Könül Nurullayeva:

Könül Nurullayeva: “ABŞ Administrasiyası və Konqresi Cənubi Qafqaz bölgəsində sülh və davamlı inkişafda maraqlıdırsa, ikili standartlardan uzaq olmalıdır”

ABŞ Konqresinin Nümayəndələr Palatasında Erməni Qrupunun üzvləri tərəfindən hazırlanan “Azərbaycan tərəfindən bütün müharibə əsirləri və əsir götürülmüş mülki şəxslərin azad edilməsi ilə bağlı Nümayəndələr Palatasının mövqeyinin ifadə olunması” adlı üzdəniraq qətnamə layihəsinin heç bir hüquqi əsası yoxdur.

Azərbaycanı hədəfləyən qətnamə layihəsi erməni diasporunun növbəti təxribatçı fəaliyyətinin davamıdır. Azərbaycan tərəfindən guya “girov” kimi saxlanıldığı iddia edilən 200-ə yaxın hərbi və mülki şəxslərə dair məlumat və rəqəmlər həqiqəti əks etdirmir. Ümumiyyətlə, hərbi əsirlərin mübadiləsi məsələsində Azərbaycan tərəfi xüsusi həssaslıq göstərərək Vətən müharibəsi zamanı əsir düşmüş 43-ü hərbçi və 28-i mülki şəxs olmaqla, ümumilikdə 71 erməni vətəndaşını 10 noyabr tarixli üçtərəfli bəyannamənin 8-ci bəndinin şərtlərinə uyğun şəkildə qarşı tərəfə geri qaytarıb. Eyni zamanda işğaldan azad edilmiş ərazilərimizdə tapılan 1274 cəsəd də qarşı tərəfə təhvil verilib. Lakin erməni tərəfi terrorçu-diversantları da “əsir” kimi qəbul etdirməyə çalışır. Bununla Ermənistan beynəlxalq humanitar hüququn normalarını kobud şəkildə pozaraq, bölgədə dayanıqlı sülh və təhlükəsizliyə mane olmağa can atır.
Azərbaycan ilk gündən 10 noyabr 2020-ci il tarixli üçtərəfli sazişin bütün müddəalarını tam məsuliyyətilə icra edir.
Rəsmi Bakı dəfələrlə bəyan edib ki, bölgədə dayanıqlı sülh və təhlükəsizliyin, inkişafın təmin olunması üçün imzalanmış üçtərəfli bəyanatların yerinə yetirilməsi vacib şərtdir. Bu razılaşma dayanıqlı sülhün əsas qarantıdır. Amma təəssüf ki, erməni tərəfinin müxtəlif təxribatçı davranışları beynəlxalq ictimaiyyət tərəfindən susqunluqla qarşılanır. Bu yanaşma erməni tərəfinin pozucu fəaliyyətin miqyasını daha da genişləndirməsinə səbəb olur. Eyni ilə işğal dövründə olduğu kimi ABŞ başda olmaqla bir çox beynəlxalq güclərin Ermənistana təzyiq göstərməməsi bölgədə “status-kvo”nun 30 ilə qədər uzanmasına gətirib çıxardı. 

Təsadüfi deyil ki, Birinci Qarabağ müharibəsində itkin düşmüş 4 minə yaxın azərbaycanlının aqibəti hələ də aydınlaşdırılmayıb. Maraqlıdır ki, ermənipərəst konqresmenlərin hazırladığı əsassız sənəddə ABŞ Dövlət Departamenti Azərbaycan hakimiyyəti ilə birbaşa və ATƏT-in Minsk Qrupu vasitəsilə müdaxilə etməyə çağırılır. Amma əslində istər Dövlət Departamenti, istərsə də vasitəçilər ilk növbədə Ermənistana təzyiq göstərərək Birinci Qarabağ savaşında itkin düşmüş 4 minə yaxın soydaşımızın aqibətini aydınlaşdırmağa,  minalanmış ərazilərin xəritəsini verməyə məcbur edilməlidir. Bunun üçün Azərbaycan tərəfinin arqumentləri var. Hərbi əməliyyatların bitməsindən bu günədək işğaldan azad olunmuş ərazilərdə mülki şəxslər və hərbçilər daxil olmaqla 20-yə yaxın şəxs minaya düşərək həlak olub. 62 hərbi qulluqçumuz və 9 mülki şəxs müxtəlif dərəcəli bədən xəsarəti alıb. Bu da Ermənistanın post-mühatibə dövründəki cinayətləridir.

ABŞ Administrasiyası başda olmaqla beynəlxalq ictimaiyyətin bu məsələ ilə bağlı susqunluğu təəssüf doğurur. İkili standartlar post-müharibə dövründə də davam edir. Azərbaycan ərazilərinin işğal altında qaldığı 30 ilə yaxın müddət ərzində ABŞ hökuməti və qanunverici orqanı Ermənistanın işğalçı siyasətini, yüz minlərlə azərbaycanlının məcburi köçkün vəziyyətinə düşməsini qınayan, azərbaycanlı mülki əhalinin davamlı raket atəşinə tutulmasını pisləyən bəyanat vermədi. Eyni yanaşma yenə davam edir. Halbuki rəsmi Bakının haqlı olaraq gözləntisi və tələbi başqadır: bölgədə həqiqi sülhün bərqərar edilməsi istiqamətində ilk addım kimi ABŞ Administrasiyası və Konqresi Üçtərəfli Razılaşmanı dəstəkləyən bəyanatlar verilməlidir. Ermənistan minalanmış ərazilərin xəritələrini verməyə məcbur edilməlidir. ABŞ Administrasiyası və Konqresi Cənubi Qafqaz bölgəsində sülh və davamlı inkişafda maraqlıdırsa, ikili standartlardan uzaq olmalıdır.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi