Könül Nurullayeva: “Soçi bəyanatı Ermənistana öz öhdəliklərini bir daha xatırlatdı”

Könül Nurullayeva: “Soçi bəyanatı Ermənistana öz öhdəliklərini bir daha xatırlatdı” 

Ermənistanın baş naziri Nikol Paşinyanın Soçidəki pozucu davranışları göstərdi ki, bu ölkə hələ də məsələnin ciddiliyini və mahiyyətini dərk etmir.

   Ermənistan anlamır ki, Azərbaycanın maraqlarına zidd təkliflərin heç biri müzakirə mövzusu ola bilməz. Hətta buna cəhd olsa belə, birmənalı şəkildə qəbul olunmayacaq. Soçi görüşündə bir daha aydın oldu ki, Qarabağ münaqişəsi artıq tarixdə qalıb. Prezident İlham Əliyevin də söylədiyi kimi, münaqişə iki il bundan əvvəl həll edilib. Buna görə də bu baxımdan burada praktiki olaraq müzakirə edilməli məsələ yoxdur. Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması isə, əlbəttə, çox ciddi addımlar tələb edən formatdır.Paşinyan isə Azərbaycanın 2021-ci ilin may ayında Ermənistan sərhədini pozduğunu iddia edərək, görüşün yekunlarına dair Bəyanata 2021-ci ilin may ayından əvvəlki status-kvonun bərpa olunmasının salınmasını istəyib. Bundan başqa, Paşinyan sentyabrın 13-14-də sərhəddə baş verən insidentin də Bəyanatda əksini tapmasına çalışıb.

 Lakin onun budəfəki cəhdləri də nəticəsiz qalıb. Hətta Paşinyan görüşün yekunlarına dair sənədin qəbul olunmasının bloklanmasına da  cəhd göstərib. Təbii ki, bütün görüşlərdə olduğu kimi, bu dəfəki görüşdə də Azərbaycanın maraqları təmin olundu və Ermənistan rəhbərliyinin pozucu təklifləri rədd edildi. Rusiya Prezidenti Vladimir Putinin də təkidi ilə qəbul edilən bəyanatda əksini tapan müddəalar Azərbaycanın maraqlarına cavab verir. Üstəlik, aydın oldu ki, üçtərəfli görüş ərəfəsində Xankəndidə keçirilən təxribagçı mitinq nəticə verməyib, tərəflərin mövqeyinə təsir etməyib.Belə ki, bu vaxta qədər keçirilən görüşlərdə olduğu kimi, Soçi bəyanatında da Qarabağla bağlı bir kəlmə belə yoxdur. Eyni zamanda Azərbaycan və Ermənistan arasında bütün problemli məsələlərin yalnız BMT Nizamnaməsi və 1991-ci il Alma-Ata Bəyannaməsinə əsasən, bir-birinin ərazi bütövlüyünün və suverenliyinin qarşılıqlı tanınması əsasında həlli razılaşdırıldı.

Azərbaycan-Ermənistan münasibətlərinin kompleks şəkildə normallaşdırılması, sülhün, sabitliyin, təhlükəsizliyin və Cənubi Qafqazın davamlı iqtisadi inkişafının təmin edilməsi naminə göstərilən bütün razılaşmalara dönmədən riayət edilməsinə dair razılıq Ermənistana növbəti dəfə öhdəliklərini xatırlatdı. İrəvan pozucu fəaliyyətdən əl çəkərək, regionda davamlı və uzunmüddətli sülhə nail olmaq məqsədilə sülh müqaviləsi bağlanmasına fəal hazırlaşmalıdır. Tərəflər arasında ictimaiyyətin, ekspert birliklərinin nümayəndələri və dini liderlər arasında Rusiyanın köməyi ilə dialoqu davam etdirmək, həmçinin iki ölkənin xalqları arasında etimadı möhkəmlətmək məqsədilə üçtərəfli parlamentlərarası əlaqələrin cəlb edilməsi üçün müsbət ab-hava formalaşmasına dair razılıq da sülhə yaxınlaşmaq üçün olduqca vacibdir. Sadəcə, Ermənistan bu razılaşlamaları icra etməli, siyasi manipuliyasilaradan əl çəkməlidir. Vaxtın uzanması Ermənistanın xeyrinə deyil. Azərbaycanın təklif etdiyi 5 baza prinsipindən kənara çıxmaq mümkün deyil.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi