
Milli Kitabxanada “Xalq artisti Xan Şuşinski - 125” adlı virtual və eyniadlı ənənəvi kitab sərgisi istifadəçilərə təqdim olunub
Faktinfo.az xəbər verir ki,19 avqust 2026-cı il tarixində Milli Kitabxanada Xalq artisti, xanəndə Xan Şuşinskinin anadan olmasının 125 illik yubileyinə həsr olunmuş “Xalq artisti Xan Şuşinski - 125” adlı virtual və ənənəvi kitab sərgisi istifadəçilərə təqdim olunub.
Sərgilərdə Milli Kitabxananın fondunda mühafizə olunan musiqi əsərləri, bəstəkarın həyatı haqqında ədəbiyyatlar, Azərbaycan musiqi mədəniyyəti tarixində rolu, Azərbaycan və xarici dillərdə kitablar, dövri mətbuat materialları nümayiş olunur.
Virtual sərgi ilə tanış olmaq istəyənlər https://anl.az/el/vsb/Xan_Shushinski_125/index.htm linkindən istifadə edə bilərlər.
Xan Şuşinski 1901-ci ildə avqust ayının 20-si Şuşada anadan olub. 16 yaşında olarkən ustadı İslam Abdullayevlə birgə iştirak etdiyi məclisdə təbrizli xanəndə Əbdülhəsən xan İqbalın yolu ilə "Kürd-Şahnaz" muğamını heyrətamiz bir tərzdə ifa etdiyinə görə müəllimi ona "Xan Şuşinski" adını verib.
1920-ci illərdə Xan Şuşinski Bakıya gələrək öz ifaçılıq fəaliyyətini genişləndirib. 1920-ci ildə Bakıdan Qarabağa təbliğat konsertləri vermək üçün gələn bolşevik təşviqat briqadasınnı içində Cabbar Qaryağdıoğlu da olub. Cabbar Qaryağdıoğlu Xan Şuşinskini də yanına alaraq bütün Qarabağ da konsertlər verib.
Xanın repertuarında "Mahur–Hindi", "Bayatı-Qacar", "Qatar" dəsgahları, "Qarabağ şikəstəsi", "Arazbarı", "Heyratı" zərbi muğamları ilə yanaşı, xalq mahnıları və təsniflər böyük yer tutub. Xan Şuşinski xalq mahnılarını xüsusi bir şövqlə oxuyur, onlara yeni bir çalarlar aşılayıb.
Bakıya gəldikdən sonra buradakı ilk rəsmi çıxışını 1923-cü ildə həyata keçirib. Bu çıxış Azərbaycan Dövlət Filarmoniyasında həyata keçirilib. Bundan sonrakı illərdə böyük məşhurluğa sahib olmuş və bir çox ölkələrdə və şəhərlərdə qastrol səfərlərində olub. Həmçinin, Səməd Vurğunun "Azərbaycan" poemasında da adı keçib.
1934-cü ildə Xan Şuşinski Tiflis şəhərində keçirilən Zaqafqaziya xalqlarının birinci incəsənət olimpiyadasında böyük müvəffəqiyyət qazanaraq, birinci mükafata layiq görülüb. O, digər ölkələrdə də Azərbaycan musiqi mədəniyyətini yüksək səviyyədə və layiqincə təmsil edib.
1960-cı ildə Azərbaycan Dövlət Filarmoniyasının nəznində "Muğam studiyası" yaradıb və burada gənc xanəndələrə muğamın sirrlərini öyrədib. Onun yaradıcılığı çoxşaxəlidir.
Xan Şuşinski həmçinin, Azərbaycan Milli Konservatoriyası nəzdində Musiqi Kollecində (Asəf Zeynallı adına Musiqi Məktəbi) müəllimliklə də məşğul olub, muğam ifaçılarının yeni nəslini yaradıb. Xan əsl yaradıcı sənətkar kimi milli musiqi xəzinəsini yeni mahnılarla zənginləşdirib. Bu baxımdan onun "Qəmərim", "Şuşanın dağları" mahnıları dillər əzbəri olub. Xan Şuşinski öz yaradıcılığında bəstəkar mahnılarına da müraciət edib. Bu mənada Üzeyir Hacıbəyovun "Qara göz" mahnısının ilk ifaçısı olmuş və mahnını yüksək zövqlə oxuyaraq yaşadıb.
Xan Şuşinski 1943-cü ildə Azərbaycan Xalq Artisti adına layiq görülüb.
Faktinfo.az













Bu xəbər üçün şərh yazın