“Hind fili”nin mat həmləsi…- Hindistan Yaxın Şərq siyasətini dəyişib İsraillə necə dost oldu?

“Hind fili”nin mat həmləsi…- Hindistan Yaxın Şərq siyasətini dəyişib İsraillə necə dost oldu? 

Hindistan baş naziri Narendra Modi ötən həftə tarixdə ilk dəfə İsrailə səfər etdi. Modi üçün təmtəraqlı qarşılama mərasimi təşkil olundu. Hind baş naziri qarşılamağa İsrailin hökumət rəhbəri Binyamin Netanyahu və kabinetinin bütün üzvləri gəlmişdi. Qırmızı xalı, jurnalist ordusu, biznesmenlər, hörmətli ravvinlər, generallar… Buna qədər belə münasibəti ancaq ABŞ prezidenti və Roma Papası görmüşdü. Jurnalistlər, siyasilər, ekspertlər yekdilliklə bu səfəri Hindistanın Yaxın Şərq siyasətində ciddi dönüş kimi qiymətləndirdilər.

Xarici mətbuat  bu reallığın nə dərəcədə  olduğuna  aydınlıq gətirməyə çalışıb.

"Hindistanın bacarığı və İsrail texnologiyaları – bu, bizim ikitərəfli münasibətlərimizin gələcəyidir. Baş nazir Modi ilə 2014-cü ildə BMT Baş Assambleyasında görüşəndə qərara gəldik ki, bizi ayıran son divarları da aradan götürək. Cənab Modi həmin vaxt demişdi ki, bizim münasibətlərdən yüksəkdə təkcə göy üzü olacaq. Bu gün isə bizim münasibətlər artıq peykə yüksəlib", – deyə Netanyahu Modi ilə görüşdə bildirdi. 

Modinin geyimi – ağ pencəyinin döş cibinə İsrailin dövlət bayrağının rəngləri əks olunan yaylıq qoyması diqqətlərdən qaçmadı. Təyyarədən enən kimi Modi Netanyahu ilə düz üç dəfə möhkəm qucaqlaşdı. 

Sanki illərin dostu uzun ayrılıqdan sonra bir araya gəlmişdi. Təsadüfü deyil ki, 3 gün davam edən səfər boyunca hər iki dövlət rəhbərinin dilindən "dost" sözüdüşmədi. Təsəvvür etmək olmurdu ki, bu, Hindistanın tarixində İsrailə ilksəfərdir. 

Yəhudilərin bir qismi qədimdən bəri Hindistanda yaşayır. Ən qədim yəhudi icması İndostan yarımadasında hələ şah Solomonun dövründə yerləşib. Onlar yerli əhali ilə qarışaraq öz dillərini (judeo-malayalam) da yaradıblar. 

"Bəni-İsrail" və "İsrail oğulları" icmaları isə Hindistanda bizim eranın ikinci əsrindən məskən salıblar.  

XIX əsrdə Bombeyə böyük yəhudi icması yerləşib. Başqa ölkələrdən fərqli olaraq Hindistanda heç vaxt antisemitizm olmayıb. Əgər bir çox ölkələrdə yəhudiləri fərqli adət və ənənələrinə görə sevmirdilərsə, Hindistanda belə münasibətə rast gəlinmirdi. 

Hindlilər də uzun illərdən bəri İsrail torpaqlarında yaşayır. Birinci Dünya müharibəsi illərində Yerusəlimi türklərdən azad edən general Alleninin ordusunda da hindlilər əhəmiyyətli yer tuturdular. 

1947-ci ilin mayında – formal müstəqillik qazanmasına 3 ay qalmış Hindistan BMT-nin nəzdində Fələstinlə bağlı yaradılmış xüsusi komissiyaya daxil oldu.

Hindli diplomatlar orada vahid ərəb-yəhudi federativ dövlətinin qurulmasını təklif etmişdilər. Lakin əksər ölkələr iki fərqli dövlətin (ərəb və yəhudi) yaradılmasına səs verdi. 

Hindistan da etiraz əlaməti olaraq müsəlman dövlətlərinə qoşulub İsrailin BMT-yə üzlüyünün əleyhinə səs verdi. Baş nazir Cavaxarlal Neru sonradan bildirmişdi ki, sionistlər Hindistanın BMT-dəki təmsilçisini və onun bacısını ələ almağa çalışmış, hətta ölümlə hədələmişdilər.

Buna baxmayaraq, Hindistan 1950-ci ildə İsrail dövlətini tanıdı. Üç il sonra Hindistana İsrailin konsulu gəldi. Lakin hər şey bununla məhdudlaşdı. Sonrakı illərdə Hindistan rəsmiləri ərəb dövlətlərinə və onların İsrailə qarşı addımlarına tam dəstək verir, Fələstinin müstəqilliyi üçün ərəblərlə həmrəylik nümayiş etdirirdilər. 

Hindistanı idarə edən Milli Konqres müsəlman seçicilərin səslərini itirmək, həmçinin nəhəng hind diasporasının mövcud olduğu, böyük neft və pul axının gəldiyi ərəb ölkələri ilə münasibətləri korlamaq istəmirdi.

Bununla yanaşı, Hindistan Milli Konqresi İsrailə Pakistanda olduğu kimi din əsasında qurulmuş dövlət kimi baxırdı.  Bu analogiya da isti qarşılana bilməzdi.

90-cı illərinə əvvəllərində dünya dəyişməyə başladı, köhnə alyanslar dağıldı. 92-ci ilin yanvarında Hindistan İsraillə diplomatik əlaqələri bərpa etdi. Həmin vaxtdan bu əlaqələr dinamik şəkildə inkişaf edir. 

Hərçənd Milli Konqresdə olan siyasilər son dönəmlərə qədər iddia edirdilər ki, Hindistan əvvəlki kimi Fələstin xalqının müqəddəs mübarizəsini dəstəkləyir.

2014-cü ildə hakimiyyətə gələn Narendra Modi hesab edir ki, müsəlmanların rəğbətini qazanmaq üçün narahat olmağa dəyməz. 

Şərhçilərin fikrincə, Modi baş nazir postunu tutandan bəri ölkə rəsmilərinin İsrailə münasibəti kökündən dəyişib. Və hökumət İsrailə olan rəğbətini gizlətmir. Üstəlik İsraillə yaxın münasibətlərin prioritet olmasından qürur duyur.

Hindistan millətçilərinin ilk vaxtlar İsrailə münasibətləri müsbət idi. Dini əsaslar üzərində qurulmuş dövlət onların da ürəyincəydi. İfrat sağçıların liderlərindən biri – Madxav Sadaşiv Qolvalkar bildirmişdi ki, İsrail öz kimliyini qoruyub saxlamaq istəyirsə, Fələstini ərəblərdən təmizləməlidir. Məhz millətçilərin hakimiyyəti dövründə (Atala Bixara hökuməti) İsrail baş naziri ilk dəfə Hindistana səfər etmişdi.

2003-cü ildə  Hindistana gələn Ariel Şaronu müsəlmanların etirazlarına baxmayaraq, əziz qonaq kimi qarşılamışdılar. Modi özü də hələ baş nazir olmamışdan əvvəl İsrailə rəğbətini bir neçə dəfə dilə gətirmişdi.  

Xarici işlər naziri Suşma Svarac Fələsətin məsələsində Hindistanın mövqeyində hər hansı dəyişikliyin olmadığını desə də, reallıq bunun əksini göstərir. 

2014-cü ildə BMT-də İsrail hərbçilərinin tənqid olunduğu qətnamə qəbul olunanda Hindistan ərəb dövlətlərinin iradlarına baxmayaraq, sənədə dəstək vermədi.  

Əslində təəccüblü deyildi. Çünki İsrail hazırda Hindistan üçün silah satan əsas ölkələrdən biridir. Hindistan İsrail silahının ən nəhəng alıcılarındandır. Və bu silahlara milyardlarla dollar xərcləyir.  

Amma əsas məsələ heç bu da deyil. İsrail Hindistana silah satmaqla kifayətlənmir, bu ölkə ilə müştərək istehsala da razılıq verir. Modi üçün isə "Hindistan istehsalı" konsepsiyası böyük əhəmiyyət daşıyır. 

Hindistan İsrailin ticarət tərəfdaşları siyahısında 9-cu yeri tutur. İsrail idxalı 92-ci ildə 200 milyon dollar idisə, hazırda bu rəqəm 4,2 milyarda yüksəlib. 

İsrail Hindistanı bu ölkənin böyük ehtiyac duyduğu texnologiyalarla (aqrar sahədən tutmuş, kosmik texnologiyalara qədər) da təmin edir. 

Modinin səfəri zamanı ayrı-ayrı sahələr üzrə 7 razılaşma əldə olundu. Bura 40 milyon dollarlıq kapitalı olan birgə innovasiya fondunun yaradılması ilə bağlı saziş də daxildir. 

Bu arada, fələstinlilər son ana qədər ümid edirdilər ki, Modi digər dünya liderləri kimi onlara da baş çəkəcək və Mahmud Abbasla görüşəcək. Lakin Hindistan baş naziri bu görüşdən nümayişkaranə şəkildə imtina etdi. 

«Biz düşünürdük ki, Modi həm İsrailə, həm də Fələstinə gələcək. Kimsə vasitəçi olmaq və sülh çağırışları etmək istəyirsə, hər iki tərəfi ziyarət etməlidir", – deyə Fələstin xarici işlər naziri Tasir Jaradat yerlilərin narazılığını dilə gətirdi.

Lakin Fələstin xalqının nə düşünməsindən asılı olmayaraq reallıq odur ki, Narendra Modi hakimiyyətdən hələ uzun müddət getmək istəmir və İsraillə dostluqdan da heç bir halda imtina etmək fikrində deyil.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi