Hüseyn Abdullayevə 8 il cəza tələb edildi, zaldan çıxarıldı, anasına təcili yardım çağırıldı

Hüseyn Abdullayevə 8 il cəza tələb edildi, zaldan çıxarıldı, anasına təcili yardım çağırıldı 

Sabiq deputat Hüseyn Abdullayev, onun anası Zeynəb Abdullayeva, Həbib İbrahimov, Xalid Əliyev, Namiq Babayev, İntiqam Süleymanov, Pərviz Kazımov, Zaur Quliyev və Nazim Əliyevin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

 Hərbi Məhkəmədə hakim Həbib Həsənovun sədrliyi ilə keçirilən prosesdə prokuror çıxış edərək Hüseyn Abdullayevin keçmiş cəzası ilə birlikdə toplamaqla 8 il, Namiq Babayevin 8 il, İntiqam Süleymanovun 6 il, Nazim Əliyevin 6 il azadlıqdan məhrum edilməsini, DSX əməkdaşları- Zaur Quliyev, Pərviz Kazımov, Həbib İbrahimov və Xalid Əliyevə 4 il sınaq müddəti seçilməklə şərti cəza istəyib.


Prokuror Zeynəb Abdullayevin 5 min manat cərimələnməsi istəyib.


Hüseyn Abdullayev prokurora etiraz edib. Buna görə hakim onu zaldan çıxarıb. Bu zaman onun anasının halı pisləşib, məhkəməyə təcili yardım çağırılıb.


Proses sentyabrın 26-da davam edəcək.

Qeyd edək ki, ayrı-ayrı vətəndaşların Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə daxil olmuş müraciətləri əsasında 14 fevral 2018-ci il tarixdə başlanmış cinayət işi üzrə H.Abdullayevin 2006-cı ildən 2018-ci ilədək olan müddət ərzində faktiki nəzarət etdiyi “Araz-İnşaat” ASC-də onun tapşırığına əsasən, müəssisənin idarə olunmasını həyata keçirən Babayev Namiq İsmixan oğlu və qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında Cəmiyyətə məxsus obyektləri müxtəlif vaxtlarda ayrı-ayrı şirkətlərə icarəyə verərək, ümumilikdə, 1 milyon 374 min manat məbləğində gəlirlərin Cəmiyyətin kommunal xidmət və sair xərclərinin ödənilməsinə sərf olunmasına dair digər səhmdarlara yalan məlumat verməklə 13 min 373 manat məbləğində dividentləri vahid qəsdlə ələ keçirib zərərçəkmiş şəxslərə xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq edib.


Təqsirləndirilən şəxslərdən bəziləri Dövlət Sərhəd Xidmətinin əməkdaşlarıdır. Bu səbəbdən cinayət işi Bakı Hərbi Məhkəməsinə göndərilib.

İş üzrə zərərçəkmiş şəxs qismində 28 nəfər tanınır.
Xatırladaq ki, iş üzrə təqsirləndirilən Z.Abdullayeva, H.İbrahimov, Z.Quliyev və P.Kazımov barəsində ev dustaqlığı qətimkan tədbiri seçilib.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi