Onlar mənim “Azərbaycan” şeirimdən bərk yapışıblar...

Onlar mənim “Azərbaycan” şeirimdən bərk yapışıblar... 

“Hüseyn Cavid repressiyaya məruz qaldıqdan, Cəfər Cabbarlı isə gənc yaşında vəfat etdikdən sonra Azərbaycan teatrında müəyyən boşluq yaranmışdı. Səməd Vurğun öz dram əsərləri ilə bu boşluğu doldurmağa çalışdı və müəyyən mənada buna nail oldu”.

Bunu AZƏRTAC-a müsahibəsində  AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun elmi katibi, filologiya üzrə fəlsəfə doktoru, dosent Aygün Bağırlı  deyib.

 

Səməd Vurğunun ilk böyük dram əsərlərindən biri olan “Vaqif” haqqında söhbət açan tədqiqatçı bir sıra maraqlı məqamlardan bəhs edib: “Məlumdur ki, şair bu əsəri çox qısa müddətdə, üç ay ərzində qələmə alıb. Lakin bu, bir neçə ay ərzində düşünülmüş əsər deyildi. Səməd Vurğun uzun illər həmin mövzu üzərində çalışmış, Qarabağın tarixi ilə maraqlanmış, tarixi mənbələr və dramaturgiya nəzəriyyəsinə dair kitablar oxumuşdu.

 

Şairin qardaşına yazdığı məktublardan görünür ki, o, Qarabağın tarixi haqqında geniş məlumatlar əldə etmək üçün çox mənbələrə baş vurmuş, hətta bununla bağlı Heydər Hüseynova məktublar ünvanlayırdı. Tarixi mühiti və dövrün ictimai-siyasi şəraitini dərindən öyrəndikdən sonra əsəri qısa müddətdə yazmağa müvəffəq olmuşdu.

 

“Vaqif” yazıldığı zaman repressiyaların ən ağır dövrü idi. Şair dəfələrlə sorğu-suala çağırılırdı. Xatirələrdə qeyd olunur ki, o, evdən sorğu-sual üçün gedərkən qardaşına əsərin əlyazmasını qorumağı tapşırmışdı. Hətta geri qayıtmayacağı təqdirdə qələmini oğlu Yusifə verməsini söyləmişdi. Sanki hiss edirdi ki, Yusif gələcəkdə yazıçı olacaq və onun yaza bilmədiklərini yazacaq. Sorğu-sualdan qayıtdıqdan sonra isə yaxınlarına bildirib: “Onlar mənim “Azərbaycan” şeirimdən bərk yapışıblar. Eybi yoxdur, zaman hər şeyi həll edəcək, hər şeyi göstərəcək”.

 

Düzdür, bunun üçün uzun zaman lazım oldu. Bu günün prizmasından baxdıqda görürük ki, Səməd Vurğunun vaxtilə təzyiqlərə və təqiblərə məruz qalmasına səbəb göstərilən əsərlər, xüsusilə də “Azərbaycan” şeiri, bu gün onun yaradıcılığının və vətəndaş mövqeyinin ən mühüm sübutlarından biri kimi dəyərləndirilir. Vaxtilə ittiham predmeti olan həmin əsərlər bu gün əslində onun ən güclü müdafiəsinə çevrilib”.

Faktinfo.az

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi