Ət kəsimi məntəqələrinə gələn “papkalılar”...

Ət kəsimi məntəqələrinə gələn “papkalılar”... -Ətin kiloqramını 1.5 -2 manat aşağı təyin etmək olar

Ətin qiymətinin bahalaşması istənilən halda müzakirə edilən mövzulardan olub.

Faktinfo.az xəbər verir ki, Dövlət Gömrük Komitəsinin 2018-ci ildə açıqladığı statistikaya görə, 2017-ci ildə ölkəyə 40101.81 ton ət daxil olub. 2018-ci ildə isə ət idxalı 15 faizdən çox-çox artaraq, 47 399.29 tona çatıb. 2016-cı illə müqayisədə 2017-ci ildə ölkəyə idxal olunan ətin həcmində artım müşahidə olunub.

Həmçinin,Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin 2018-ci ilin sonu 2019-cu ilin əvvəlinə dair olan məlumatlarına görə, ölkədə istehsal olunan ətin həcmində hiss olunacaq dərəcədə artım müşahidə olunub. Belə olan təqdirdə sual yaranır ki, ətin qiyməti niyə bahalaşır? Nə səbəbə son günlər kiloqramı 13 manata olan quzu ətinin qiyməti 13.50 manata, kiloqramı 11 manata olan dana ətinin qiyməti 11.50 manata, kiloqramı 13 manata olan sümüksüz mal ətinin qiyməti 13.50  qaldırılıb?  

Bəlkə ölkə əhalisinin ət istehlakı artıb?

 Bu suallara cavab tapmaq üçün saytın əməkdaşı bir neçə ət kəsimi məntəqəsində olub,suallara aydınlıq gətirib. Özlərini bəlli etmək istəməyən ət kəsimi məntəqələrində çalışan şəxslərin bildirdiyinə görə,vətəndaşlarımız heç də əvvəlki illərdə olduğu kimi çox ət ala bilmir. Sadəcə ətin qiymətinin artımı onunla izah olundu ki, qış fəslində ota, yemə olan təlabat iki dəfə artır. Rayonlarda bir tay yonca bağlamasının qiyməti 4-5 manata qədər yüksəlir.Örüş yerlərinin zəbt edilməsi, ölkəyə gətirilən heyvandarlıq pereparatlarının qiymətinin yüksək olması və digər amillər ətin maya dəyərini daha da yüksəldir. 

Ət kəsimi məntəqəsində o da bəlli oldu ki,bütün hallarda ətin kiloqramını 1.5-2 manat aşağı satmaq olar. Buna isə ay ərzində ət kəsimi məntəqələrinə gələn “papkalılar” imkan vermir. Belə ki, paytaxt Bakıda fəaliyyət göstərən bütün ət kəsimi məntəqələrindən ay ərzində 5-6 təşkilat nümayəndəsi haqq alır. Bu siyahıda ən az pul alan Ərazi İstismar Mənzil İdarələridir. Hər şeyin qaydasında olduğuna dair verilən "rəy”ə qarşılıq pul alırlarsa, təbii ki, rayonlarla müqayisədə Bakıda ətin kiloqramını ən azı 2 manat baha satmaq məcburiyyəti yaranır. 

Yəni, ət kəsimi məntəqələrindən alınan rüşvət özü də satılan ətin maya dəyərinə daxil edilir, bu isə  qiyməti bahalaşdırır.

Həsrət

Faktinfo.az 

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi