Hakimiyyət və müxalifət mitinq məsələsində israr edir

Hakimiyyət və müxalifət mitinq məsələsində israr edir 

Bakı Şəhər İcra Hakimiyyəti Milli Şuranın 6 aprelə təyin etdiyi mitinqə də “yox” cavabı verdikdən sonra Milli Şura aprelin 20-nə daha bir mitinq təyin edib. 20 aprelə Qarabağ Komitəsi də mitinq təyin edib.

 Lakin Bakı Şəhər İcra Hakimiyyəti hər iki mitinqlə bağlı müraciətlərə hələ rəsmi cavab verməyib.

Qeyd edək ki, Bakı Şəhər İcra Hakimiyyəti müxalifətin 19 yanvar mitinqindən sonra kütləvi aksiyalar üçün edilən müraciətlərə bir qayda olaraq mənfi cavab verir. Milli Şuranın fevralın 23-də və martın 2-də, Müsavat Partiyasının martın 10-da keçirmək istədiyi aksiyalara da razılıq verilməmişdi. Maraqlıdır ki, hər dəfə BŞİH-dən mənfi cavab alınsa da müxalifət eyni addımı təkrarlayır. Beləliklə, mitinq məsələsində həm iqtidar, həm də müxalifət dirəniş göstərməkdə davam edir. Hakimiyyət mitinqlərə razılıq verməmək xəttindən geri çəkilmir, müxalifət isə ard-arda mitinqlər təyin etmək mövqeyindən geri durmur.

Bəs hakimiyyətin mitinqlərdən ehtiyatlanmasında ciddi səbəblər varmı? Müxalifətin hətta keçirilsə belə ciddi dəyişikliklərə səbəb olmayan mitinqlərdə israr etməsinin səbəbi nədir? Bu özünüifadə istəyindən irəli gəlmir ki?

Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev “Yeni Müsavat”a bildirdi ki, burada mübarizə taktikası özünü göstərir. Hər iki tərəfin öz taktikası var: “İqtidar bir neçə düşərgədə döyüşür. Hakimiyyətdaxili qruplar, ənənəvi beynəlxalq müttəfiqlər, cəmiyyətin oyanışı və tələbləri, bir tərəfdən də toparlanan müxalifət təşkilatları. Hakimiyyətdə olanlar fərqindədirlər ki, kütləvi tədbirlər belə anturajda dayanıqsızlıq verə bilər. Bu laxlama isə proqnoza yatmır. Müxalifət də bunu duymaqdadır. Ona görə də zəifi gördüklərindən, oranı da vururlar. Qanun müstəvisində özünümüdafiə iqtidarın, kütləvi tədbirlər keçirmək müxalifətin konstitusion haqqıdır. Hər bir təşkilat qanunla kütləvi aksiya keçirmək hüququna malikdir. Mitinq üçün müraciət edənlər də bu haqlarından istifadə etmək istəyirlər. Konstitusiya hüququndan istifadə təşəbbüsündə ziyanlı heç nə yoxdur. Buna söz demək olmaz”.

AXP sədri Pənah Hüseyn isə bildirdi ki, mitinq üçün müraciətlər, sadəcə, müraciət xatirinə edilən müraciətlər deyil, yürüdülən siyasətin tərkib hissəsidir. Mitinqlərlə bağlı müraciətlərə mənfi cavab verilməsinə baxmayaraq müraciətlərin edilməsi sistemli və ardıcıl siyasətin aparılmasını özündə əks elətdirir: “Hər dəfə müraciət edildikdən sonra müəyyən hazırlıq işləri aparılır, təbliğat gedir, fəallaşma olur. Yəni müəyyən bir xətt davam etdirilir. İkincisi, hər dəfə mitinq üçün müraciətlər və müraciətlərə cavablar qeydə alınır, ölkədə ümumi siyasi vəziyyət haqqında dəyərləndirilmə aparılması üçün bu məqam istifadə olunur. Bu cür vəziyyətin davam etməməsi üçün istər hüquqi müstəvidə, istərsə də siyasi təbliğat istiqamətlərində iş aparılır. İqtidarın mitinqlərə razılıq verməməsi isə belə görünür ki, kütləvi aksiyaların artan xətt üzrə inkişaf edəcəyinə əmin olmalarındandır”.


Birinci məlumatlanmaq üçün facebook səhifəmizi