K.Nurullayeva: “Mümkün sülh sazişi üçün Ermənistan ortaq iradə göstərməyə məcburdur”

K.Nurullayeva: “Mümkün sülh sazişi üçün Ermənistan ortaq iradə göstərməyə məcburdur” 

Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin Brüsseldə keçirilən üçtərəfli görüşü “çox səmərəli” qiymətləndirməsi, eyni zamanda “bu gecə böyük bir irəliləyişə nail olduq” söyləməsi müəyyən ümidlər yaradır.

Şarl Mişelin açıqlamasından aydın olur ki, birlikdə sülh danışıqları üçün konkret prosesə başlamağa, mümkün sülh sazişini hazırlamağa və bu saziş üçün bütün zəruri elementləri həll etməyə qərar verilib. Görünən budur ki, Cənubi Qafqazda sabitlik, təhlükəsizlik və inkişaf Avropa İttifaqı üçün vacibdir. Bu səbəbdən Aİ bütün müsbət səyləri, etimadyaratma tədbirlərini dəstəkləyir. Brüsseldə delimitasiya ilə bağlı işçi qrupu, birgə komissiya ilə bağlı razılıq əldə olunub. Növbəti həftələrdə də müəyyən irəliləyişlərlə bağlı da anons verildi. Təbii ki, burada ortaq iradə olduqca vacibdir. Mümkün sülh sazişi üçün Ermənistan ortaq iradə göstərməyə məcburdur. Aİ rəhbərliyi hesab edir ki, tərəflər indiki vəziyyətdə ortaq məxrəcə gəlmək, bütün regionda sülhü, təhlükəsizliyi və sabitliyi təmin etmək üçün mümkün qədər tez bir zamanda dayanıqlı razılaşma əldə etmək məqsədilə vacib elementlərin nədən ibarət olduğunu daha yaxşı başa düşür. Bununla belə, Şarl Mişelin açıqlamasında çətinliklərin olduğu ds xüsusi qeyd olunur. Yəni, irəliləyişə nail olmaq, əməkdaşlıq etmək, prioritetləri, birlikdə ata biləcəyimiz konkret addımları müəyyənləşdirmək üçün bütün tərəflər
səy göstərməlidir. Əslində, Azərbaycan ilk gündən sülhə hazır olduğunu bəyan edib və bu istiqamətdə praktik addımlar atıb. Ötən ay rəsmi Bakının təqdim etdiyi baza prinsipləri də bunu təsdiq edir. Amma Ermənistan bu müddətdə adekvat addım atmayıb. İrəvan ziddiyyətli bəyanatlardan, revanşist əhval-ruhiyyədən əl çəkməyib. Üstəlik, aprelin 5-də Brüssel görüşü öncəsi İrəvanda müxalifətin təşkil etdiyi mitinq də əslində Paşinyan hakimiyyəti tərəfindən təşkil edilmişdir. Burada məqsəd ictimai rəyə əsaslanaraq danışıqlar zamanı özünü mümkün ssenarilərdən sığortalamaqdır. Təcrübəyə nəzər salsaq, Ermənistanda bütün dövrlərdə danışıqlar prosesinə mane olmaq və maksimum vaxt qazanmaq üsullarından geniş istifadə olunub. Lakin Paşinyan da, onun Qərbdəki havadarları da anlayır ki, 44 günlük savaşda Qarabağ problemi həll olunub. Əlavə şərtlər irəli sürmək cəhdlərinin təbii ki, heç bir nəticəsi yoxdur və bundan sonra da olmayacaq. Ermənistan istəsə də, istəməsə də sülh müqaviləsi, sərhədlərin delimitasiyası, kommunikasiyaların açılması və digər məsələlərin həlli üzərində iş başlamalıdır.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi