
Heydər Əliyevin Elçibəylə bağlı tarixi qərarı –Şahid: "DTK zabiti qəfil içəri girdi…"
Faktinfo.az Qlobalinfo.az-ın sabiq deputat Fəzail Ağamalı ilə müsahibəsini təqdim edir:
-Fəzail bəy, son günlərdə yayılan videolardan biri cəmiyyətdə xüsusi maraq doğurdu. Həmin çıxışında Ulu Öndər Heydər Əliyev sovet dönəmində Bəxtiyar Vahabzadə və Xəlil Rza Ulutürkün həbs olunmasının qarşısını aldığını bildirir. Ardınca keçmiş prezident Əbülfəz Elçibəy barədə danışaraq, onun 1975-cı ildə həbs edildiyini və bu barədə xəbər tutan kimi dərhal azad olunması üçün göstəriş verdiyini qeyd edir. Sizin bu hadisə ilə bağlı məlumatınız varmı?
-Deyilən fikirlər həqiqəti əks etdirir. Bəxtiyar Vahabzadə, Xəlil Rza Ulutürk və digərləri ilə bağlı hadisələrin birbaşa şahidi olmasam da, həmin dövrdə yayılan söhbətlərdən və ictimai əhval-ruhiyyədən bu barədə məlumatım vardı. Bəxtiyar Vahabzadə yalnız “Gülüstan” poemasında deyil, həm də milli azadlıq mübarizəsini təbliğ edən, milli şüuru gücləndirən şeirləri ilə gündəmdə idi. Xəlil Rza da azadlıq uğrunda mübarizə aparan, müstəqillik ideyalarının tərəfdarı olan bir şair idi. O, Pedaqoji İnstitutda müəllim kimi çalışırdı. Bəxtiyar Vahabzadə isə Dövlət Universitetində professor idi.
-Bəs, Əbülfəz Elçibəyin həbsi?
-Elçibəylə bağlı hadisələrin isə birbaşa şahidi olmuşam. Elçibəyin məhkəməsində dövlət ittihamçısı olan Yəmən Yusifovla şəxsi təşəbbüsümlə baş tutan görüşdə bu məsələni ətraflı müzakirə etdik. Elçibəyin istintaqı və məhkəməsi ilə bağlı Heydər Əliyevin verdiyi tapşırıqlarla əlaqədar olaraq dövlət ittihamçısından dəqiq məlumatlar aldım.
-Aydındır, proses tam olaraq necə baş tutub?
-Məsələ belə idi: Həmin dövrdə Əbülfəz Elçibəy Bakı Dövlət Universitetində dərs deyərkən milli azadlıq ideyalarını auditoriyada açıq şəkildə təbliğ edirdi. 1968-ci ilin payızından etibarən bizə “Asiya və Afrika ölkələrinin yeni tarixi” fənnindən dərs keçməyə başlayanda, paralel olaraq Azərbaycan tarixi, ölkənin parçalanması, tarixi həqiqətlər barədə də danışırdı. Bu, bizim qrupda böyük maraq doğururdu. Qısa müddətdə Elçibəy sevilən və hörmət edilən müəllimə çevrildi. Tədricən onun ideyalarının daşıyıcıları da meydana gəldi və onlardan biri də mən oldum. Mən, eləcə də qrup yoldaşlarım Heydər Mirzəyev və Hümbət Mehdiyev birlikdə Elçibəyin mühüm rol oynadığı, Azərbaycanın azadlığı və bütövlüyü uğrunda mübarizə aparan dərnəyin üzvü idik. Elçibəy açıq şəkildə rus şovinizminə qarşı danışır, Azərbaycan dilinin sıxışdırılması ilə bağlı kəskin fikirlər bildirirdi. Bu çıxışlar geniş təsir doğururdu.
-Bu prosesin Elçibəyin həbsinə təsiri oldu?
-Bəli. Qısa müddət sonra Dövlət Təhlükəsizlik Komitəsinin (DTK) agentura şəbəkəsi bu fəaliyyətdən xəbərdar oldu. Elçibəy, onun ətrafı və biz tələbələr DTK tərəfindən izlənilir, fəaliyyətimiz sənədləşdirilirdi. Fikrimiz və davranışlarımız xüsusi qovluqlarda toplanırdı.
1971-ci ildə universiteti bitirdikdən sonra təyinatla Naxçıvana göndərildim. Əvvəlcə orta məktəbdə, sonra isə Naxçıvan Universitetində dərs deməyə başladım. 1975-ci ildə Elçibəy daha ciddi nəzarətə alındı və sonda həbs olundu. Bir gün dərs zamanı DTK-nın Naxçıvan Pedaqoji İnstitutu üzrə kuratoru olan leytenant tərəfindən auditoriyadan çıxarıldım. O mənə bildirdi ki, Bakıya getməliyəm – müəllimim Elçibəyin istintaqı başlamışdı. Ondan hansı müəllimim olduğunu soruşdum. Bunu deyərkən “Sən yaxşı bilirsən kimdir – Əbülfəz Əliyev” sözlərini işlətdi. Mənim üçün artıq hər şey aydın idi. Təhlükəsizlik orqanlarının gözəgörünməz nümayənədlərinin nəzarəti altında Bakıya gətirildim və izahat verdim.
-Həmin anları necə xatırlayırsınız?
-İstintaq prosesi mənim üçün çox ağır keçdi. Məni Elçibəyin əleyhinə ifadə verməyə vadar etməyə çalışdılar. Bir neçə dəfə təqdim olunan izahatlara qol çəkmədiyim üçün cırıb atdılar. Çünki orada yazılanlar həqiqətə uyğun deyildi. DTK-nın istintaq idarəsinin rəisi, polkovnik Səlimzadə məni təhdid etdi, ağır ifadələr işlətdi. Lakin bütün bu təzyiqlərə baxmayaraq, Elçibəyin əleyhinə heç bir əsas verəcək ifadə vermədim.
Məndən başqa digər tələbələr və müəllimlər də istintaqa cəlb olundular. İkinci istintaq mərhələsi birincidən daha yumşaq keçdi. Bu dəfə daha çox formal sorğular aparıldı və bizi “gedin müəllimlik edin, belə şeylərlə məşğul olmayın” kimi sözlərlə yola saldılar.
-Maraqlıdır, Əbülfəz bəy necə həbs edildi?
-Ardınca Elçibəyin məhkəməsi başlandı. O dövrdə indiki Səməd Vurğun küçəsində yerləşən Ali Məhkəmənin binasında keçirilən məhkəməyə çox sayda insan toplaşmışdı. Mən də Elçibəyə rəğbət bəsləyənlər arasında idim. Məhkəmənin qapalı keçirilməsi planlaşdırılsa da, xalqın təzyiqi nəticəsində bir qədər açıq keçirildi. Polkovnik rütbəli bir şəxs izdihamı sakitləşdirmək üçün yaxınlaşdı və məhdud sayda insanın içəri buraxılacağını bildirdi. Mən də irəli çıxıb məhkəmədə iştirak etmək istəyimi bildirdim. Məhkəmə zalı kiçik idi, lakin Ali Məhkəmənin Kollegiya zalında 20-30 nəfərin yerləşdiyi, bir qisminin isə ayaq üstə iştirak etməsinə icazə verildi.
Elçibəyə 10 il həbs cəzası veriləcəyi gözlənilirdi. Hətta mənim də həbs olunacağımı, Elçibəyin sürgün ediləcəyini söyləmişdilər. Lakin nəticədə Elçibəyə cəmi 1 il 6 ay iş verildi. Tələbələri və yaxın ətrafı isə sərbəst buraxıldı. Elçibəy Qaradağdakı həbsxanada cəza müddətini başa vurduqdan sonra azadlığa çıxdı.
-Həmin cəza müddətinin 10 ildən ilyarıma endirilməsində Heydər Əliyevin rolu olubmu? Bu barədə nə danışa bilərsiniz?
-Bir neçə il əvvəl Yəmən Yusifov “Modern.az” saytına verdiyi müsahibədə həmin məhkəmə prosesi haqqında danışdı və mənim adımı çəkdi. Bu, məndə ciddi maraq doğurdu. Onunla görüşmək istədim və nəhayət, Nardarandakı bağ evində görüşümüz baş tutdu. Tək yaşayırdı. Ona bir neçə sual verdim. Bəzilərinə cavab vermək istəmədi, çünki and içdiyini və zabit ləyaqətini əsas gətirdi.
Ondan Elçibəyə 10 il iş verilməsi və ətrafının da həbs edilməsi qərarının niyə icra olunmadığını soruşdum. Bildirdi ki, belə bir ssenari planlaşdırılmışdı. Lakin istintaq başa çatdıqda Heydər Əliyev onu Mərkəzi Komitəyə çağırıb və belə demişdi:
“Yəmən Yusifov, sən orada nə istintaq aparırsan ki, Elçibəy sovet hökumətini yıxır? Sözlə, söhbətlə, top-tüfənglə silahlanmış sovet hakimiyyətini yıxmaq olarmı?!”
Yəmən Yusifov “Xeyr” cavabını verəndə Heydər Əliyev belə demişdi:
“O zaman bu teatrı yığışdırın. Mən Ali Məhkəmənin sədrinə də demişəm – ona yüngül cəza verin. Müəllimdir, ziyalıdır. Cəzasını çəkər, peşman olar. Ağır cəza verməyin. Qoy kitabxanada həmin müddəti keçirsin, sonra da qayıdıb elmi fəaliyyətlə məşğul olsun”.
Yəmən Yusifov bildirdi ki, Heydər Əliyevin bu sözlərindən sonra Ali Məhkəmənin sədri ilə məsləhətləşmələr aparıldı, istintaqın istiqaməti dəyişdirildi və Elçibəy “anti-sovet təbliğatı” maddəsi ilə 1 il 6 ay azadlıqdan məhrum edildi. Beləliklə, Heydər Əliyev o zaman həm Elçibəyi, həm də onlarla gəncin həyatını xilas etmişdi.
Bu xəbər üçün şərh yazın