Polietilen torbaları pulla satırlar... - NƏ DƏYİŞDİ Kİ?

Polietilen torbaları pulla satırlar... - NƏ DƏYİŞDİ Kİ? 

Ticarət şəbəkələrində polietilen torbaların pulla satılmağq başlanılmasından 45 gün keçir.

Amma dünəndən başlayan güclü külək yenə də Bakının küçələrində polietilen torbaları göyə sovurur. Bu da polietilen torbaların pulla satılmasının heç də uğurlu layihə olmadığının göstəricisidir.

Ümumiyyətdə, ictimaiyyətin əksəriyyəri bu layihənin icrasında tələskənliyə yol verildiyini düşünür. Çünki əhali arasında heç bir maarifləndirmə işi aparılmadı. Bundan əlavə istehlakçılara alternativlər də təklif olunmadı.

Görünən qədərilə, bu addım daha çox inzibati qərar xarakteri daşıyır. Sanki əhalini məcbur edirlər ki, polietilen torbaya da pul xərclənsin.

Dünya praktikasında belədir ki, hansısa layihə icra olunmağa başlayanda qabaqcadan onun təbliği aparılır. Bundan sonra alternativ variantlar təklif olunur. Ən əsası istənilən təklif əhalinin və iqtisadiyyatın mənafeyinə xidmət etməlidir.

Amma biz son 45 gündə bunu görmədik.

Niyə ticarət şəbəkələrində kağız və parça torbaların satışı təşkil edilmədi? Nəyə görə kiçik və orta sahibkarlara ekoloji təmiz torbaların istehsalı üçün imkanlar yaradılmadı?
Əgər bunlar olsaydı, həm əhali narazı qalmazdı, həm iqtisadiyyatımız, həm də ekologiyamız qazanardı.

Məsələ ilə bağlı Bizim.Media.az-a danışan iqtisadçı ekspert Natiq Cəfərli son ay yarımda dəyişən bir şey olmadığını bildirib:

“Gündəlik müşahidələrimdən çıxış edərək deyə bilərəm ki, bu addım ancaq sosial narazılıq yaradıb. Kassada tez-tez müştəri ilə satıcı arasında baş verən mübahisədən başqa bir şey dəyişməyib. Bu məsələyə insanların yanaşmasını dəyişmək lazımdır. Bunun üçünsə marifləndirmə işləri aparılmalıydı. Elektron və yazılı KİV-lərdə insanlara təşviqedici videoçarxlar, məlumatlar təqdim edilməliydi.

Dünyanın bir çox ölkələrində gördüyümüz kimi alıcılara parça və digər alternativ torbalar təklif edilməliydi. Bütün bu addımlar atılmalıydı ki, insanların bu məsələyə yanaşması dəyişsin və effektiv nəticələr olsun. 3-5 qəpiyə görə insanlar yanaşması dəyişmir, əksinə əlavə problemlər yaradır. Bu addım polietilen torbaların nə istehsalını, nə istehlakını, nə də ki, istifadəsini azaltmadı. İnzibati rıçaqlardan əl çəkib, maarifləndirici yollara əl atılmalıdır”.

Azad İstehlakçılar İB-nin sədri Eyyub Hüseynovsa bildirib ki, polietilen torbalardan istifadədə azalma müşahidə olunur:

“Amma problem yenə də qalır. Çünki, ərzaq məhsulları satmayan ticarət obyektlərində də bu torbalardan istifadə edilir. Və onlar torbaları istehlakçıya pulsuz verir. Ən əsası da odur ki, qadağanın yalnız 50 mikrondan kiçik olan polietilen torbala şamil olunmasıdır. Guya ki, qalın torbalar ətraf mühiti çirkləndirmir. Bundan başqa bütün polietilen torbaların şəffaf olması lazımdır.

Torbaların üzərindəki reklamların yazılışı zaman ağır metallardan istifadə edilir. Bu da həmin torbalardan istifadə edən insanların orqanizminə ziyan vurur. Çox təəssüf ki, müvafiq dövlət qurumları əhali arasında bu sahədə maarifləndirmə işi aparmırlar. Üstəlik, alternativ təkliflər irəli sürülmür. Niyə təşviq edilmir ki, kağız və parça torbaların istehsal edilsin? Bu da onu göstərir ki, bu layihə ekoloji yox daha çox kommersiya məqsədi güdür”. 

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi