Milli Kitabxanada "20 noyabr - Ağdam şəhəri günü" adlı virtual sərgi onlayn rejimdə istifadəçilərə təqdim olunub

Milli Kitabxanada "20 noyabr - Ağdam şəhəri günü" adlı virtual sərgi onlayn rejimdə istifadəçilərə təqdim olunub 

Qırx dörd günlük Vətən müharibəsində Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin diplomatik məharəti, prinsipiallığı, dəmir iradəsi və Azərbaycan Ordusunun şanlı Zəfəri Ermənistanı kapitulyasiyaya və əraziləri boşaltmağa məcbur edib. Azərbaycan Prezidenti, Rusiya Prezidenti və Ermənistan baş nazirinin imzaladığı birgə Bəyanata əsasən 2020-ci il noyabrın 20-də Ağdam rayonunun işğal olunmuş ərazisi Ermənistan ordusu tərəfindən boşalıb. Azərbaycan Ordusu heç bir itki, şəhid vermədən, qan tökülmədən Ağdam rayonunun işğal altındakı hissəsinə daxil olub.

Azərbaycanın Vətən müharibəsində qazandığı parlaq qələbə nəticəsində Ağdam bir güllə atılmadan düşmən tapdağından azad olunub və 27 ildən sonra Ağdam şəhərində yenidən Azərbaycanın üçrəngli bayrağı dalğalanmağa başlayıb.

Vətən müharibəsində əldə olunmuş tarixi Qələbəni əbədiləşdirmək və işğaldan azad edilmiş şəhərlərin günlərini təsis etmək məqsədilə dövlət başçısı tərəfindən 31 iyul 2023-cü il tarixində sərəncam imzalanıb. Sərəncama əsasən 20 noyabr - Ağdam şəhəri günü elan olunub.

2020-ci il noyabrın 26-da “Ağdamın azad olunmasına görə” medalı təsis olunub.

Bu tarixi gün münasibətilə Milli Kitabxanada “20 noyabr - Ağdam şəhəri günü” adlı virtual sərgi onlayn rejimdə istifadəçilərə təqdim olunub.

Virtual sərgidə rəsmi sənədlər, fotolar, Ağdam şəhəri, eləcə də aparılan bərpa-quruculuq işləri haqqında, Vətən müharibəsi və Böyük Zəfəri əks etdirən Milli Kitabxananın fondunda mühafizə olunan kitablar, məqalələr və s. materiallar Azərbaycan, rus, ingilis dillərində nümayiş olunur.

Virtual sərgi ilə tanış olmaq istəyənlər https://anl.az/el/vsb/Agdam_sheher_Gunu/index.htm linkindən istifadə edə bilərlər.

Faktinfo.az

 


Birinci məlumatlanmaq üçün facebook səhifəmizi