Narkomafiyanın müqaviməti ötən günlərə dönüş xülyaları ilə qidalanır,lakin...

Narkomafiyanın müqaviməti ötən günlərə dönüş xülyaları ilə qidalanır,lakin... 

Bu gün bəşəriyyəti təhdid edən ən təhlükəli bəlalardan biri məhz narkomaniyadır. Hər il dünyada narkotik maddələrin qanunsuz dövriyyəsindən əldə olunan yüz milyard dollarlarla hesablanan gəlirlər isə bu bəlanın güclü himayədarlarının yaranmasını təmin etmişdir.

  

 Bu gün Azərbaycan sözün əsil mənasında narkomaniyanın və narkoticarətin bütün təzahürləri ilə ən sərt formada və ən effektiv şəkildə mübarizə aparan ölkələr sırasına qədəm qoyub.Bir məqamı da xüsusi olaraq qeyd etmək lazımdır ki, erməni silahlı qüvvələri tərəfindən işğalın davam etdirildiyi  dövrdə Azərbaycanın İranla olan dövlət sərhədinin 132 kilometrlik hissəsi nəzarətsiz zonaya çevrilmişdi. Həmin ərazilərdən də Avropaya və digər ölkələrə güclü narkotik axını həyata keçirilirdi. İşğal olunmuş və nəzarətdən çıxmış torpaqlarımızda ermənilər tərəfindən narkotik tərkibli bitkilərin becərilməsi, yeni növ narkotiklərin sintezi üzrə laboratoriyaların açılması, narkotiklərin istehsalı və tranzit bazasının yaradılması, onun satışından əldə edilən külli miqdarda gəlirin terrorçu qrupların yaradılması və təlim keçmələrinə istiqamətlənməsi təhlükənin miqyasını son həddə çatdırmışdı. Lakin Azərbaycan Vətən müharibəsində əldə eytdiyi tarixi Qələbəsilə bu məsələləri də birdəfəlik həll etdi.

        

Bununla belə bu gün Azərbaycanda narkomaniyaya qarşı mübarizə getdikcə güclənir. Məlum olduğu kimi, son dövrlərdə qlobal narkomafiya ənənəvi narkotiklərlə yanaşı, yeni süni kimyəvi narkotiklərin də ucuz qiymətə yayılmasını təşkil edir. Ölkəmizdə də, gənclər arasında belə qorxunc narkotik və psixotrop maddələrin yayılması milli genefondumuza ağır zərbələr vurur. Bu səbəbdən hüquq-mühahizə orqanları, xüsusən, Daxili İşlər Nazirliyi bu hallara qarşı mübarizəni son dərəcə gücləndirib. Qeyd etmək lazımdır ki, görülən tədbirlər son dərəcə peşəkarlıqla və effektiv şəkildə həyata keçirilir və çox ciddi nəticələr əldə olunur. Demək olar ki, ölkədə mütamadi olaraq yeni narkoticarətçilər aşkar olunur, külli miqdarda təhlükəli narkotik maddələr müsadirə edilir.

       

 Əgər səmimiyyətimizi sonadək qoruyub-saxlamaq istəyiriksə, bu zaman qeyd etməliyik ki, Daxili İşlər naziri vəzifəsinə general-polkovnik Vilayət Eyvazov təyin olunduqdan sonra nazirliyin işində narkomaniyaya qarşı əsaslı dönüş yaranıb.Təbii burada siyasi iradənin mümkünlüyünü də vurğulamaq zəruri hal kimi qeyd edilməlidir.

        Beləliklə, bu gün Azərbaycanda istər beynəlxalq narkoticarət şəbəkələrinin mənsubları ilə, istərsə də daxili cinayətkar qruplaşmalarla həqiqətən də amansız və barışmaz mübarizə aparılır və etiraf olunmalıdır bu mübarizənin ön sıralarında məhz Azərbaycan polisinin, prokurorluq və xüsusi xidmət orqanlarının əməkdaşları yer alıblar.


 Lakin gündəlik olaraq ölkənin Kütləvi İnformasiya Vasitələrindən, TV kanallarından əldə etdiyimiz  və hüquq-mühafizə orqanlarının effektiv fəaliyyətindən xəbər verən statistik məlumatlar,narkomaniya və narkoticarətlə mübarizədə əldə olunan əhəmiyyətli uğurlar barədə açıqlamalar müəyyən suallar da ortaya çıxarır. Məsələn, son bir ildə ölkədə aşkarlanan cinayətkar qruplaşmaların və onların həbs olunan 10,20,50 hətta 95 nəfər üzvlərinin sayına nəzər salsaq görərik ki,minlərlə insanın qısa müddət ərzində cinayətkarlığa kütləvi şəkildə cəlb olunmaları, üstəlik kifayət qədər təşkilatlanmış və dayanıqlı şəbəkələrin yaradılması praktik olaraq mümkün deyil. 


Əlbəttə ki, söhbət ilk növbədə narkotik vasitələrin qanunsuz dövriyyəsi üzrə “ixtisaslaşmış” dəstələrdən gedir. Son dövrlərdə demək olar ki, hər gün çoxsaylı üzvləri olan bir-iki dəstənin aşkarlandığı və həbs olunduğu barədə məlumatlar alırıq. Aydındır ki, bu dəstələrin mövcud olma müddəti 1-2 il ərzində olmayıb.Onların fəaliyyətləri və həyata keçirdikləri narkoticari dövriyyənin həcmi barədə təqdim olunan açıqlamalar da bunu deməyə əsas verir. 


Müsadirə olunan narkotik vasitələrin çəkisi on, bəzən isə hətta yüz kiloqramlarla ölçülür. Təbii ki, belə geniş miqyasda narkoşəbəkə qısa bir vaxtda yaradılıb təşkilatlana bilməzdi. Deməli, bu qruplaşmalar ölkəmizdə artıq neçə illərlə fəaliyyət göstəriblər. Bəs görəsən bütün bu illər ərzində onların aşkarlanması və ləğv olunması istiqamətində iş niyə indiki intensivliklə və səmərəliliklə aparılmırdı? 


Eyni sualı son dövrlərdə hüquq-mühafizə orqanları tərəfindən aşkarlanan və məhv edilən narkobağların mövcudiyyəti ilə bağlı da vermək olar. Televiziya ekranlarda müşahidə etdiyimiz və narkotik bitkilərin yetişdirildiyi belə mini-plantasiyaların əksəriyyətinin son illərdə salınmadığı hətta qeyri-peşəkarlara da dərhal məlum olur.Yəni bu "bağçaları" gizli saxlamaq qətiyyən mümkün görünə bilməzdi. Necə ki, hal-hazırda olmur. Bəs görəsən son illərədək həmin mini-plantasiyaları “görünməz” edən hansı səbəblər idi? Təbii ki, bu suallara əsl cavabı hüquq-mühafizə orqanlarının hazırda müşahidə olunan narkotiklərə qarşı effektiv mübarizə aparan əməkdaşları verə bilərlər.


Təbii,istənilən halda, bu səbəblərdən hər biri ölkəmizdə narkomaniyanın təhlükəli həddə yayılmasına zəmin yaradıb və bugünkü mübarizədə öz vəzifə borclarını şərəf və ləyaqətlə yerinə yetirən bütün orqan əməkdaşlarının işini dəfələrlə çətinləşdirib.

       

 Bütün bunlar bir daha təsdiq edir ki, Ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən son illər ərzində bütün sahələrdə həyata keçirilən islahatlar öz müsbət nəticəsini birmənalı olaraq verir və bu nəticələr respublikada cinayətkarlıqla mübarizə və ölkə vətəndaşlarının təhlükəsizliklərinin təminatı məsələlərində də öz bariz təzahürlərini qabarıq formada göstərir.

 FAKTİNFO.AZ

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi