
Milli Kitabxanada “Üzeyir Hacıbəyli - Azərbaycan musiqisinin korifeyi” adlı elektron məlumat bazası istifadəçilərə təqdim edilib
Faktinfo.az xəbər verir ki,Azərbaycan Milli Kitabxanası tərəfindən 18 sentyabr Milli Musiqi Günü və XVIII Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalı çərçivəsində “Üzeyir Hacıbəyli – Azərbaycan musiqisinin korifeyi” adlı elektron məlumat bazası (https://anl.az/el/emb/uhacibeyli/index.html) hazırlanaraq istifadəçilərin istifadəsinə təqdim edilib.
“Üzeyir Musiqi Gününün keçirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 1995-ci il 18 sentyabr tarixli 385 nömrəli Fərmanına əsasən hər il sentyabrın 18-də ölkəmizdə Üzeyir Musiqi Günü qeyd olunur. 2009-cu ildən etibarən isə Heydər Əliyev Fondunun və Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Üzeyir Hacıbəylinin yaradıcılığına həsr olunmuş Beynəlxalq Musiqi Festivalı keçirilir. Ənənəvi olaraq hər il sentyabrın 18-də – bəstəkarın doğum günündə başlayan festival çərçivəsində konsert proqramları ilə yanaşı, teatr tamaşaları, elmi-praktik konfranslar, ustad dərsləri və digər mədəni-maarif tədbirləri təşkil edilir.
Üzeyir Hacıbəyli Azərbaycan professional musiqi sənətinin banisi, bəstəkar, musiqişünas, publisist və maarifçi kimi milli mədəniyyət tarixində xüsusi mövqeyə malikdir. Onun çoxşaxəli yaradıcılığı Azərbaycan musiqi mədəniyyətinin inkişafında yeni mərhələnin formalaşmasına zəmin yaratmış, milli musiqi ənənələrinin professional bəstəkarlıq yaradıcılığı ilə qarşılıqlı əlaqədə inkişafına mühüm təsir göstərmişdir.
Üzeyir Hacıbəyli irsinin elmi baxımdan araşdırılması, mühafizəsi və təbliği müasir dövrdə də mühüm əhəmiyyət daşıyır. Bəstəkarın əsərlərinin, elmi-nəzəri və publisistik irsinin, həyat və yaradıcılığına dair elmi-biblioqrafik materialların elektron mühitdə sistemləşdirilməsi tədqiqatçılar, musiqişünaslar, kitabxana-informasiya mütəxəssisləri, təhsil müəssisələri və geniş istifadəçi auditoriyası üçün mühüm informasiya imkanları yaradır.
Milli Kitabxana tərəfindən hazırlanmış elektron məlumat bazası bəstəkarın həyat və yaradıcılığı haqqında müxtəlif tipli informasiya resurslarının vahid elektron informasiya məkanında sistemləşdirilməsi məqsədini daşıyır.
Elektron məlumat bazasının strukturuna “Ana səhifə”, “Rəsmi sənədlər”, “Azərbaycan ruhunu yaşadan dahi”, “Həyat və yaradıcılığının əsas tarixləri”, “Görkəmli şəxslər Üzeyir Hacıbəyli haqqında”, “Xatirəsinin əbədiləşdirilməsi”, “Əsərləri”, “Haqqında”, “Mükafatlar”, “Filmoqrafiya”, “Fotoqalereya” və “Videoqalereya” bölmələri daxildir. Bölmələrdə təqdim olunan materiallar Üzeyir Hacıbəylinin həyat və yaradıcılığının əsas mərhələlərini, yaradıcılıq irsini, əsərlərinin müxtəlif janr və istiqamətlərini, ictimai-mədəni fəaliyyətini, onun haqqında elmi və biblioqrafik nəşrləri, eləcə də bəstəkarın xatirəsinin əbədiləşdirilməsi ilə bağlı məlumatları əhatə edir. Bölmələrdə Üzeyir Hacıbəyli irsi, yaradıcılığının təbliği, yubileylərinin keçirilməsi və xatirəsinin əbədiləşdirilməsi ilə bağlı qəbul edilmiş dövlət sənədləri, fərman və sərəncamlar, bəstəkarın milli musiqi mədəniyyətinin inkişafındakı rolunun, yaradıcılıq irsinin əhəmiyyətinin və Azərbaycan professional musiqi məktəbinin formalaşmasına verdiyi töhfələrin təqdim edilməsinə həsr olunmuş materiallar, bəstəkarın həyat və yaradıcılıq fəaliyyətinin mühüm mərhələlərinin xronoloji ardıcıllığı, tanınmış şəxsiyyətlərin Üzeyir Hacıbəyli haqqında söylədikləri fikirlər, elmi və publisistik qiymətləndirmələr, bəstəkarın adının əbədiləşdirilməsi məqsədilə həyata keçirilmiş tədbirlər, onun adına yaradılmış mədəniyyət və təhsil müəssisələri, abidə və heykəllər, xatirə lövhələri, ev-muzeyləri və digər memorial obyektlər haqqında məlumatlar təqdim edilir.
Həmçinin, “Əsərləri” bölməsində Üzeyir Hacıbəylinin yaradıcılıq irsi janr və istiqamətlər üzrə sistemləşdirilərək təqdim olunur. Burada operaları, operettaları, musiqili komediyaları, orkestr, xor, vokal və instrumental əsərləri və digər musiqi nümunələri haqqında məlumatlar əks etdirilir.
Bazada eyni zamanda, bəstəkarın dövlət təltifləri, fəxri adları, orden və medalları, eləcə də digər mükafatları haqqında məlumatlar sistemləşdirilir, vizual və audiovizual informasiya imkanlarını genişləndirən bölmələrdə isə bəstəkarın müxtəlif dövrlərə aid fotoşəkilləri, ailə üzvləri, həmkarları, ictimai-mədəni tədbirlər və yaradıcılıq fəaliyyəti ilə bağlı foto materiallar, həyat və yaradıcılığına dair sənədli filmlər təqdim edilir.
Beləliklə, elektron məlumat bazasının tematik və funksional strukturu Üzeyir Hacıbəylinin həyat və yaradıcılığının, musiqi və elmi-publisistik irsinin, onun haqqında formalaşmış elmi-biblioqrafik informasiya resurslarının kompleks şəkildə təqdim edilməsinə imkan verir. Bu struktur məlumatların sistemləşdirilməsini, informasiya resurslarının operativ axtarışını və istifadəçilərin bəstəkarın zəngin irsinə müxtəlif informasiya formatlarında çıxışını təmin etməklə elektron məlumat bazasının elmi-mədəni informasiya resursu kimi əhəmiyyətini artırır.
Elektron məlumat bazasının yaradılması Üzeyir Hacıbəylinin zəngin yaradıcılıq irsinin rəqəmsal informasiya mühitində sistemləşdirilməsi, mühafizəsi, əlçatanlığının təmin edilməsi və elmi-mədəni dövriyyəyə daxil edilməsi baxımından əhəmiyyətlidir. Resurs eyni zamanda milli musiqi irsinin rəqəmsallaşdırılması və kitabxana-informasiya resurslarının müasir informasiya texnologiyaları əsasında inkişaf etdirilməsi istiqamətində həyata keçirilən fəaliyyətin tərkib hissəsidir.












Bu xəbər üçün şərh yazın