EV ÜÇÜN DEYİL ,EL ÜÇÜN YAŞADI

EV ÜÇÜN DEYİL ,EL ÜÇÜN YAŞADI -Qalib Rəhimli yazır

Onu Yardımlı rayonunda təyinatla işlədiyim zaman tanıdım. 1985-ci il idi. Rayon qəzetində şöbə müdiri işləyirdim.

Sakit, lakin kifayət qədər problemlər yaşanan bir dağ rayonunda işləmək hər kadr üçün ilk baxışdan sıxıcı olsa da zamanla burda olan insanların saflığı, əqidə bütövlüyü, onların halallığı, adətlərinə, ən başlıcası keçmişinə sədaqəti görünən sıxıntıları dəf edirdi. İnsanlar işinə daha möhkəm bağlanırdı. Hər tərəfdən tikanlı məftillərlə əhatə olunan bu dağ rayonuna giriş olsa da çıxış yox idi. Çıxış yalnız İrana idi və ora da dediyim kimi tikanlı tellərlə qorunurdu.

Hüseynağa Əliyev haqqında danışacam. Yaddaşıma söykənib onu bu günün insanlarına tanıtmağa çalışacam. Dövlət Təhlükəsizlik Komitəsinin Yardımlı rayon şöbəsinin rəisi kimi mühüm bir vəzifə sahibi idi. İranla sərhəd bir rayonda bu vəzifənin məsuliyyətindən danışmasam da mənə elə gəlir bunu anlamaq o qədərdə çətin deyil. Açıq deyim ki, insanlar hələ də bu quruma xofla baxır, onlardan uzaq durmağa çalışırdı. Yəni, bir növ burada çalışanlardan kənar dayanmağı uyğun bilirdilər. Hüseynağa müəllimin ilk addımı da dediyim bu xofu aradan qaldırmağa yönəldi. Adamlarla ünsiyyət qurmağın daha vacib olduğunu bildiyindən əhali ilə vaxtaşırı görüşlər keçirdi. Həm fərdi qayda da, həm də kollektivlərdə keçirilən görüşləri irəliyə doğru gedən yolun başlanğıcı hesab etdirdi. Onlara açıq oldu. Səmimiyyətini göstərdi. Qayğıları ilə maraqlandı, problemlərinin həllində birbaşa iştirakçı oldu. Beləcə də sevilməyə başladı, hörmət-izzətə layiq oldu. Ən ucqar yaşayış məkanlarında görüşlər keçirdi, sərhəddə yerləşən kəndləri qarış-qarış gəzdi. Hər dəfə də görüşdüyü insanlardan böyük sevgi ilə ayrıldı. Artıq rayonda hamı onu sevir, bütün məsələlərdə məsləhətləşməkdən çəkinmirdi.

Hüseynağa müəllimin rayon qəzetinin yaradıcı kollektivi ilə münasibətləri də çox normal idi. Zaman-zaman burda çalışan peşəkar jurnalistlərlə fikir mübadiləsi edir, təhlükəsizliyin daha etibarlı təminatı üçün hansı işlərin görülməsinin vacibliyini tövsiyyə edirdi. Bu isə öz növbəsində daha böyük səmərə verir, təbliğatın və ideologiyanın gücünü artırırdı. Onunla ən çox yaradıcılıq əlaqəsində mən olurdum. Bir-birimizi çox asan anlayırdıq. Olduqca sadə, bir o qədər də məntiqli  adam idi. Şirin ləhcəsi var idi. Ədəbiyyatı, incəsənəti, tariximizi çox sevirdi. Tez-tez İmaməddin Nəsimidən, Seyid Əzim Şirvanidən, Mirzə Ələkbər Sabirdən, eləcə də digər klassiklərdən misralar səsləndirir, onların yaradıcılıq hikmətlərini təhlil edirdi. Qısası, əsil haqq adamı idi. Həqiqət naminə hər narahatlığı gözə alırdı. Ruhu poeziya və ədalətlə dolu bu insandan doymaq olmurdu. Təkliflərdən və günün aktuallığında doğan yazılarıma isə xüsusi maraqla yanaşırdı. Hər yazıdan sonra, bax bu ötən dəfəkindən daha dolğun, hədəfə yaxındır deyirdi. Onu rayonda uşaqdan böyüyə hamı çox istəyirdi.

Həkim, Yardımlı sakini, bu gün ağsaqqal kimi yeri başda olan  Hacı Himayət Mahmudov o illəri indi də yaddaşında ən əziz xatirələr kimi yaşadır. Deyir ki, “Hüseyinağa müəllim dövlətinə çox sədaqətli, onu yetirən vətəninə çox bağlı idi. Keçmiş ittifaq tabeliyində olsaq da o, bütöv Azərbaycan sevdalısı kimi özünü bizə, ziyalılara çox sevdirmişdi. Hələ o dövrdə onun demokratikliyinə heyran olmuşduq. Yardımlı onun nəzərində bütöv Azərbaycana keçid idi və uzun illər ayrı düşən qardaşların faciəsinə çox duyğulanırdı. Rayon ictimaiyyəti onunla qürur duyurdu. Sadəliyi və səmiyyəti qarşısında heyranlıqlarını gizlətmirdi. O da özünü heç vaxtt əhalidən kənar görmürdü. Vətəndaş duyğuları insanlarla ünsiyyətini çox gücləndirirdi. Sanki o elə bu rayonda doğulmuşdu və hamı ilə dost, qohum, sirdaş idi. İmperiya dönəmində hər kişi olduğu kimi görünə  bilmirdi. Amma Hüseynağa müəllim bütün streotipləri özünəməxsus siyasi ustalıqla dəf edir və xalqın düşündüklərini anlamağı bacarırdı.”

Tale elə gətirdi ki, mən 1988-ci ildə təyinat müddətim başa çatandan sonra Gəncəyə dəyişdirildim. Şəhər qəzetində işləməyə başladım. Məndən bir neçə il sonra isə onu Goranboy rayonuna eyni vəzifəyə təyin etdilər. Demək bizim tale yollarımız Gəncəbasarda da qoşalaşdı. O vaxtlar Göranboyun ən ağır günləri, ayları, illəri idi və rayon əhalisi hər an erməni silahlı birləşmələrinin hücumuna məruz qalırdı. Belə bir zamanda təhlükəsizlik məsuliyyətlisi kimi onun və başçılıq etdiyi şöbə əməkdaşlarının da üzərinə ciddi vəzifələr düşürdü. Gəldiyi gündən geyindiyi hərbi formanı heç vaxt əynindən çıxartmadı. Tez-tez görüşürdük. Ryonun durumu barədə fikirlərimizi bölüşürdük, ən uyğun məqamlarda isə mətbuat üçün yazılar hazırlayırdım. İndi həmin yazılardan ikisini oxuculara təqdim edirəm və bu insana, böyük vətən fədaisinə bir daha vəfa borcumu göstərmək istəyirəm.

                                              

Birinci yazı

Müharibənin dəhşətini gördüm

 Goranboy rayonu Respublikamızda milli münasibətlərin kəskinləşməsi baxımdan bu gün ən qaynar nöqtələrdən biri hesab edilir. Respublika televiziyasının verdiyi reportajlar, mətbuatın məlumatları bir daha göstərirdi ki, həmin ərazidə vəziyyət son dərəcə gərgindir. Sözün düzü, Goranboy rayonunun qaynar noqtələrində vəziyyəti  əsil müharibə səhnəsi ilə müqayisə etmək mümkündür. Beləcə də hadisələri gözümlə görüb çox saylı Gəncə oxucularına ətraflı məlumat vermək üçün hadisə yerində olmağı lazım bildim.

Goranboy rayonuna günortadan bir az keçmiş çatdım. İlkin məlumatları yol yoldaşlarım, Azərbaycan televiziyasının xüsusi müxbiri Əhməd Məmmədov və operator Rövşən Hüseynovdan öyrənə bildim. Sözün düzü, hər ikisinin güllə, mərmi yağışı, altında çəkiliş aparmalarına, maraqlı müsahibələr götürmələrinə və Azərbaycan əhalisinə doğru-düzgün, özü də vaxtaşırı məlumatlar  çatdırmalarına görə onlara qarşı qibtə hissi keçirdim. Beləcə də rayon Dövlət Təhlükəsizlik Komitəsinin bölməsinin binasına çatdıq. Məlum oldu ki, rəis döyüş bölgəsindədir. Biz də üz tutduq Şəfəq kəndinə. Kənd rayon mərkəzinin təxminən 21 kilometrliyində yerləşir. Rahat yolu var. Çox çəkmədi ki, artıq biz Şəfəqin girəcəyindəki postda dayanmışdıq. Onu da deməyi lazım bilirəm ki, həmin müşahidə məntəqəsindən yol əvvəlki qaydası ilə deyil, üzüm bağlarının arasından salınmış tozlu-torpaqlı sahələrlə davam etdirilir. Bu da, şübhəsiz ki, yolun kənarında yerləşən Qaraçinar kəndində yaşayan  ermənilərin bədxahlığı, yolla gedən maşınları gülləyə  tutması nəticəsində ortaya çıxıb.

Bir neçə kəlmə kəndin  ümumi görünüşü haqqında  demək istəyirəm. Əvəlki haylı-küylü kənd həyatından əsər-əlamət belə qalmamışdı. Kənd arasında ancaq cavanları görmək mümkündür. Onlar da necə deyərlər, müsəlləh əsgər kimi kəndin hər ağrı-acısına dözməyə, torpağını qorumağa can-başla hazırdırlar. Hadisələrin şiddətli məqamlarında, kənddəki evlərin əksəriyyəti dağıdılandan sonra adamlar öz təhlükəsizlikləri naminə aşağı kəndlərə çəkilməli olmuşlar. İndi yalnız əli silah tutan, ürəyi təpərli oğlanlarımız gecə-gündüz sahibsiz qalan evlərə, hədsiz dərəcədə müqəddəs sandıqları torpağa keşik çəkirlər.

Rayon Dövlət Təhlükəsizlik Komitəsinin bölmə rəisi  Hüseynağa Əliyevlə də hadisənin ən qaynar nöqtəsində görüşdük. Çəkiliş qrupunun bura gəlməyi isə birinci növbədə sentyabrın 14-də həlak olmuş adamların meyidlərinin qaytarılması  ilə əlaqədar idi. Əvvəlcədən danışıqlar zamanı razılaşmışdılar ki, həlak olanların meyidlərini bu gün qaytaracaqlar. Vaxta hələ xeyli qalırdı. Odur ki, imkandan istifadə edib Hüseynağa Əliyevdən vəziyyətlə əlaqədar müsahibə almaq istəyimi dedim. Yaxşı dedi. Bilirəm əl çəkməyəcəksən. Diktafonu qoşub ilk sualımı səsləndirdim.

Hüseynağa müəllim, hadisələri son dərəcə kəskinləşdiyi hamımıza yaxşı məlumdur. Onu da bilirik ki, rayona elə bir güclü kömək göstərilmir. Necə deyərlər, ancaq DTK rayon şöbəsinin, yerli milis işçilərinin və respublika Daxili İşlər Nazirliyinin əməkdaşlarının hesabına müəyyən mənada erməni quldurlarının qarşısı alınır. Mümkünsə hadisələrin başlanğıcından bu günə qədər nə baş veribsə onlar haqqında məlumat verəsiniz.

-Sentyabr ayının 14-də səhər saat 6.10 radələrində erməni yaraqlıları Buzluq, Manaşid və Erkəc kəndlərinə hücum etdilər. Qüvvələr nisbəti onların xeyrinə idi. Ən müasir silahlarla silahlanmış və güclü hərbi texnikaya malik erməni yaraqlılarının həmləsinə təbii ki, bizim milis işçilərinin, DTK əməkdaşlarının layiqli cavabı olmayacaqdı. Beləcə də həmin kəndlərin ətrafındakı milis postları dağıdıldı, milis işçiləri oradan geri çəkildi və erməni yaraqlıları heç bir maneə olmadan həmin kəndlərə daxil oldular. Onu da qeyd etməliyəm ki, hücum zamanı ermənilərin 10-dan yuxarı BTR-i olub. Həmçinin iriçaplı pulemyotlardan, toplardan, “Alazan” raketlərindən istifadə edərək həmin kəndləri darmadağın etmişdilər.

-Şübhəsiz ki, bu güclü basqının qarşısında tələfat da olmamış deyil.

-Bəli, tələfat var. 7-8 nəfərə qədər adamımız həlak olub. Bununla belə əsir düşənlər də var. Hazırda RSFSR-in  deputatı Linkova Valentina Viktorovnanın vasitəsilə biz həm əsir düşənləri qaytarmaq, həm də həlak olanların meyidlərini almaq istəyirik. O, da bizə aydın olub ki, Bakı milis dəstəsinin əməkdaşı, milis kapitanı Bədələv və Buzluq kənd sakini Kərimov sağ-salamatdır. Milis işçisi indi keçmiş Şaumyan rayonundakı xəstəxanada ayağından aldığı yaradan müalicə olunur, Kərimov isə milis bölməsinin həbsxanasında saxlanır. Erməni yaraqlıları Başqışlaq kəndinə də hücum edərək 40-a yaxın evi yandırmışlar. Bununla yanaşı həmin ərəfədə Gürzalılar, Şəfəq və Tapqaraqoyunlu kəndlərinə də eyni vaxtda müasir silahlardan atəşlər açılmışdır. Hazırda Zeyvə və Şəfəq camaatı kəndləri tərk ediblər. Gördüyünüz kimi kənddə ancaq kişilər qalıb ki, onlar da kəndin müdafiəsini özlərinə borc bilirlər. Onu da deməliyəm ki, bu gün Şəfəq kəndi  yalnız 50-60 nəfər milis işçisi tərəfindən qorunur.

-Bəs, milis işçilərinin hazırlığı barədə nə demək mümkündür? Erməni yaraqlılarının basqınlarının qarşısını onlarda olan silahların vasitəsilə almaq mümkündürmü?

 -Nə deyim, bizdə avtomat silahlardan başqa heç nə yoxdur. Elə bu səbəbdən də bərabər döyüşlər zamanı biz məğlub oluruq.  Yeri gəlmişkən deyim ki, bu gün Todan kəndində də vəziyyət gərgindir. Oranı ancaq DTK-nın əməkdaşları qoruyur. Bayaq dediyim kimi elə onların da gücü-qüvvəsi bizimki kimidir. Döyüşdə bizə inam verən isə torpağımızın müqəddəsliyidir. Məndə olan məlumata görə ermənilər yandırıb dağıtdıqları üç kəndlə  (Buzluq, Manaşid, Erkəc) qane olmaq istəmirlər. Onlar bu hərəkəti davam etdirərək Çaykənd, Kamo və Azad kəndlərini də özününüküləşdirmək niyyətindədirlər. Bu məlumatı isə bayaq adını çəkdiyimiz RSFSR-in deputatı deyib.

-Məlumatla əlaqədar siz hansı tədbiri görmək niyyətindəsiniz? Əsaslı bir iş görüləcək yoxsa...

Bu məlumatla əlaqədar lazımı yerlərə xəbər verilib. Nəticə etibarı ilə bu hərəkətə qarşı tədbirimiz də yox deyil. Hər halda gücümüzü tam səfərbər edib onların planlarını boşa çıxaracağıq. Yeri gəlmişkən, bir faktı da nəzərinizə çatdırmaq istəyirəm ki, min əzab-əziyyətlə boşaltdığımız kəndlərin ermənilər tərəfindən alınacağı barədə də bizdə məlumat var idi. Özü də biz həmin məlumatı çox çətinliklə əldə etmişdik. Təəsüf ki, məlumatlara vaxtında ciddi əhəmiyyət verilmədi. Nəticəsi isə bu günkü dəhşətli müharibə alovunun güclənməsinə gətirib çıxardı. Bax, indi bizim söhbət etdiyimiz Şəfəq kəndinin özü də bu ərəfədə az itki verməyib.  Kənddə 20-yə yaxın ev dağıdılıb. 10-12 ev isə Zeyvə kəndində yerlə-yeksan edilib. Bu da məlum məsələdir ki, dağıntılar adi güllə ilə törədilməyib. Qəbul etmədiyim odur ki, biz göstəriş  bəlasından yaxa qurtara bilmirik.  Heç yerdən göstəriş gözləmədən müdafiəmizi təmin etməliyik. Arxayınçılıq ucbatından başımız həmişə bəlalar çəkib.

-Adamların kəndə qaytarılması mümkündürmü? Necə başa düşək onlar öz doğma ocaqlarını müdafiə etmək üçün niyə cəhd göstərmirlər?

-Sizin sualınızla tam razılaşa bilmərəm. Artıq Goranboy camaatı çox ayılıb. Onlar həqiqəti olduğu kimi başa düşürlər. Bu kəndlərin camaatına gəldikdə isə deməliyəm ki, əli silah tutanların hamısı torpaq uğrunda son damla qanından belə keçməyə hazırdır. Kənddə olan milis işçilərinə hər vasitə ilə kömək etməyə çalışırlar. Vaxtaşırı milis işçilərinə isti yeməklər verilir, paltarlarla təmin olunurlar. Bax, bunların hamısını kəndin adamları görür. Üstəlik rayonda yaratmaq istədiyimiz milli qvardiya batalyonuna könüllü yazılanlar da çoxdur. Adamlar yaxşı başa düşür ki, onların halına özlərindən başqa heç kim yanmayacaq. Odur ki, hər şeyi bir yana atıb ölümün gözünə dik baxmaqla, sinələrini namərd gülləsinin qabağına verməklə doğma ocaqlarını qorumaq istəyirlər.

-Nəhayət, belə bir sual. DTK–nin rayon şöbəsinin rəisi və uzun müddət bu sahədə çalışan təcrübəli çekist kimi vəziyyətin sonunu necə görürsüz?  Millətin taleyinə nə vaxtsa günəş doğacağına və dəhşətli müharibə alovunun səngiyəcəyinə inanırsınızmı?

-Mənə belə gəlir ki, bu haqda düşünmək hələ tezdir. Nə qədər ki, erməni yaraqlıları gündən-günə yeni hərbi texnika və silahlar əldə edir, biz arxayınlaşıb deyə bilmərik ki, bizim millətin taleyinə yazılan bu qara günlər  asanlıqla silinəcəkdir. Şübhəsiz ki, sonda qələbə bizim olacaq. Çünki biz haqq işi uğrunda, öz torpaqlarımızın bütövlüyü zəminində mübarizə aparırıq, həqiqət isə hamımızın bildiyi kimi nazilib, tapdalanıb, danılıb, ayaqlar altına salınıb, ancaq öz həqiqi dəyərini və həqiqətliyini saxlayıb. Bununla yanaşı mən xalqımızın dəyanətinə və mübarizliyinə inanıram. Bilirəm ki, onlar ayaq açdıqları torpağı göz bəbəyi kimi qorumağı  bacarırlar. Bu bir daha eşitdiyiniz top-tüfəng səsində, qazılmış səngərlərdə gənclərimizin keçirdiyi yuxusuz gecələrdə özünü göstərir. Fakt olaraq onu demək mümkündür ki, rayon əhalisi heç də, bu işlərin təşkilində, mübarizənin qətiyyətli olmasında bizdən az iş görmürlər. Onlar çox intizamlı şəkildə dəstələr düzəldib qanuni formada-nömrələri qeyd olunmaqla silahlar alıb erməni quldurlarına qarşı bizimlə çiyin-çiyinə vuruşurlar.

Bəli, heç bir şübhəyə əsas olmadan demək mümkündür ki, Goranboy  rayonunun Gürzalılar, Todan, Başqışlaq, Şəfəq, Zeyvə kəndləri əsil müharibə meydanıdır. Top-tüfəng səsi, mərmilərn ürəkləri lərzəyə salan uğultusu və dağıntısı bu yerlərdə çox dəhşətli şəkildə görünür. Əgər hansı bir rejissor nə vaxtsa müharibə dəhşətləri haqqında film çəkmək istəsə o gərək işini indidən planlaşdıra. Goranboy ərazisində gedən atışmaları, döyüş səhnələrini lentə köçürə, canlı sənəd kimi öz yaradıcılığında bundan istifadə edə. Ötən axşam televiziyanın “Günün ekranı” proqramında Jeleznavodsk danışıqlarının yekunu haqqında məlumat verilirdi. Biz isə həmin məlumatı dinləyə-dinləyə başımızın üstündən uçub gedən mərmilərin səsini eşidirdik. Belə bir təzadlı fikirlə üz-üzə dayanmalı oluruq ki, ümidlərimizi dirçəldən danışıqlar hara, bu mərmi, top-tüfəng səsləri hara. Əlbətdə, biz həmişə olduğu kimi, həmin danışıqların yekununa da inanırıq. Arzu edirik ki, qəbul edilən bəndlər və təkliflər kağız üzərində qalmasın. Əməli işdə öz həllini tapsın.  Yetər, hələ arzuları çiçək açmayan gənclərimizin yağı gülləsinə tuş gəlməsin.

                                        

İkinci yazı

Goranboy: taleyimizdən keçən ağrılar

 Bu dəfə Goranboy rayonuna ürəyində heç bir qorxu və narahatlıq hissi keçirmədən gedirdim. Bu dəfə üzü qələbəyə uzanan yolla torpaqlarımızın quldur  yuvasından təmizlənməsindən doğan bir sevincin  istəyinə bürünüb gedirdim. Gedirdim qəlbi Vətən eşqi ilə döyünən oğullarımızın quldurlardan təmizlədiyi Goranboy rayonunun ərazisini öz gözlərimlə görməyə. Nə gizlədim ermənilərin quldur yuvasına döndəriyi Ağcakənd ərazisini bu günə qədər görməmişdim. Onun haqqında yalnız  həmin ərazilərə bələd olan adamlardan eşitmişdim.Təbiətinin təmizliyi, bulaqlarının saflığı, torpağının bərəkəti haqqında  o qədər danışmışdılar ki, görməzə tanımaza bu yurdun hüsnünə heyran olmuşdum.

 Bu duyğular içərisində həmişə olduğu kimi yenə də Azərbaycan Milli Təhlükəsizlik  Nazirliyi Goranboy bölməsinə baş çəkdim. Yeri gəlmişkən deyim ki, Goranboyun cəbhə xətlərindən hazırladığımız əksər yazılarda Milli təhlükəsizlik bölməsi  bizə yaxından kömək etmişdir.

Milli Təhlükəsizlik bölməsinin rəisi Hüseynağa Əliyev əvəllər olduğu kimi bu dəfə də məni yüksək səmimiyyətlə qarşıladı. Gec də olsa qələbə münasibətilə onu və otağında əyləşənləri təbrik etdim. Şübhəsiz, məqsədimi ona deməsəm də artıq hər şeyi anlamışdı. Yanında əyləşən hərbi geyimli, orta yaşlı kişini göstərib-Şubay Qasımovdur-dedi. Hadisələrin ilk  günlərindən əlinə silah götürüb qaynar nöqtələrə yola düşüb. Vətənin təhlükəsizliyini torpağımızın tamlığını qorumaq məqsədilə çox risqlərə gedib.

 Bu tanışlıqdan sonra söhbətimiz yavaş-yavaş istədiyim istiqamətə yönəlirdi. Ağcakənd ərazisinə  adamların köçürülməsi ilə maraqlandım. Dedilər ki, yuxarı kəndlərə hələ ki, köçən yoxdur. Şəfəq və Zeyfə kəndlərinə isə qayıdanlar var. Bilirsinizmi hazırkı şəraitdə ermənilərdən təmizlənən kəndlərimizdə yaşayışı təmin etmək çətindir. Dağılmış evlərin bərpası ərazilərin minalardan təmizlənməsi, sanitariya qaydalarının gözlənilməsi və ona əməl edilməsi kimi işlər görülməlidir ki, bu da xeyli vaxt aparacaqdır. Lakin tələsmək lazımdır. Çünki Respublikamız başdan ayağa qaçqınlarla doludur. Evsiz-eşiksizlərin sayı həddindən artıqdır.

Onu da bildirdilər ki, Goranboy müdafiə batalyonu iyun ayının 13-də düşmənin mövqelərinə hücum edib, 4 saat şiddətli atışma olub. Güllə yağışının altında əsgərlərimiz düşməni sıxışdıra bilib. Düşmən nə qədər müqavimət göstərsə də mübariz ordumuzun qarşısında tab gətirə bilməyəcəyini başa düşərək geri çəkilməyə başlayıb. Elə həmin gün Erkəc, Manaşid, Erməni Borisi, Buzluq, Qaraçinar, Taxtut və Yenikənd kəndləri düşməndən təmizləndi. 14-nə keçən gecə isə Xarxavud, Aşağı və Yuxarı Ağcakənd bir də Gülüstan kəndi düşməndən azad edildi. Talış kəndində isə düşmənin mövqeyi ayın 16-da məhv edildi. Adları çəkilən bu kəndlərin hər birinin güclü müdafiəsi həddindən artıq texnikası var idi. Lakin erməni vəhşiliyindən cana doymuş döyüşçülərimizin yolunu heç nə kəsə bilmədi. Yeri gəlmişkən deyim ki, düşmənin aparmağa, məhv eləməyə vaxt tapmadığı 6 ədəd piyadaların döyüş maşını, 4 ədəd uzaq vuran top, bir ədəd zirehli maşını da Azərbaycan əsgərlərinin əlinə keçmişdi.

Bəli, bunlar  rayon Milli Təhlükəsizlik Bölməsində eşitdiyimiz məlumatlardır. Şubay Qasımov söhbətə yekun vuraraq onu da dedi ki, Hüseynağa müəllim təvazökarlıq edib demədi. İlk dəfə Ağcakəndə “NİVA” markalı maşınla birinci o daxil oldu. Nə qədər qışqırsaq da, qarşısını kəsmək istəsək də bizə məhəl qoymadı. “Çoxdankı arzumdur. Gərək quldur yuvasına birinci özüm daxil olum” deyib irəli atılmışdı. Neçə gün davam edən ölüm-dirim müharibəsində cəmi 8 nəfər itkimiz olmuşdu. Onlardan 4-ü Goranboy, 4-ü isə Xanlar batalyonundan idi. Rəhmanın, Gündüzün, Kazımağanın,  Mahmudun və digər döyüşçülərimizin nakam ömrü  ürəyimizə başını dağlayır dedi.

Sonra üz tutduq Ağcakənd istiqamətinə. Qaraçinardan  üzü yuxarı qalxdıqca sərin dağ mehi adamın boyun-boğazını yalayırdı. Bu da illərdən bəri bizə sirli-sehrli görünən, əsl cani yuvasına çevrilən Ağcakənd. Yamyaşıl dağların ətəyinə sığınmış təbiətin ən füsunkar guşəsində inşa edilmiş, binalara baxdıqca ermənilərin nankorluğuna nifrətim daha çox artırdı. Bəli, bu qədirbilməzlər bax belə səfalı yerlərdən öz dinc qonşularını atəşə  tuturdular. Evlərini dağıdıb, ailələrini gözü yaşlı qoyurdular. Səliqə ilə becərilmiş bağlar da diqqətimdən yayınmadı. Açıq-aydın bilinirdi ki, ermənilərin lap son günlərədək buradan köçmək fikirləri yox imiş. Hətta onların əksəriyyəti qış tədarükü də görmüşdü. Həyətlərində  səliqə ilə doğranıb üst-üstə yığılmış odunlar bunu sübut edirdi. Sonra biraz da yuxarı, qol-qola çatılmış dağların ətəyində sığınacaq tapan Başkəndə qalxdıq. Hər yan sakitlik idi. Kəndi gözləyən və döyüşlərin önündə gedən oğullarımızın gülüşündən başqa heç nə eşidilmirdi. Onlar öz aralarında döyüş günlərindən, mövqeləri necə vurub dağıtmaqlarından danışırdılar. Bölmə komandiri İlqar Rəhimov, döyüşçülərdən Məntiq Kazımov, Sahib Cəfərov, Aslan Əliyev, Yadulla Əliyev sevincini heç cür gizlədə bilmirdilər. Niyə də sevinməsinlər? Azmı bu yerlərdə ölümlə üz-üzə, göz-gözə  dayanmışdılar. İndi isə düşmənin ayağını bu yerlərdən birdəfəlik kəsmişdilər.

 Geri dönürük. Hüseyinağa müəllim bir az qayğılı görünür. Yorğunsan yəqin, deyə soruşuram. Yox deyir. Yorulmaq hara, mən hara. Sadəcə düşünürəm, niyə  Azərbaycnın ən səfalı yerlərində tarixən bu nankorlar yaşayıb. Strateji baxımdan əhəmiyyətli olan hündür ərazilərdə məskunlaşıblar.  Amma bunun da onlar üçün faydası olmadığını bu döyüşlərdə gördük. Bilin ki, Azərbaycan əsgərinin qətiyyəti qarşısında heç bir erməni qüvvəsi duruş gətirə bilməz. Yetər ki, havadarları onlardan əlini çəksin.

 Goranboyda Gündüz Hacıyev adlı dövlətinə sədaqətli, uzun illər rayon İcra Hakimiyyəti aparatında, sonralar müxtəlif  vəzifələrə çalışan hörmət və nüfuz sahibi olan bir ziyalı var və o, Hüseynağa Əliyevi çox yaxşı tanıyir, onunla bağlı dəyərli xatirələrini indi də yaddaşınının ən şirin xəzinəsi kimi saxlayır. Onun dilindən Hüseynağa müəllimlə bağlı eşitmək, ötən illərin şahidini dinləmək yerinə düşər. Gündüz müəllim deyir:

-Hüseynağa Əliyev Goranboyun ilk təhlükəsizlik xidmətinin rəisi olub. İlk rəis olmaq şərəfli olduğu qədər də məsuliyyət demək idi. Gərək elə işləyəydin ki, rayonda yeni yaradılan xidmət əhali tərəfindən qəbul edilsin və insanlar bu qrumu özlərinin ən etibarlı dayağı hesab etsin. Həm də rayonda bu xidmət Qarabağ hadisələrinin ən qaynar illərində yaradılmışdı. Gərginlik yüksək həddə idi. Onun komandası hər gün ön cəbhədə olur, məlumatlar əldə edir və buna uyğun da əməliyyat tədbirləri həyata keçirirdilər. Keçirilən əməliyyat tədbirləri də bir qayda olaraq rayon əhalisinin ürəyincə olur, erməni işğalçılarına qarşı ciddi mübarizə aparıldığını sübut edirdi. Rayon ictimaiyyəti ən mühüm və sevindirici xəbərləri də ondan, rəhbərlik etdiyi qurumdan alırdı. Bidiyiniz Goranboy əməliyyatı da onun dövründə həyata keçirildi. Hərbi sursatların alınıb rayona gətirilməsində, könüllülərin səfərbərliyində müstəsna xidmələri olub. Sürücüsü Bəhmən də çox cəsur və qorxmaz oğlan idi. Əsirlərin və girovların dəyişdirilməsində olduqca çevik və məntiqli addımlar atırdı. Ən böyük və indi də dillərdə dastan olan bir neçə fakt deyəcəm. Zori Balayanın yeznəsi Mişanın məhz onun əməliyyat tədbirləri nəticəsində əsir götürülməsi indi də unudulmayıb. Bu ərəfədə Hüseynağa müəllimə həm daxildən, həm də kənardan elə təkliflər edilirdi ki, bunlara yox deməyə hər məmurun, hər kişini nəfsi və cəsarəti çatmazdı. Amma Hüseyinağa müəllim heç nədən çəkinmədən bu təkliflərə yox dedi. Bu “qiymətli” əsiri Hüseynağa müəllimin nəzarəti altında müalicə etdilər və onu Azərbaycan üçün mühüm əhəmiyyət kəsb edən insanlarla dəyişdirdilər. Ermənistan milli bankının prezidentinin oğlu da bu qorxmaz təhlükəsizlik xidməti rəisinin tətbiq etdiyi əməliyyat nəticəsində əsir götürüldü və o da Azərbaycana gərəkli olan insanlarla dəyişdirildi. Ağcakəndə iki ədəd ağır yük-PDM-daşıyan vertalyot da onun dəqiq kordinatları hesabına vuruldu. Bütün bu xidmətlərinə görə o, “Azərbaycan bayrağı” ordeni ilə təltif edilmişdi.

Gündüz müəllim bu igid Vətən oğlu barədə çox danışdı. Hətta kövrəldi, səsi titrədi. Dedi ki, Hüseynağa müəllim Göranboyun igid oğlu kimi həmişə qəlbimizdə, ruhumuzda yaşayacaq.

 Ömür vəfa etsəydi bu gün Hüseynağa müəllimin 71 yaşı olacaqdı. Düz 5 ildir o, bizimlə deyil. Amma işıqlı əməlləri, dövlətinə və millətinə xidmətləri, insanlığı və səmimiyyəti xatirələrdə həmişəlik yaşayır. Hansı bölgədə işləyibsə böyük hörmət, nüfuz sahibi olub. Vətən torpağının hər qarışını müqqəddəs bilib, doğmalarından çox sevib. Bir daha deyim ki o təkcə öz evi üçün yaşamadı. Türklüyün ayrılmaz qolu olan bütöv Azərbaycan üçün, onun xoş gələcəyi naminə yaşadı. Əsil insan da elə dünyasını dəyişəndən sonra yaşayan və xatırlananlardır. Şəxsən mən onu heç unutmadım. Həmişə xoş duyğularla yad elədim. Ailəmizin ən əziz qonağı kimi oğlum Elnura diqqətini, ona səmimiyyətini, silahdan istifadə qaydalarını öyrətməyini həmişə ailəcə xatırladıq. Xatırladıqca gözlərimiz dolur, vaxtsız ölümünə heyifsilənirik. Təsəllimiz bir ondadır ki, o özündən sonra xatırlanası çox işlər qoyub getdi.  Övladlarına və ailəsinə baş ucalığı gətirən, Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşı kimi şərəfli xidmət illəri ilə yadda qaldı. İllər ötəcək, Hüseynağa müəllimin əməlləri unudulmayacaq, həmişə xoş duyğularla yad ediləcək.

Hesab edirəm ki, polkovnik Hüseynağa Məhərrəm oğlu Əliyev haqqında bəzi məqamları çatdıra bildim. Təəssüflə qeyd edim ki, onun 71 yaşı onsuz daxil olur sevənlərinin könül dünyasına. Nə yaxşı ki, bu narahat dünyada yaşamısan, özünü dövlətinə və onu təmsil edən xalqına, biz doğmalarına  sevdirə bilmisən, qardaşım.

Ruhun şad olsun böyük insan, böyük qardaşım.

Qalib Rəhimli









EV ÜÇÜN DEYİL ,EL ÜÇÜN YAŞADIEV ÜÇÜN DEYİL ,EL ÜÇÜN YAŞADIEV ÜÇÜN DEYİL ,EL ÜÇÜN YAŞADIEV ÜÇÜN DEYİL ,EL ÜÇÜN YAŞADI
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi