
Milli Kitabxanada “Xalq artisti Ramiz Mustafayev - 100” adlı ənənəvi kitab sərgisi istifadəçilərə təqdim olunub
Faktinfo.az xəbər verir ki,15 sentyabr 2026-cı il tarixində Milli Kitabxanada Xalq artisti Ramiz Mustafayevin 100 illik yubileyinə həsr olunmuş “Xalq artisti Ramiz Mustafayev - 100” adlı ənənəvi kitab sərgisi istifadəçilərə təqdim olunub.
Sərgidə bəstəkarın, nota alınmış əsərləri, elmi fəaliyyəti, Azərbaycan və rus diində çap olunan ədəbiyyatlar, dövri mətbuat materialları nümayiş olunur.
Ramiz Hacı oğlu Mustafayev 1926-cı il oktyabrın 16-da Türkmənistan Respublikasının Çərcou (indiki Türkmənabat) şəhərində anadan olub.
1941-ci ildə Bakı Teatr Texnikumunun aktyorluq şöbəsinə daxil olub. Təhsil aldığı dövrdə əvvəl Gənc Tamaşaçılar Teatrında, texnikumu bitirdikdən sonra isə Azərbaycan Dövlət Akademik Dram Teatrında aktyor kimi fəaliyyət göstərib.
Vokal sənətinə olan dərin marağı onu 1948-ci ildə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasına (indiki Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyası) gətirib.
Burada professor Bülbülün vokal sinfində təhsil alaraq peşəkar musiqi sənətinin sirlərinə yiyələnib.
1952–1957-ci illərdə konservatoriyanın bəstəkarlıq fakültəsində görkəmli pedaqoq, professor Boris Zeydmanın sinfində təhsilini davam etdirib və konservatoriyanı bəstəkar kimi bitirib.
Professor 6 opera, 5 musiqili komediya, 9 oratoriya, 7 kantata, 5 vokal-simfonik poema, 8 simfoniya, 500-ə yaxın mahnı və romansın, eləcə də 200-dən artıq xalq mahnısının xor üçün işləmələrinin müəllifidir.
Diplom işi kimi təqdim etdiyi birpərdəli “Şirin” operasından sonra bəstəkarın “Vaqif”, “Aydın”, “Polad”, “Xan və əkinçi”, “Tərs keçi” (uşaq operası) kimi bir sıra səhnə əsərləri meydana gəlib. Ramiz Mustafayevin ən uğurlu səhnə əsəri Səməd Vurğunun eyniadlı dramı əsasında yazılmış “Vaqif” operası hesab olunur. Bu operaya görə bəstəkar 1962-ci ildə Gənc Bəstəkarların Ümumittifaq müsabiqəsində laureat adına layiq görülüb.
Ramiz Mustafayev bəstəkarlıq və dirijorluqla yanaşı, təcrübəli pedaqoq və tanınmış ictimai musiqi xadimi kimi də fəaliyyət göstərib.
1957-ci ildən Azərbaycan Bəstəkarlar İttifaqının üzvü olan Ramiz Mustafayev bu təşkilatın İdarə Heyətinin üzvü, eləcə də Musiqili səhnə əsərləri bölməsinin sədri kimi respublikanın musiqi həyatında fəal iştirak edib.
Görkəmli bəstəkarın yaradıcılığı dövlət tərəfindən yüksək qiymətləndirilib, o, 1973-cü ildə Azərbaycanın Əməkdar incəsənət xadimi, 1987-ci ildə Xalq artisti fəxri adlarına layiq görülüb, 2001-ci ildə isə “Şöhrət” ordeni ilə təltif edilib.













Bu xəbər üçün şərh yazın