İsaxan Vəliyev yazır-

İsaxan Vəliyev yazır- Müasir gənclik - dövlət quruculuğunda yeni təfəkkürlü vətəndaş

Tarixən siyasi reallıqları obyektiv dəyərləndirərək doğru seçim edən xalqlar istənilən çətin sınaqlardan, mürəkkəb vəziyyətlərdən üzüağ çıxmış, gələcəyə doğru inamla irəliləmiş, bəşəri miqyasda özünütəsdiq imkanı qazanmışlar.

Taleyini hər zaman qəlbən inandığı, etimad bəslədiyi liderə etibar etmiş Azərbaycan xalqının 2018-ci il 11 aprel tarixli seçimi də məhz bu reallıqla şərtlənmiş, Heydər Əliyev siyasi kursunun növbəti möhtəşəm qələbəsinə çevrilən bu hadisə Azərbaycanın keyfiyyətcə yeni mərhələdə müasirləşməsi və dayanıqlı inkişafı üçün geniş imkanlar açmışdır.

Azad, ədalətli və şəffaf şəraitdə keçirilmiş 11 aprel seçkiləri müstəqil Azərbaycanın demokratikləşməsi, siyasi mühitin və dövlət idarəetmə sisteminin müasirləşdirilməsi baxımından yeni imkanlar açmış, liberal dəyərlərə, ölkəmizin demokratik norma və prinsiplərə səmimi sadiqliyini nümayiş etdirmişdir. Ölkə seçiciləri öz səslərini ötən 15 ildə hər vədini əməli işi ilə doğruldan, ictimai həyatın müxtəlif sahələrində inkişafı təmin edən, insan amilini uca tutan monolit siyasi komandanın namizədinə vermişlər. Bu dəyişməz seçim həm də obyektiv reallığa, respublikamızın son 25 ildə keçdiyi tarixi inkişaf yolunun məntiqi yekununa, konkret desək, Azərbaycan vətəndaşının bugünkü yaşam tərzinə əsaslanmışdır. 

11 aprel seçkilərinin nəticələri göstərmişdir ki, bu gün qloballaşan dünyada olduğu kimi, Azərbaycanda da zaman mütərəqqi islahatların, demokratik inkişafın xeyrinə işləyir. Dövlət başçısı cənab İlham Əliyevin idarəçilikdə qazandığı böyük uğurların əsasında da məhz onun ulu öndər Heydər Əliyevin vaxtilə prioritet məsələ olaraq önə çəkdiyi demokratikləşmə strategiyasına sadiqliyi dayanır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Milli Məclisdə keçirilmiş andiçmə mərasimindəki dərin məzmunlu çıxışında demokratikləşməyə xidmət edən islahatların bundan sonra da davam etdiriləcəyini vurğulamışdır: “Hesab edirəm ki, bu 15 il demokratik inkişaf baxımından çox uğurlu illər olmuşdur. Biz siyasi islahatları dərinləşdirərək bütün azadlıqları - söz azadlığını, mətbuat azadlığını, sərbəst toplaşma azadlığını, siyasi fəaliyyət azadlığını təmin etmişik. Təkcə onu demək kifayətdir ki, bu gün Azərbaycan vətəndaşlarının 80 faizi internet istifadəçiləridir və internet Azərbaycanda azaddır. Yəni demokratik inkişafla bağlı bizim siyasətimiz çox düzgün siyasətdir və bizim milli maraqlarımızı təmin edir”.

Xüsusi vurğulamaq lazımdır ki, cəmiyyətin bütün zümrələrinin fəal şəkildə qatıldığı və vətəndaş mövqeyi nümayiş etdirdiyi son seçkilərdə gənclərin mütəşəkkilliyi də diqqətçəkən olmuşdur. Təsadüfi deyildir ki, dövlət başçısı cənab 

İlham Əliyev 11 aprel seçkilərindən dərhal sonra Bakıda təşkil olunmuş bayram ovqatlı tədbirdə gənc nəslin seçkilərdəki fəallığını, eləcə də onların ölkə həyatındakı müstəsna rolunu yüksək dəyərləndirmişdir: “Bizim taleyimiz öz əlimizdədir. Üzümü Azərbaycan gənclərinə tutub deyirəm: ölkəmizin gələcəyi sizin əlinizdədir. Bu gün yetişən gənclik gələcəkdə Azərbaycanı idarə edəcək”. 

Cənab İlham Əliyevin səlahiyyətlərinin icrasına başladığı ilk günlərdən həyata keçirdiyi struktur və kadr islahatları - xüsusilə də müasir qlobal çağırışları obyektiv dəyərləndirməyi bacaran, yüksək intellektual səviyyəli, müasir menecer təfəkkürlü gəncləri yüksək dövlət postlarına təyin etməsi bu bəyanatın reallığa adekvatlığını bir daha təsdiqləyir. Hökumət komandasındakı son dəyişikliklər dövlətimizin rəhbərinin gənc, perspektivli və vətənpərvər kadrların irəli çəkilməsi yolu ilə idarəetmə sistemində şəffaflığı, səmərəliliyi, hesabatlığı təmin etmək, sistem xarakterli islahatları sürətləndirmək istəyinin bariz təcəssümüdür. 

Tarixən gənclər hər bir xalqın və dövlətin inkişafında mühüm rol oynayan sosial təbəqə kimi ictimai-siyasi, sosial-mədəni həyatın bütün sahələrində intibah proseslərinin hərəkətverici qüvvəsi qismində çıxış etmişdir. Ötən əsrin sonlarında dövlət müstəqilliyinin bərpası prosesində canı, qanı ilə iştirak edən, sonrakı mərhələdə dövlətçiliyin möhkəmləndirilməsi prosesində öncüllüyü ilə seçilən Azərbaycan gəncliyi ötən 25 ildə ictimai həyatın bütün sahələrində fəal mövqe tutmuş və faydalı təşəbbüslərlə çıxış etmişdir.

Gənclik ilk növbədə, yeni düşüncə, təşəbbüskarlıq deməkdir. Bu gün hər bir azərbaycanlı gənc malik olduğu yüksək mənəvi-əxlaqi keyfiyyətləri, soy-kökünə, vətəninə, elinə bağlılığı ilə bu yurdun şərəf tarixinin daşıyıcısıdır. Böyük ingilis yazıçısı Uilyam Şekspir yazırdı ki, hər bir millətin istər tərəqqisi, istərsə də tənəzzülü həmin millətin gənclərinin alacaqları tərbiyədən asılı olur. Gənclik müdrikliyi mənimsəmək, qocalıq isə bu müdrikliyi tətbiq etmək dövrüdür.

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev gənclərin ölkəmizin gələcək inkişafındakı rolunu yüksək dəyərləndirərək deyirdi: “Siz - gənclik, Azərbaycanın bu günü və gələcəyisiniz. Sizin üzərinizə böyük vəzifələr düşür. Bu vəzifələr gələcəkdə daha da böyük olacaqdır. Siz müstəqil Azərbaycanı XXI əsrdə yaşadanlarsınız, quranlarsınız, inkişaf etdirənlərsiniz. Biz müstəqil Azərbaycanın taleyini gələcəkdə sizə etibar edəcəyik, sizə tapşıracağıq. Ona görə də Azərbaycanı, Azərbaycan dövlətini yaşatmaq, inkişaf etdirmək üçün hazır olun!”

Avropa mütəfəkkiri İohan Vilhelm Snelmanın sözüdür: “Gəncliyin ruhunu istifadəsiz bir tarla kimi qoysanız, orada gicitkən və tikandan başqa bir şey tapa bilməyəcəksiniz”. Azərbaycan hakimiyyəti xalqın işıqlı sabahı, dövlətin nikbin gələcəyi naminə sağlam düşüncəli, fiziki cəhətdən möhkəm, iradəli, özünə inamlı, vətənpərvər, kamil, yüksək istedadlı və yaradıcı ruhlu gəncliyin formalaşmasına yönəlmiş kompleks tədbirlər sistemi həyata keçirir. 

Respublikamızda dövlətin gənclər siyasətinin uğurla reallaşdırılması prosesinə aidiyyəti nazirlik və dövlət qurumları ilə yanaşı, 2014-cü ildə yaradılmış Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu da öz sanballı töhfələrini verməyə çalışır. Ümumilikdə 4 illik fəaliyyətinin yekunlarına nəzərən demək olar ki, Bilik Fondunun ictimai həyatın ən müxtəlif sahələri üzrə fəaliyyəti bir ümumi nöqtədə kəsişir: vətəninə, dövlətinə bağlı, ölkədə sivil yenilikləri, müasir bilikləri, innovasiyaları dərindən mənimsəyən, kreativ düşüncəli yeni nəslin formalaşdırılması prosesinə töhfələr vermək, mütərəqqi milli düşüncənin təbliğində və inkişafında yaxından iştirak etmək, ümumən intellektual-mənəvi yüksəlişə xidmət edən təşəbbüsləri dəstəkləmək. Ötən müddətdə fond bu strateji məqsədlərin gerçəkləşdirilməsinə - gənclərin hərtərəfli inkişafına və özünü realizə etmələrinə xidmət edən çoxsaylı layihələri uğurla gerçəkləşdirmişdir. 

Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun əməkdaşı kimi xüsusi vurğulamaq istərdim ki, son illər gənclərin iştirakı ilə keçirdiyimiz müxtəlif səviyyəli görüşlər, paytaxt Bakıda və respublikamızın bölgələrində gerçəkləşdirilən tədbirlər ölkəmizin gələcəyinin etibarlı əlllərdə olduğuna qəti əminlik yaradır. Xüsusən də son prezident seçkiləri ərəfəsində bölgələrdə seçki qanunvericiliyin şərhi məqsədilə keçirdiyimiz maarifləndirici tədbirlər gənclərin yüksək mütəşəkkilliyi, fəallığı ilə diqqətçəkən olmuş, yeni nəsildə xalq və dövlət təəssübkeşliyinin, vətənpərvərlik hissinin güclü olduğunu bir daha təsdiqləmişdir. 

Xüsusi vurğulamaq istərdim ki, son illərdə fondun Gənclər və İdman, Təhsil, Müdafiə nazirlikləri, habelə Azərbaycan Milli Elmlər Akademiyasının gənc alimləri ilə sıx əməkdaşlıq münasibətləri qurması gənc nəslin mənəvi-fiziki inkişafına xidmət edən layihələrin səmərəliyini və ünvanlılığını təmin etmiş, yeni innovativ ideya və təşəbbüslərin reallaşdırılmasına imkan yaratmışdır.


Gəncləri müstəqillik ideyası ətrafında səfərbər edən lider


Xatırlatmaq lazımdır ki, Azərbaycan Prezidenti cənab İlham Əliyevin bu sahədə həyata keçirdiyi çoxşaxəli tədbirlər ümummilli lider Heydər Əliyev tərəfindən əsası hələ ötən əsrin 70-80-ci illərində qoyulmuş gənclər və idman siyasətinin məntiqi davamı kimi diqqətəlayiqdir. Ümummilli lider hələ sovet Azərbaycanına rəhbərlik etdiyi illərdə respublikada milli ruhun, milli özünüdərk hisslərinin yüksəldilməsi; milli-mənəvi dəyərlərin mühafizəsi; Azərbaycan dilinin ana dili kimi Azərbaycan SSR Konstitusiyasında təsbit edilməsi; azərbaycanlı gənclərin keçmiş SSRİ-nin nüfuzlu ali məktəblərinə ali təhsil almağa göndərilməsi; imkansız ailələrin övladlarının ali məktəblərin hüquqşünaslıq, şərqşünaslıq, tibb kmi “əlçatmaz” ixtisaslara qəbulu yolunda bürokratik maneələrin aradan qaldırılması; respublikada hərbi təhsilin inkişafı; milli kadrların irəli çəkilməsi və digər mühüm istiqamətlərdə həyata keçirdiyi tədbirlər gənc nəslin hərtərəfli inkişafına, onların cəmiyyət həyatında layiqincə təmsilçiliyinə xidmət etmişdir. 

Ümummilli lider 1982-ci ildən SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsinə irəli çəkildikdən sonra da gənclərin inkişafına xüsusi diqqət yetirmiş, onların potensialından müxtəlif layihələrin, o cümlədən ittifaq üçün strateji əhəmiyyətli Baykal-Amur Magistralının (BAM) tikintisində istifadə olunmasını təmin etmişdir. Heydər Əliyev Kremldə çalışarkən son dərəcə gərgin iş rejiminə baxmayaraq, orada təhsil alan azərbaycanlı gənclərlə görüşür, onların həyatı ilə maraqlanır, üzləşdikləri problemlərin həllinə kömək göstərirdi. 

Ötən əsrin sonlarına doğru Azərbaycan dövlət müstəqilliyini elan etsə də, ölkədəki ictimai-siyasi gərginlik və iqtisadi tənəzzül üzündən gənclərin öz potensialını səmərəli istifadə etməsinə ciddi maneələr yaranmışdı. 1990-1993-cü illərdə hakimiyyətdə olan qüvvələrin uğursuz siyasəti Azərbaycan gəncliyinin başsız, nizamsız, pərakəndə topluma çevrilməsinə gətirib çıxarmışdı. Məhz ümummilli lider Heydər Əliyevin xalqın təkidli istəyi ilə 1993-cü ildə hakimiyyətə qayıdışından sonra Azərbaycan xaos və anarxiya girdabından çıxdığı kimi, gənc nəslin sosial-mənəvi tərəqqisi, habelə idmanın, Olimpiya hərəkatının genişləndirilməsi məsələləri dövlət siyasətinin mühüm qollarından birinə çevrilmişdir. 

Xalqın sağlam gələcəyi naminə gəncliyin mütəşəkkil və kamil qüvvə kimi formalaşmasına, milli problemlər ətrafında səfərbər olunmasına xüsusi diqqət yetirən Heydər Əliyevin 1993-cü ilin 22 sentyabrında gənclərlə görüşməsi ümummilli liderin Azərbaycan gəncliyinin cəmiyyət həyatındakı roluna verdiyi yüksək önəmin, onun Azərbaycan gəncliyinə böyük rəğbət və qayğısının əyani göstəricisi olmuşdur. Ulu öndər cəbhə bölgəsində vəziyyətin gərginləşməsi ilə bağlı 1993-cü il noyabrın 2-də ölkə əhalisinə müraciət etmiş, bu müraciətə səs verən gənclər kütləvi şəkildə ordu sıralarında xidmət etmək, vətənin müdafiəsində dayanmaq üçün səfərbər olmuşlar.

Azərbaycan gəncliyinin yenidən təşkilatlanması, ölkədə gənclər hərəkatının, gənclik əzmi və enerjisinin vahid mərkəzdən idarə olunması məqsədilə böyük öndər 1994-cü il 26 iyul tarixdə Gənclər və İdman Nazirliyinin yaradılması barədə fərman imzalamışdır. 1995-ci ilin martında respublika gəncləri ilə görüşən ulu öndər onların sağlam ruhda tərbiyə almaları və əsl vətəndaş kimi yetişmələri naminə əlindən gələni əsirgəməyəcəyini bəyan etmişdir. Bu bəyanatın real təzahürü 1996-cı ilin 2 fevral tarixindən etibarən ümummilli lider Heydər Əliyevin şəxsi təşəbbüsü ilə hər üç ildən bir Azərbaycan gənclərinin forumunun təşkil edilməsi, ölkədə gənclər gününün təsis olunması, gənclərin problemlərinin həllinə yönələn çoxsaylı fərman və sərəncamların imzalanması, gənclərin dövlət quruculuğu prosesinə daha yaxından cəlb edilməsi ilə gerçəkliyə çevrilmişdir.

Ulu öndər Heydər Əliyevin 2 fevral 1997-ci il tarixli fərmanı ilə fevral ayının 2-sinin “Azərbaycan Gəncləri Günü” elan edilməsi də gəncliyin cəmiyyət həyatındakı roluna verilən yüksək qiymətin əyani təzahürü olmuşdur. 1996-2002-ci illərdə qəbul olunmuş “Bədən tərbiyəsi və idman haqqında”, “Azərbaycanın gənc istedadlarına dövlət qayğısı haqqında”, “Gənc istedadlar üçün xüsusi təqaüdlərin təsis edilməsi haqqında”, “Dövlət gənclər siyasəti haqqında” qanun, fərman və sərəncamlar, habelə “Gənc ailə” proqramı, “Gənclərdə vətənpərvərlik və vətəndaşlıq hisslərinin yüksəldilməsi haqqında”, “Ordudan tərxis olunmuş gənclərin məşğulluğu” dövlət proqramları, “Azərbaycan Respublikasında dovlət gənclər siyasətinin həyata kecirilməsi ilə bağlı Tədbirlər Planı” bu baxımdan xüsusi vurğulanmalıdır. Bu qanunlar, fərman, sərəncam və dövlət proqramları gənc nəslin mütəşəkkil qüvvə kimi formalaşmasına, mənəvi-ideoloji cəhətdən yetkinləşməsinə, sosial problemlərinin həllinə, faydalı məşğulluğunun təmin olunmasına, habelə idmanın kütləviləşməsinə əsaslı təsir göstərmişdir. 

Ulu öndər Heydər Əliyevin uğurla həyata keçirdiyi iqtisadi siyasət nəticəsində həmin dövrdə gənc idmançıların yaşayış səviyyəsi və təlim-məşq şəraiti ildən-ilə yaxşılaşdırıldı. Xatırlatmaq lazımdır ki, 1997-ci ildə Azərbaycanda Milli Olimpiya Komitəsinin prezidenti vəzifəsinə cənab İlham Əliyev kimi yüksək idarəçi və təşkilatçı bir şəxsin seçilməsi idman və gənclər siyasəti sahəsində həyata keçirilən dövlət siyasətinin yeni şəraitdə gerçəkləşməsinə böyük imkanlar açmışdır.

Ümummilli lider Heydər Əliyevin 2001-ci il fevralın 2-də gənclərlə görüşməsi, habelə böyük strateqin qanunvericilik təşəbbüsü əsasında 9 aprel 2002-ci il tarixdə “Gənclər siyasəti haqqında” qanunun qəbulu respublikamızda gənc nəslin hərtərəfli inkişafına yeni imkanlar açmış, bu sahədə dövlət siyasətinin qanunverici və təşkilati-hüquqi əsaslarını müəyyən etmişdir.


Gənclik üçün açılan qapılar


2003-cü ilin oktyabrından bu siyasəti inamla davam etdirən Azərbaycan Prezidenti cənab İlham Əliyev gənclərin potensialından ölkənin mənafeyi naminə tam və düzgün istifadə olunması, onların faydalı məşğulluğunun təmin edilməsi, dövlət idarəçiliyi sistemində iştirakı məsələlərinə xüsusi diqqətlə yanaşır. Dövlət başçısının bu istiqamətdə ilk mühüm addımlarından biri 30 avqust 2005-ci il tarixdə “Azərbaycan Gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) təsbiq edilməsi haqqında” sərəncamı olmuşdur. 

Azərbaycan Prezidenti cənab İlham Əliyev 29 yanvar 2006-cı il tarixdə Azərbaycan Gənclərinin I forumunun 10 illiyi münasibətilə gənclərlə görüşərək qarşıda duran vəzifələrdən söhbət açmışdır. Dövlət başçısı həmin görüşdən cəmi bir gün sonra respublikada gənclər siyasətinin daha dolğun və hərtərəfli təşkili məqsədilə 2006-cı il yanvarın 30-da Gənclər və İdman Nazirliyinin yaradılması haqqında sərəncam imzalamışdır. Bundan başqa, dövlət başçısının müvafiq fərmanı ilə gənc ailələrin mənzil probleminin həlli üçün ipoteka kreditlərinin verilməsinə başlanılmış, bununla da gənclərin mənzil probleminin həlli istiqamətində ciddi addım atılmışdır. 

Azərbaycan Respublikası Prezidentinin 17 aprel 2006-cı il tarixli “Xüsusi istedada malik olan uşaqların (gənclərin) yaradıcılıq potensialının inkişafı üzrə Dövlət Proqramının (2006-2010-cu illər) təsdiq edilməsi haqqında” sərəncamı da istedadlı uşaq və gənclərin aşkara çıxarılması, onların potensial imkanlarının inkişaf etdirilməsi və səmərəli təhsil almaları üçün lazımi şəraitin yaradılması məqsədinə xidmət etmişdir.

Keyfiyyətcə yeni mərhələdə ölkəmiz üçün qloballaşan dünyanın yeni çağırışlarına cavab verən yüksək bilik və bacarıqlı, intellektual səviyyəli kadrların hazırlanması zərurəti nəzərə alınaraq gənclərin dünyanın nüfuzlu universitetlərində təhsilinin təmini istiqamətində də kompleks tədbirlər görülmüşdür. Bu həm də inkişaf etmiş ölkələrin zəngin təcrübəsinə əsaslanan mükəmməl, çevik və mütərəqqi dövlət idarəçilik sistemi formalaşdırmaq niyyətindən irəli gəlmişdir. 19 oktyabr 2006-cı il tarixli “Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil almasına dair Dövlət Proqramı” əsasında ötən illərdə 5000-ədək gənc Amerika Birləşmiş Ştatları, Almaniya, Cənubi Koreya, Fransa, İngiltərə, İspaniya, Rusiya, Türkiyə, Çin, Malaziya və digər ölkələrdə təhsil almışlar. 

Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 9 fevral tarixli “Azərbaycan Milli Elmlər Akademiyasının gənc alimlərinin Avropanın elmi mərkəzlərində doktorantura təhsilinin maliyyələşdiriməsi haqqında” sərəncamı gənclərin elmi-intellektual yüksəlişinə xidmət etmişdir. Sərəncam respublikada elmi tədqiqatların müasir standartlar səviyyəsində aparılmasını, ölkənin elmi kadr potensialının artırılmasını, Azərbaycan elminin dünya elm məkanına inteqrasiyasının təmin olunmasını sürətləndirmək məqsədi daşımışdır.

Gənc nəslə qayğı siyasətini inamla davam etdirən dövlət başçısı cənab İlham Əliyevin 2011-ci il 6 aprel tarixdə təsdiq etdiyi “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə Dövlət Proqramı” gənclər siyasətini daha da inkişaf etdirmək, gənclərin menecment sahəsində fəal iştirakına şərait yaratmaq, gənc mütəxəssislərin işlə təminatı və digər sosial-iqtisadi problemlərinin həllini təmin etmək məqsədi daşımışdır.

Ümumiyyətlə, 2005-2009-cu və 2011-2015-ci illəri əhatə edən hər iki dövlət proqramının uğurla həyata keçirilməsi, istedadlı gənclər üçün Prezident Mükafatının təsis edilməsi gənclərin hərtərəfli inkişafını stimullaşdırmışdır. Son illər Bakıda və regionlarda istifadəyə verilmiş Gənclər evləri, o cümlədən Bilik evləri gənclərin maraq dairəsini genişləndirmiş, asudə vaxtlarının mənalı və səmərəli təşkili üçün yeni imkanlar yaratmışdır. 

Azərbaycan Prezidentinin 2015-ci il 26 yanvar tarixli sərəncamı ilə “2015-2025-ci illərdə Azərbaycan gənclərinin inkişaf strategiyası”nın təsdiq edilməsi respublikada gənclərə qayğı siyasətinin davamlılığını və ardıcıllığını təmin etməklə, onların potensialından daha səmərəli və dolğun istifadəyə imkan yaratmışdır. Dövlət proqramının başlıca məqsədi gənclər siyasətinin daha səmərəli həyata keçirilməsinə nail olmaq, cəmiyyətin bütün sahələrində gənclərin fəal iştirakına şərait yaratmaq, onların yaradıcı və innovativ potensialının üzə çıxarılmasını dəstəkləmək, gənc nəslin sağlamlığını qorumaq, ölkədə könüllülük hərəkatını inkişaf etdirməkdir. 

Xatırlatmaq lazımdır ki, 2016-cı il 26 sentyabr tarixdə keçirilmiş ümumxalq referendumunun nəticəsi olaraq Azərbaycan Respublikası Konstitusiyasına edilmiş əlavə və dəyişikliklər gənclərin seçkili orqanlarda iştirak imkanlarını genişləndirmiş, respublikada növbəti islahatların gerçəkləşdirilməsində onların rolunu artırmışdır.

Nəhayət, dövlət başçısının 7 mart 2018-ci il tarixli fərmanı ilə Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun əsasında “Azərbaycan Respublikasının Gənclər Fondu” adlı publik hüquqi şəxsin yaradılması gənclərin hərtərəfli dövlət dəstəyi ilə əhatə olunmasına imkan yaradan layihələrin maliyyələşdirilməsini təmin edəcəkdir.


Milli maraqların təminatçısı


Bütün bunlar bir daha təsdiqləyir ki, son illər ölkədə həyata keçirilən gənclər siyasətinin əsas hədəfi yüksək biliyə, bacarığa, məsuliyyət hissinə, dünyagörüşünə malik şəxsiyyət formalaşdırmaq, xalqın milli, əxlaqi, humanist, mədəni dəyərlərinə yiyələnən, vətənini sevən və şərəfini uca tutan sağlam nəsil yetişdirməkdir. Ölkə rəhbərliyinin həyata keçirdiyi məqsədyönlü və ardıcıl siyasət nəticəsində gənclər hazırda mədəniyyət, incəsənət, elm və idman sahələrində inamla irəliləyirlər. 

Azərbaycan gəncliyi bu gün dövlətin hərtərəfli diqqət və qayğısı müqabilində milli maraqların etibarlı təminatçılarından biri kimi çıxış edir. Son prezident seçkiləri ərəfəsində ölkədən kənarda müəyyən xarici dairələrin sifarişi ilə Azərbaycan dövlətinə və hakimiyyətinə qarşı məkrli kampaniya aparan “sosial şəbəkə qəhrəmanları”nın irəli sürdükləri cəfəng iddiaların ifşasında, eləcə də ölkə həqiqətlərinin beynəlxalq miqyasda təbliğində gənclərin mühüm xidmətləri danılmazdır. 

Azərbaycançılıq ideyası ətrafında birləşən müasir Azərbaycan gəncliyinin ən üstün keyfiyyətlərindən biri də onların liberal baxışlara, yüksək tolerantlıq mədəniyyətinə malik olmaları, multikulturalizm ideyasına milli birliyi təmin edən mühüm vasitə kimi yanaşmalarıdır. Bu gün hər bir gənc dərk edir ki, etnik və dini mənsubiyyətindən asılı olmayaraq Azərbaycan bütün vətəndaşlarının vahid və bölünməz vətənidir. Dövlət başçısı cənab 

İlham Əliyevin təşəbbüsü ilə son illər ölkədə keçirilən müxtəlif qlobal tədbirlər gənclərdə tolerantlıq düşüncəsini daha da gücləndirir. Müasir gənclik İslam həmrəyliyini yalnız İslamın müxtəlif təriqətləri arasında deyil, həm də bütün səmavi dinlər arasında birləşdirici vasitə kimi qəbul edir və yüksək dəyərləndirir. Azərbaycan gəncləri tərəfindən milli münasibətlər zəminində heç bir cinayət hadisəsinin qeydə alınmaması da ölkəmizin ciddi uğurlarından biridir. 

Azərbaycan Prezidenti cənab İlham Əliyev gənclərin vətənpərvər ruhda yetişməsini, milli ideallara və dövlətçilik atributlarına bağlı olmasını vacib sayır. Möhtərəm Prezident yüksək vətənpərvərliklə Azərbaycanın milli dövlət rəmzlərini uca tutur, gəncləri də bu atributlara hörmətlə yanaşmağa çağırır. Dövlət başçısının milli ideallara bağlılığı özünü həm də üçrəngli bayrağımıza münasibətdə qabarıq göstərir. 

2009-cu il 18 mart tarixdə keçirilmiş ümumxalq referendumunun nəticəsi olaraq Azərbaycan Respublikası Konstitusiyasının 75-ci maddəsinə edilmiş əlavə siyasi, hüquqi və mənəvi baxımdan müstəsna əhəmiyyət kəsb edir. Həmin əlavəyə görə, dövlət rəmzlərinə hörmətsizliyin nümayiş etdirilməsi qanunla müəyyən edilmiş qaydada məsuliyyətə səbəb olur. 

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2007-ci il 17 noyabr tarixli “Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərində Dövlət Bayrağı Meydanının yaradılması haqqında” sərəncamı gənc nəslin bayrağa yüksək hörmət ruhunda yetişdirilməsi baxımından vacib əhəmiyyətə malikdir. Dövlət başçısının 2009-cu ilin 17 noyabrında imzaladığı sərəncamla Azərbaycanın üçrəngli bayrağının ilk dəfə ucaldığı 9 noyabr tarixi “Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü” kimi təsis edilmişdir. Bu və digər addımlar ölkə gənclərinin həmrəyliyini, vahid azərbaycançılıq məfkurəsi ətrafında sıx birləşməsini təmin etmək, dövlət rəmzlərinə hörmət və ehtiramı təmin etmək məramından irəli gəlmişdir.

Müasir gənclik digər dövlətçilik atributlarına da hörmətlə yanaşır, tariximizin, milli-mənəvi dəyərlərimizin, dövlət sərhədlərimizin qorunmasını, Vətən, torpaq uğrunda mübarizəni özünün vətəndaşlıq borcu sayır. Azərbaycan müharibə şəraitində yaşamasına baxmayaraq, son illərdə ölkəmizdə fərarilik hadisəsi qeydə alınmamışdır. 

Ölkəmizdə həyata keçirilən genişmiqyaslı islahatları gündəlik həyatında qabarıq hiss edən Azərbaycan gəncliyi ölkədə aparılan iqtisadi və siyasi islahatların mahiyyətini düzgün dərk edir və bu islahatların real təbliğatçısına çevrilir. Seçki ərəfəsində aparılmış müxtəlif rəy sorğuları belə bir nəticəyə gəlməyə əsas verir ki, müasir gənclər əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş və bu gün dövlət başçısı cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilən siyasətin mahiyyətini yaxşı dərk edirlər. Ölkənin gələcək inkişafının, vətəndaşların firavan həyatının məhz Heydər Əliyevin həyata keçirdiyi siyasətin varisliyindən, dövlət hakimiyyətinin həmin siyasətin davamlılığını təmin edəcək etibarlı əllərə tapşırılmasından asılı olduğunu yaxşı bilən gənclərin mütləq əksəriyyəti son prezident seçkilərində prinsipial seçim edərək məhz İlham Əliyevə səs vermişlər. 

2018-ci ilin 11 aprel seçkiləri Azərbaycan xalqının, eləcə də səsvermə hüququna malik ölkə gənclərinin Heydər Əliyev ideallarına sədaqətinin, ulu öndərin böyük uzaqgörənliklə müəyyənləşdirdiyi strateji inkişaf kursunu davam etdirməyə qadir olan cənab İlham Əliyevin parlaq şəxsiyyətinə sarsılmaz inamının əyani təcəssümünə çevrilmişdir. Ölkə gəncləri alternativi olmayan sözügedən siyasi strategiyanın həyatımıza gətirdiyi nailiyyətlərə, xüsusən də dövlətçilik əsasları bu uğurlarla möhkəmlənən, özünün xoşbəxt sabahına doğru inamla irəliləyən, inkişaf edən Azərbaycana səs vermişlər. 

Ümumiyyətlə, son seçkilərin nəticəsi olaraq gənclər uzun illərin sərt sınaqlarından üzüağ çıxaraq yüksək etimad qazanmış siyasətin davamlılığının təmini, hər bir fərdin mənafeyinə hesablanmış siyasi, hüquqi, sosial-iqtisadi islahatların ardıcıl şəkildə davam etdirilməsi naminə ciddi siyasi iradə ortaya qoymuşlar. İnanırıq ki, cəmiyyətdə mütləq çoxluğun alternativsiz lider olaraq qəbul etdiyi cənab İlham Əliyev ölkəmizin perspektiv inkişafı üçün qarşıda duran strateji hədəfləri bundan sonra da inamla gerçəkləşdirəcək, Azərbaycan yaxın illərdə ən müasir və inkişaf etmiş dövlətə çevriləcəkdir. Azərbaycançılıq ideologiyası ilə silahlanmış, qarşıya qoyulmuş hədəflərə çatmanın usul və vasitələrini doğru və düzgün müəyyənləşdirməyi bacaran yeni təfəkkürlü gənclik bu işdə ölkə Prezidentinə etibarlı dəstək olacaqdır.

İsaxan VƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun aparat rəhbəri, hüquq üzrə elmlər doktoru, professor 

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi