“Pedaqoji Universitetin rəhbərliyi elmi-pedaqoji kadrları məhv edir”

“Pedaqoji Universitetin rəhbərliyi elmi-pedaqoji kadrları məhv edir” – PROFESSOR MİRZƏLİ MURQUZOV

“Cəfər Cəfərovun gəlişi ilə ADPU-da elm və təhsil arxa plana keçdi, əməkdaşlara hücumlar başladı...”

Azərbaycan Dövlət Pedaqoji Universitetindən (ADPU) qanunsuz olaraq işdən çıxarılan əməkdaşlardan biri də professor Mirzəli Murquzovdur. Bu isim ADPU-nun bütün məzunlarına, eləcə də elm ictimaiyyətinə çox yaxşı tanışdır. Məlumatı olmayan oxucularımıza isə qısaca olaraq onu deyə bilərik ki, Azərbaycan prezidenti tərəfindən “Əməkdar Müəllim”, “Şöhrət Ordeni” adlarına, eləcə də Pedaqoji Universitetdə işlədiyi müddətdə dəfələrlə “Qabaqcıl təhsil işçisi”, “İlin ən yaxşı müəllimi”, “İlin ən yaxşı alimi” və s. kimi çoxsaylı mükafatlara layiq görülən Mirzəli müəllim sözün əsl mənasında ziyalı, elm fədaisi, həyatını Azərbaycan təhsilinin inkişafına həsr etmiş insandır.

Heç də təsadüfi deyil ki, M.Murquzov orta məktəblərdə tədris olunan bütün fizika kitablarının müəllifi olmaqla yanaşı, ali məktəb tələbələri üçün də 8 dərslik və dərs vəsaiti ərsəyə gətirmişdir. Müxtəlif ölkələrdə nəşr edilən 250-dən çox elmi əsərin müəllifi olan Mirzəli müəllim nəinki Azərbaycanda, dünya səviyyəsində tanınan və qəbul olunan fizikdir. Doğrudur, o, həddindən artıq təvazökar insan olduğundan, özü haqqında çox yüksək fikirdə deyil. Yaşının ahıl çağında olmasına rəğmən, hələ görəcəyi çox işlər olduğunu deyir. Şübhəsiz, bunun üçün də ilk növbədə şərait olmalıdır...

Professor Mirzəli Murquzovun ismi əksər vətəndaşlar kimi bizə də çox yaxşı tanış olsa da, etiraf edək ki, onunla bir təsadüf nəticəsində görüşənədək, elmi fəaliyyəti ilə bağlı o qədər də dərin informasiyamız yox idi. Xüsusən də belə bir şəxsiyyətin uzun illər çalışdığı ali təhsil ocağında – ADPU-da haqsızlıqla üzləşdiyini eşitdikdə, onunla görüşərək son vaxtlar Pedaqoji Universitetdə baş verən xoşagəlməz olaylar, eləcə də təhsil sistemində mövcud olan bir sıra problemlərlə bağlı fikirlərini öyrənmək istədik. Professor Pedaqoji Universitetdə cərəyan edən proseslərlə bağlı danışmağa maraq göstərməsə də, Azərbaycan təhsilinin vəziyyəti ilə əlaqədar geniş söhbət etməyə razılaşdı. Təhsil sahəsi çox geniş bir mövzu olduğundan, əvvəlcədən də təxmin etdiyimiz kimi, söhbətimiz həm geniş və düşünürük ki, həm də çox maraqlı alındı. Beləliklə, müsahibimiz ADPU-nin Fizika fakultəsinin keçmiş dekanı, professor Mirzəli Murquzovdur.


Əvvəli bu linkdə: “Cəfər Cəfərov universiteti dedi-qodu meydanına çevirib”


- Qeyd etdiniz ki, Təhsil Nazirliyinin Elmi-metodiki Şurasının Fizika bölməsi üzrə sədri kimi ümumtəhsil məktəbləri üçün milli tədris kompleksinin hazırlanmasına rəhbərlik etmisiniz və uzun illər Respublika Təhsil Şurasının sədr müavini kimi fəaliyyət göstərmisiniz. Bəs, necə oldu ki, dərsliklərin hazırlanması işindən kənarda qaldınız?


- “Yuxarı”dan ciddi təsirlər oldu. Xüsusilə də Prezidenti Administrasiyasının Humanitar siyasət məsələləri şöbəsinin keçmiş müdiri Fatma Abdullazadə tərəfindən. Bilirsiniz ki, onun əri Fizika İnstitutunda çalışır. Orada bir qrup düzəltmişdi ki, bu işi ələ alsın. Amma ona imkan verilmədi.

Lakin universitetdən ayrılsam da, geniş elm və təhsil ictimaiyyəti ilə əlaqəm davam edir. Yəni dərsliklərin hazırlanması və elmi-metodiki işlərdən kənarlaşdırılsam da (buna təbii hal kimi baxıram), hazırda Respublika Təhsil Şurasının büro üzvü və Prezident Administrasiyası yanında Ali Attestasiya Komissiyasının fizika ixtisası üzrə ekspert komissiyasının üzvü kimi fəaliyyət göstərirəm.

21-ci əsr elmi və tədris metodologiyası üzrə vəsait üzərində işləyir, orta ümumtəhsil məktəblərinin müəllim və şagirdləri ilə tez-tez görüşür, onlara lazım olan elmi və elmi-metodiki köməkliyimi göstərirəm.


- Belə aydın olur ki, bu problemlərlə və ADPU-dan haqsız olaraq çıxarılmağınızla bağlı mətbuata danışmaqda maraqlı olmamısınız...


- Bu hadisələrdən sonra çoxlu jurnalistlər mənə müraciət etdi. Hamısı da mənim işdən çıxarılmağımla bağlı yazmaq istəyirdilər. Açığı deyim ki, həyatımda belə və buna bənzər hadisələrlə üzləşməmişdim. İndiyə kimi 7 rektorla işləmişəm. Onlardan bir qayda olaraq yüksək səmimiyyət, qayğı və tələbkarlıqdan başqa bir şey görməmişəm. Onların demək olar ki, hamısı görkəmli alim, təcrübəli pedaqoq, böyük ziyalı və gözəl təhsil təşkilatçıları olmuşlar. Onlar qocaman Pedaqoji Universitetin adət və ənənəsini yaşadanlar, təhsil quruculuğunu diqqətdə saxlayanlar idi. İnsanlara qarşı diqqət və qayğı ön planda idi. Cəfər Cəfərovun universitetə rəhbər gəldiyi ilk gündən hiss etdim ki, o, idman oyunlarına xas olan “qaydasız oyun” əməliyyatını Pedaqoji Universitetə gətirəcəkdir. 20-ci əsrin ikinci yarısında dünya elmində və təhsilində yaranmış qlobal böhran zamanı meydana çıxmış “kor uçuş” adlanan məfhumu indi reallaşdırmaqdadır. Onun gəlişi ilə elm və təhsil arxa plana keçdi və əməkdaşlara hücumlar başladı, necə deyərlər, “babam mənə kor dedi, gəlib-gedənə vur dedi”. Cəfər Cəfərovun ilk hədəfi də mən oldum. O, ilk “islahatı” məndən başladı.

Mən həmişə bu fikirdə olmuşam ki, təhsil sahəsi incə məsələdir, tərbiyə və təlimə mənfi təsir göstərən münaqişələrdən qaçmaq tələb edən məsələdir. Odur ki, məhkəməyə müraciət etdim. O vaxtları rektorun gətirdiyi universitetin İnsan Resursları şöbəsinin müdiri Aftandil Bayramov belə bir söz işlətmişdi ki, “məhkəmələr bizim cibimizdədir”. Görünür, o, haqlı oldu. Sonra onu bu vəzifədən uzaqlaşdırdılar...


- Sizin dekan vəzifəsindən qanunsuz olaraq çıxarılmağınıza iş yoldaşlarınızın reaksiyası necə oldu?


- Əvvəla onu deyim ki, bu gün mən dekan olmağımla deyil, sadəcə onunla fəxr edirəm ki, 3-5 min tələbəyə dərs demişəm və onların hər biri məni gördükdə çox böyük ehtiram hissi ilə qarşılayır. Əminəm ki, universitetin böyük kollektivi indi də mənə hörmət və rəğbət bəsləyir...


- ADPU-dan qanunsuz olaraq çıxarıldıqdan sonra məhkəməyə müraciət etmədiniz?


- Məhkəməyə müraciət etdim. Hətta dedilər ki, elə bilirsən, məhkəmədə udacaqsan?! Şikayətimə baxan Səbail rayon məhkəməsinin hakimi idi. Mənimlə müqavilə sənədlərində saxtalaşdırma aşkar görünürdü. Başqa bəhanə tapa bilməyib dedilər ki, guya məhkəməyə vaxtında müraciət etməmişəm. Hansı ki, iki ay məhkəmə prosesi getmişdi və saxtakarlıq üzə çıxarılmışdı. Görünür, başqa bir səbəb tapa bilmədiklərindən belə bir qərar çıxartdılar.


- Apellyasiya məhkəməsinə müraciət etmədiniz?


- Müraciət etdim. Bütün instansiyalar “yuxarı”dan gələn tapşırıq əsasında onların xeyrinə qərar verdi.


- Belə məlumat var ki, Cəfər Cəfərov sizi işdən çıxardıqdan sonra həyat yoldaşının xalası oğlunu bu vəzifəyə təyin edib...


- Elədir. Amma onun əmrlə gəlməyə və bir il işləməyə ixtiyarı yox idi. Birincisi, bu adamın 50 yaşı var, hələ də laborant idi. Bir gün də müəllim olmayıb. O, necə dekan ola bilərdi?! Əslində, məni çıxarandan sonra müsabiqə elan olunmalıydı və orada da kim istəsə iştirak edə bilərdi...

Görəsən, laborant Arzu Daşdəmirovun hansı qiymətli cəhətləri rektoru bu işə vadar etmişdir?!


- Maraqlıdır, bu qədər özbaşınalıqlara Pedaqoji Universitetdə kimsə etiraz etmədi?


- Mən sizin sualınızın əksini qoyardım: rektorun bu özbaşınalığına dəstək verən oldumu? Nəinki universitetin əməkdaşları, hətta bu məsələdən xəbər tutan respublikamızın geniş təhsil ictimaiyyəti də rektor Cəfər Cəfərovun özbaşınalığına narazılıq edirlər.

Əvvəl onu deyim ki, mən Fizika və Texnologiya fakültəsinə dekan vəzifəsinə müsabiqə yolu ilə 5 il müddətində seçilmişdim. Rektorluq mənim müqavilə sənədlərimi saxtalaşdıraraq, 10 aydan sonra məni həmin vəzifədən qanunsuz olaraq azad etmişdir. Ən azı bu məsələni universitetin Elmi Şurasına çıxarmalı, müzakirə edərək qərar verməli idi. Lakin rektor bunu özbaşına həll etmişdir. Digər tərəfdən, məni tək dekan vəzifəsindən deyil, kafedranın professor ştatından da məhrum etmişdir. Mən bu barədə ona müraciət etdikdə “ilin ortasında dərs yükünə baxmaq olmaz” demişdir. Görünür, ilin ortasında qanunsuz olaraq BDU-dan 50 yaşında olan və bir gün də olsa müəllim işləməmiş təcrübəsiz laborantı ADPU-nun Fizika və Texnologiya fakültəsinə əmrlə dekan gətirmək və bir il əmrlə işlətmək olar. Halbuki, fakültədə 30-dan çox ixtisaslı elmlər doktoru, professor və elmlər namizədi dosent fəaliyyət göstərir.

İndi yenidən qayıdıram sizin sualınıza. Yəni rektorun yeni dekan vəzifəsinə gətirdiyi (təyin etdiyi) Arzu Daşdəmirovun təqdimat mərasimindən bəzi məqamları yad etməklə sizin sualınıza cavab vermək istəyirəm. Cəfər Cəfərovun istəyi belə olur ki, təqdimat mərasimində iclası Tədris hissəsi üzrə prorektor, professor Malik Cəbrayılova həvalə etsin. Bu məqsədlə onu yanına çağırıb tapşırıq verir. Malik müəllim nəinki bunu inkar edir, heç təqdimat iclasına da gəlmir.

Universitetin kiçik zalında təqdimat iclası başlanır. İclasda fakültənin bütün əməkdaşları, prorektorlar, rektorun Turizm İnstitutundan gətirdiyi “mütəxəssislər” iştirak edir. Rektor təqdimat mərasimində dekan vəzifəsinə təyin etdiyi Arzu Daşdəmirov haqqında danışmaq əvəzinə, keçmiş dekan professor Mirzəli Murquzov haqqında tərifnamələr söyləyir. O deyir: “Professor Murquzov respublikamızda və ondan kənarda yaxşı tanınan görkəmli alim, pedaqoq və çox böyük ağsaqqaldır. Mən onu dekan vəzifəsindən ona görə azad etdim ki, bu vəzifə inzibati işdir, onun vaxtını alır, onun böyük elmi potensialından, intellektindən və böyük elmi, elmi-pedaqoji  təcrübəsindən səmərəli istifadə edək. Mən bu qərara gəldim ki, onun elmi və pedaqoji fəaliyyətindən xalqımızın daha səmərəli istifadə etməsi üçün ona şərait yaradım...”

Salondakılar gözaltı bir-birinə baxır və sükut keçirirlər. Qaçaraq şəkildə təqdimat əmrini oxuyur və başını qaldırıb salona baxır(alqışlar yoxdur, hamı susur). “Bəs Malik müəllim mərasimdə yoxdur?” – deyə soruşur və onu tez çağırtdırır. Rektor üzünü zala tutaraq soruşur: “Kim çıxış etmək istəyir?” Heç kimdən səs çıxmır və sükut davam edir. “Bəlkə prorektorlardan kimsə söz demək istəyir?!” Yenə heç kimdən səs çıxmır. Üzünü zala daxil olan Malik müəllimə tutur və deyir: “Bəlkə siz nə isə deyəsiniz”. “Sözüm yoxdur”, - deyə Malik müəllim cavab verir. Çıxılmaz vəziyyətə düşən rektor yenidən bir neçə söz deməli olur: “Məni düzgün başa düşün. Bizim əsas məqsədimiz professor Murquzova şərait yaratmaqdır ki, gənclik onun elmindən, təcrübəsindən bəhrələnsin. Əgər Murquzov özü bu tədbirdə iştirak etsəydi, mən onun haqqında daha xoş sözlər deyəcəkdim”. Yenə heç kimdən səs çıxmır... Və bu, əslində rektorun ilk məğlubiyyəti idi.

Rektor mənə çox söz verdi. Heç birinə əməl etmədi. Kaş, çox söz verməyəydi, lakin az da olsa edəydi. Universiteti qara günə qoymağa heç kim ona səlahiyyət verməyib. İndi söz mənimdir, deyəcəyəm və edəcəyəm. Çünki doğma Pedaqoji Universitet və onun bütün kollektivi mənim üçün əziz və doğmadır. Mən 50 ilə yaxındır ki, onların nəvazişində işləyib formalaşmışam. Onu yolundan sapdırmağa universitetin sağlam qüvvələri imkan verməyəcəkdir. Cəfərovun məqsədi yaxşı kadrlar yox, yaxşı keyfiyyət yox, elmdə və tədrisdə yaxşı və yeni məzmun yox, təhsilin səviyyəsini qaldırmaq yox, ancaq və ancaq öz adamlarını başına toplamaq, ixtisasçıları qeyri-ixtisasçılarla əvəz etməklə öz əməllərini həyata keçirməkdir.     


- Mirzəli müəllim, ADPU-dan qanunsuz olaraq çıxarılmanızla bağlı ölkə rəhbərliyinə də müraciət etmədiniz?


- Müraciət etdim. Çox güman ki, bu müraciətlər prezidentə çatdırılmadı. Ona görə də, bütün məktubları Təhsil Nazirliyinə göndərdilər. Nazirlik isə, görünür, hansısa səbəblərdən bu məsələnin üzərinə getmədi...


- Bəs, Sizin etirazınıza, şikayətlərinizə rektorun münasibəti necə oldu?


- O, necə saxtakarlıq etdiyini özü hamıdan yaxşı bilir. Rektorun dediyinə görə, bunu yeni dekan etmişdir. Dekan da bunu etiraf edir. Lakin bu rektoru məsuliyyətdən azad etmir.


- Siz bu gedişlə ADPU-nun gələcəyini necə görürsünüz?


- Bu problemlər ADPU-nu, Azərbaycan təhsilini fəlakətə aparır. Bu universitetdə təxminən 22 min tələbə təhsil alır. Mən bu tələbələrin gələcəyini yaxşı görmürəm, onlar fəlakətə sürüklənir. Universitetdə mütəxəssislərin qeyri-mütəxəssislərlə əvəz olunması isə ağılasığmaz fəlakətdir.

Mən prezident İlham Əliyevə də yazmışdım ki, bu gedişlə, bu baxışla, Pedaqoji Universitet fəlakətə gedir.

Rektor Cəfər Cəfərov bu universiteti ziddiyyətlər, qalmaqal, dava-dalaş, məhkəmələr mərkəzinə çevirib. ADPU pedaqoji universitetlərin lokomotividir. Pedaqoji Universitetin rəhbərliyi bütün pedaqoji kadrları məhv edir.

Bu gün mən də Pedaqoji Universitetin gələcəyi ilə bağlı çox narahatam. Xüsusən də gələcəkdə kadrlar məsələsində çox ciddi fəlakət ola bilər. Odur ki, nə qədər gec deyil, bu problemin həlli yolları tapılmalıdır. Cəfər Cəfərov isə bu problemləri həll etmək iqtidarında olan rəhbər deyil.

Böyük şairimiz Qalib demişkən:

“Dəhşət olur səhv düşəndə yerimiz...

/Muxalifet.az

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi