
Merts Kiyevə ƏLİBOŞ GƏLMƏDİ - Almaniyadan Ukraynaya BÖYÜK DƏSTƏK
Almaniya Ukraynaya 1 milyard avrodan çox məbləğdə yeni hərbi yardım paketi ayırır.
Musavat.com xəbər verir ki, bu barədə AFR kansleri Fridrix Merts Kiyevə səfəri zamanı bəyan edib.
"Bu gün mən konkret yardım - 1 milyard avrodan çox məbləğdə növbəti hərbi yardım paketini gətirmişəm. Biz reaktiv dronlara qarşı mübarizə üçün birgə PUA istehsalına vəsait ayırırıq. Son həftələrdə bu sahədə böyük texnoloji sıçrayışlar əldə edilib və hazırda biz onları operativ şəkildə seriyalı istehsala buraxırıq", - deyə Merts Ukrayna prezidenti Volodimir Zelenski ilə keçirilən birgə mətbuat konfransında bildirib.
Kanslerin sözlərinə görə, Almaniya həmçinin Ukraynaya uzaqmənzilli silahlar, döyüş dronları və peyk avadanlıqları tədarük edəcək. Merts qeyd edib ki, bu vasitələr Ukrayna tərəfinə Rusiyanın raket buraxılış qurğularına qarşı daha effektiv mübarizə aparmağa kömək edəcək.
Bundan əlavə, Almaniya Ukraynanın qış mövsümünə hazırlanması üçün təxminən 350 milyon avro ayıracaq. Bu vəsait zədələnmiş energetika infrastrukturunun bərpası məqsədilə generatorların, transformator yarımstansiyalarının və təmir dəstlərinin alınmasına yönəldiləcək.
Merts bəyan edib ki, sözügedən yardım Rusiyanın enerji sisteminə vurduğu zərbələrin ağır fəsadlarını yumşaltmalı və qış dövründə ukraynalılara dəstək olmalıdır.
Kansler həmçinin bildirib ki, Almaniya Fransa və Böyük Britaniya ilə birlikdə qışda Berlində "İstəklilər Koalisiyası"nın görüşünü keçirməyi planlaşdırır. İclas zamanı tərəflər Ukraynaya növbəti yardımların koordinasiyasını müzakirə edəcəklər.












Bu xəbər üçün şərh yazın