Milli Kitabxanada “12 noyabr – Konstitusiya Günü” adlı virtual sərgi və eyniadlı ənənəvi kitab sərgisi istifadəçilərə təqdim olunub

Milli Kitabxanada “12 noyabr – Konstitusiya Günü” adlı virtual sərgi və eyniadlı ənənəvi kitab sərgisi istifadəçilərə təqdim olunub 

12 noyabr 2026-cı il tarixində Milli Kitabxanada “12 noyabr – Konstitusiya Günü” adlı virtual sərgi və eyniadlı ənənəvi kitab sərgisi istifadəçilərə təqdim olunub.

Sərgilərdə konstitusiya hüququ və tarixi, müstəqil Azərbaycanın memarı Ulu Öndər Heydər Əliyev və Azərbaycan Respublikasının Konstitusiyası, Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ərazi bütövlüyünün və suverenliyin tam bərpa olunması, dövlət başçımızın müdrik və uzaqgörən siyasəti, “Konstitusiya və Suverenlik İli” və mövzu ilə bağlı digər məsələlər haqqında Azərbaycan və xarici dillərdə kitablar nümayiş olunur.

Virtual sərgi ilə tanış olmaq istəyənlər https://anl.az/el/vsb/12Noyabr_Konstitusiya_gunu/index.htm keçidindən istifadə edə bilərlər.

Müstəqil Azərbaycanın Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə hazırlanmış ilk Konstitusiyası 1995-ci il noyabrın 12-də keçirilmiş ümumxalq səsverməsi (referendum) yolu ilə qəbul edilib. Dövlətin Əsas Qanunu 1995-ci il noyabrın 27-də qüvvəyə minib. 1996-cı il fevralın 6-da Ulu Öndər Heydər Əliyevin sərəncamı ilə noyabrın 12-si Konstitusiya Günü elan edilib.

1995-ci ildə qəbul olunmuş Konstitusiya müstəqil Azərbaycanın ilk, ümumilikdə isə ölkəmizin tarixində dördüncü Konstitusiyasıdır. Azərbaycanın konstitusiya quruluşunun tarixi SSRİ dövrünə təsadüf edir. Azərbaycanın ilk Konstitusiyası 1921-ci il mayın 19-da, SSRİ Konstitusiyasına uyğunlaşdırılmış yeni redaksiyası isə 1925-ci il martın 14-də qəbul olunub. 1978-ci il aprelin 21-də qəbul edilmiş son Konstitusiya da əvvəlki konstitusiyalar kimi SSRİ Konstitusiyasına uyğunlaşdırılıb.

Konstitusiyanın qəbulu müstəqillik tariximizin ən mühüm hadisələrindən biri olmaqla yanaşı, Ümummilli Lider Heydər Əliyevin Azərbaycan dövlətçiliyi qarşısındakı böyük xidmətlərindən biridir. Bu Konstitusiya müstəqil dövlət quruculuğu prosesini tənzimləyən, demokratik inkişafa təminat yaradan, cəmiyyətin siyasi, sosial, mədəni və iqtisadi sahələrində köklü dəyişiklikləri özündə ehtiva edən, qanunvericiliyin təkmilləşdirilməsində hüquqi baza rolunu oynayan mükəmməl və mütərəqqi sənəd idi.

Şəxsiyyətin toxunulmazlığı, insanın həyat və sağlamlığının qorunması, layiqli həyat səviyyəsinin təmin olunması, humanizm və insanpərvərlik prinsipləri Azərbaycan Konstitusiyasının başlıca mahiyyətini təşkil edir. Azərbaycan Konstitusiyası 5 bölmə, 12 fəsil və 158 maddədən ibarətdir.

Ölkəmizin sürətli inkişafı nəticəsində yeni dövrün tələblərindən irəli gələn zərurətlə əlaqədar Azərbaycan Konstitusiyasına bir neçə dəfə əhəmiyyətli əlavə və dəyişikliklər edilib. 2002-ci il avqustun 24-də keçirilmiş referendum yolu ilə Konstitusiyanın 24 maddəsinə 29, 2009-cu il martın 18-də 25 maddəsinə 30, 2016-cı il sentyabrın 26-da isə 29 maddəsinə 41 əlavə və dəyişiklik edilib.

Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində tarixi Qələbənin qazanılması və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması Konstitusiyamızın ölkəmizin bütün ərazisində tətbiqinə imkan yaradıb. Bu Qələbə sayəsində 30 ilə yaxın müddətdən sonra beynəlxalq hüququn prinsip və tələbləri yerinə yetirilib və işğaldan azad edilmiş ərazilərdə Konstitusiyanın hüquqi qüvvəsi təmin olunub.

Azərbaycan Respublikasının Prezidenti Konstitusiyamızın qəbul edilməsinin 30-cu və Vətən müharibəsində Qələbəmizin 5-ci ildönümünü nəzərə alaraq, 2025-ci ili Azərbaycan Respublikasında “Konstitusiya və Suverenlik İli” elan edib.

Faktinfo.az

Milli Kitabxanada “12 noyabr – Konstitusiya Günü” adlı virtual sərgi və eyniadlı ənənəvi kitab sərgisi istifadəçilərə təqdim olunubMilli Kitabxanada “12 noyabr – Konstitusiya Günü” adlı virtual sərgi və eyniadlı ənənəvi kitab sərgisi istifadəçilərə təqdim olunub
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi
⇪