Heydər Əliyev və Azərbaycan dili

Heydər Əliyev və Azərbaycan dili 

Hər bir xalqın dili onun milli varlığının təcəssümüdür. Bir xalqı məhv etmək üçün onun dilini qadağan etmək, əlindən almaq kifayətdir.

Azərbaycan xalqının xilaskarı olan Ümummilli Lider Heydər Əliyevin dilimizin inkişafı və yaşaması uğrunda xidmətləri danılmazdır. Ulu Öndər dəfələrlə çıxışlarında dilin əhəmiyyətini vurğulamış, qeyd etmişdir: “Dil hər bir millətin mənliyinin əsasıdır. İnkişaf etmiş zəngin dil mədəniyyətinə sahib olan xalq əyilməzdir, ölməzdir, böyük gələcəyə malikdir”.

Ulu Öndərin dil haqqında fikirləri onun fəaliyyətinin də əsas istiqamətlərindən olmuş, daim prioritet kimi diqqətində saxlanmışdır. Təsadüfi deyil ki, sovetlər birliyinin ən güclü vaxtlarıda belə Heydər Əliyev öz uzaqgörən və cəsarətli mövqeyini ortaya qoymuş, dilimizin Azərbaycan SSR-nin dövlət dili olması kimi cəsarətli təklif vermiş və onun təkidi və səyi ilə bu təklif qəbul olunmuşdur.

1978-ci il aprelin 2-də IX çağırış Azərbaycan SSR Ali Sovetinin Azərbaycan Sovet Sosialist Respublikası Konstitusiyasının layihəsi və onun ümumxalq müzakirəsinin yekunlarına həsr olunmuş VII sessiyasında məruzə ilə çıxış edən Ulu Öndər Heydər Əliyevin təklifi ilə 73-cü maddəni aşağıdakı redaksiyada vermək təklif olunmuşdur: “Azərbaycan Sovet Sosialist Respublikasının dövlət dili Azərbaycan dilidir”. Heydər Əliyevin bu təşəbbüsü 1978-ci il 21 aprel tarixində qəbul olunmuş Azərbaycan SSR Konstitusiyasında öz əksini tapmışdır. Azərbaycan dilinə dövlət dili statusunun verilməsi Ümummilli Lider Heydər Əliyevin xalq qarşısında ən böyük tarixi xidmətlərindən biridir. Ulu Öndər bununla gələcək müstəqil dövlətçiliyin milli rəmzlərindən birini məharətlə qorumuşdur.

Azərbaycan dilinin dövlət dili statusuna yüksəlməsi yolunda Ulu Öndər Heydər Əliyevin başladığı müqəddəs milli mücadilənin tarixi bir qərinədən çox davam etmişdir. Milli tariximizə Heydər Əliyev epoxası kimi daxil olmuş 1969-2003-cü illərdə Azərbaycan dilinin hərtərəfli inkişafı yalnız rəsmi sənədlərdə deyil, sözün həqiqi mənasında, gündəlik həyatda, təcrübədə ümumişlək dilə, dövlət dilinə çevrilməsi, beynəlxalq münasibətlər sisteminə, dünya diplomatiyasına yol tapması, beynəlxalq aləmin çox mötəbər məclislərinin kürsülərindən eşidilməsi ulu öndərimizin ana dilimizin inkişafına, onun sosial-siyasi və mədəni həyatda layiqli yer tutmasına göstərdiyi qayğı və diqqətin, son dərəcə dəqiq, düşünülmüş və uzaqgörən dil siyasətinin nəticəsində mümkün olmuşdur.

Şübhəsiz ki, müstəqilliyin ən mühüm atributlarından biri dil məsələsidir. Müstəqilliyin ilk illərində dövlət dili ilə bağlı fərqli mövqelər ortaya qoyulurdu. Bu da dilimizin yenidən təhlükə ilə üzləşdiyinin göstəricisi idi. Ulu Öndər xalqın təkidli tələbi ilə hakimiyyətə gələndən sonra bu məsələni xüsusi nəzarətə götürür. Məsələnin ciddiliyini nəzərə alan ümummilli lider Heydər Əliyev bununla bağlı müzakirələr keçirir.

Xalq 1995-ci il noyabrın 12-də referendum yolu ilə öz mövqeyini nümayiş etdirərək Azərbaycan Respublikasının dövlət dilinin Azərbaycan dili olması müddəasına tərəfdar olduğunu bildirdi. Ana dilimizə qarşı edilmiş haqsızlıq aradan qaldırıldı, onun hüquqları qorundu, cəmiyyətdəki mövqeləri tam bərpa edildi. Müstəqil Azərbaycan Respublikasının 1995-ci il 12 noyabr Referendumu ilə qəbul olunmuş Konstitusiyada Azərbaycan dili dövlət dili kimi təsbit olundu.

Azərbaycan dilinin inkişafı, onun tətbiqi sahəsinin genişləndirilməsi və yabançı təsirlərdən qorunması, habelə bu dilin saflığı, təmizliyi istiqamətində Heydər Əliyevin yeritdiyi siyasət bu gün onun siyasi kursunun layiqli davamçısı möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Heydər Əliyevin dil siyasəti, onun dilimizin inkişafı yönündə göstərdiyi tarixi xidmətlər əsl məktəbdir və bu məktəbin təcrübəsindən zaman-zaman istifadə olunacaqdır.

 Nuranə Atayeva,

Salyan rayon Təzəkənd kənd ümumi orta məktəbin direktor əvəzi

Heydər Əliyev və Azərbaycan dili
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi

 Digər xəbərlərBütün xəbərlər

Bütün xəbərlər