Pedaqoji ixtisası olmayan hansı şəxslərin müəllim işləyəcəyini nazirlik müəyyən edəcək

Pedaqoji ixtisası olmayan hansı şəxslərin müəllim işləyəcəyini nazirlik müəyyən edəcək 

Müvafiq ixtisas üzrə pedaqoji təhsilə malik olmayan ali təhsilli mütəxəssislərin də ümumi təhsil müəssisələrində pedaqoji fəaliyyətlə məşğuluna icazə veriləcək.

Bu, ümumi təhsil pilləsi ilə bağlı təsdiqlənmiş yeni normativ hüquqi aktlarda yer alan pedaqoji fəaliyyətlə məşğul olma qaydasında öz əksini tapıb.

Qaydalara əsasən, bu imkan kadr tələbatının təhlili əsasında müvafiq siyahıdan Təhsil Nazirliyi tərəfindən müəyyən edilən ixtisaslar üzrə mütəxəssislərə şamil ediləcək və həmin ixtisaslar hər il üçün elan ediləcək.

Pedaqoji təhsilə malik olmayan ali təhsilli mütəxəssislərin də işə qəbulunun Təhsil Nazirliyinin mərkəzləşmiş qaydada keçirdiyi müəllimlərin işə qəbulu müsabiqəsinin nəticələrinə əsasən aparılması nəzərdə tutulur. Həmin mütəxəssislər baza təhsilindən asılı olaraq pedaqogika, psixologiya və təlim strategiyaları ilə bağlı Təhsil Nazirliyi tərəfindən təşkil olunan müvafiq ödənişsiz təlim kurslarına cəlb olunacaqlar.

Qeyd edək ki, Nazirlər Kabineti “Pedaqoji fəaliyyətlə məşğul olma Qaydası”nı təsdiq edib. Bu qayda “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 36-1.1-ci və “Ümumi təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 27.1-ci maddələrinə uyğun olaraq hazırlanıb və pedaqoji fəaliyyətlə məşğul olma qaydasını müəyyən edir./Report.az

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi