidir:

“Elə keçirilməlidir ki, orta məktəbi babat bitirən, dərrakəsi, riyazi biliyi, məntiqi olan bir nəfər də çöldə qalmasın. İmtahan suallarını nəzərə alsaq, onu keçirməyin məqsədi nədir? Həmin imtahanlar ölkənin xeyrinədir, yoxsa ziyanına?”

Ekspert müraciət də edib:

“Mən Azərbaycanın taleyini həll edən insanlara müraciət edirəm. Toplaşsınlar, görsünlər ki, qəbul imtahanını keçirməyə ehtiyac var, yoxsa yox. Çünki qəbul imtahanları səbəbindən bizim istedadlı insanlarımız xarici universitetlərə gedirlər. Sonra da geri qayıtmırlar, qayıtsa da ancaq 20 faizi geri qayıdır, 80 faizi orada qalır. İstedadlı gənclik Allahın millətə verdiyi töhfədir. Əgər bu gün istedadlı gənclik xaricdə qalırsa, bu, o deməkdir ki, biz öz istedadlı gəncliyimizi xaricilərə boşqabda ötürürük. Deyirik ki, məsələn, Lütvi Zadədən, Rüfət Qaralovdan istifadə edin.

Mən Rüfət Qaralovu təsadüfi demirəm. O qəbul imtahanlarında 700 bal toplamışdı, getdi və hazırda Amerikada işləyir. Niyə o Azərbaycanda işləməsin? Yəni 10 faizi xaricə getdi, 20 faizə də ehtiyac yoxdur, yəni ali məktəb səviyyəsində təhsil ala bilməzlər, bilikləri azdır, mühazirəni dinləyib başa düşə bilməzlər. Qalan hər 100 abituriyentdən 70-nə də bizim ali məktəblərdə yer var, biz onları oxutmalıyıq. Ölkədə qəbul imtahanları bir qrup adamların xeyrinədir. Bundan nə qədər tez imtina etsək gənclərimizi xoşbəxt günə çıxararıq”.

Təhsil üzrə ekspert Elçin Əfəndi isə bildirib ki, ümumilikdə ötən illərlə, daha çox pandemiyadan əvvəlki 2019-cu illə müqayisə aparsaq, həmin dövrdə nəticələr daha yaxşı idi:

“Ancaq son iki ildə nəticələr olduqca aşağıdır. Bunun da əsas səbəbi dərslərin distant formada aparılmasıdır ki, bu da abituriyentlərin yaxşı nəticələr əldə etməməsinə gətirib çıxarıb. Yəni düzgün hazırlaşa, proqramı yaxşı mənimsəyə bilməyiblər və nəticədə ötən illə müqayisədə nəticə aşağıdır. Ümumi götürsək, 2019-cu ilə qədər blok imtahanları iki dəfə keçirilirdi və son iki ildə həmin imtahanlar yalnız bir dəfə keçirilib ki, bu da abituriyentlərin imtahan nəticələrinə öz təsirini göstərib. Belə ki, birinci imtahanda nəticəsi zəif olan abituriyent ikinci imtahana hazırlaşıb, səhfə yol verdiyi mövzular üzərində hazırlaşaraq nəticəni qaldıra bilirdi. Ancaq bu il həmin qəbildən olan abituriyentlərə əlavə şans verilmədiyi üçün onlar müsabiqədən kənarda qaldılar”.

Ekspertin fikrincə, Avropa, yaxud Amerika ölkələri ilə müqayisə aparsaq, imtahan sualları müvafiq təhsil standartlarına uyğun olaraq hazırlanıb:

“Son illərdə imtahanlar kurikulum sistemində həyata keçirilir. Yeniliklər istənilən halda abituriyentlərin ümumi nəticələrinə təsir edir. Orta və aşağı səviyyəli hazırlaşan abituriyentlər prosesi qəbul edə bilmirlər. Bu da öz nəticəsini göstərir. Məsələn, Türkiyədə ali təhsil müəssisələrinə qəbul yalnız iki fənn üzrə aparılır. Burada əsasən riyaziyyat və məntiqə üstünlük verilir. Onların fikrincə, bu fənləri bilənlər digər fənləri də asanlıqla öyrənə bilərlər. Yaxud Avropa ölkələrində müvafiq məktəbi bitirən şagird əldə etdiyi nəticəyə əsasən müvafiq universitetlərə müraciət edir və nəticələr kifayət edirsə, qəbul aparılır.

Biz də təkliflər səsləndirmişik ki, qəbul və buraxılış imtahanları birləşdirilsin. Hazırda buraxılış imtahanları birləşdirilib, ancaq o halda ki, buraxılış imtahanı verən şagirdlər birbaşa 9 və 11 illik kolleclərə, həmçinin ali məktəblərin V qrup, qabiliyyət tələb edən ixtisaslara birbaşa qəbul ola bilirlər. Demək olar ki, tədricən o sistemə keçid olacaq. Yalnız I, II, III və IV ixtisas qrupu üçün əlavə blok imtahanları keçirilir. Gələcəkdə buraxılış imtahanları ilə blok imtahanları birləşdirilməlidir”.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi