
“Qarabağ yalnız torpaq deyil, həm də yaddaşdır" -DEPUTAT
“Qarabağ yalnız torpaq deyil. Qarabağ həm də yaddaşdır. Bu yaddaşı silmək üçün illər boyu yalnız siyasi mübarizə aparılmayıb, tarixə də müdaxilə edilib. Alban irsi başqa ad altında təqdim olunub, qədim abidələrin kitabə və yazılarına müdaxilə edilib, bəzi məbədlərin tarixi kimliyini dəyişdirmək cəhdləri göstərilib. Lakin tarixə vurulan saxta möhür həqiqəti dəyişmir”.
Bu fikirləri mətbuata açıqlamasında Milli Məclisin deputatı Fəzail İbrahimli deyib.
O bildirib ki, Qarabağın qədim tarixi Qafqaz Albaniyasının tarixi ilə sıx bağlıdır: “Kür və Araz çayları arasında formalaşan bu qədim dövlət uzun əsrlər boyu öz siyasi, dini və mədəni ənənələrini qoruyub.
VII əsrdə Alban hökmdarı Cavanşir regionun böyük imperiyaları arasında balans siyasəti yürüdərək dövlətinin müstəqilliyini qorumağa çalışırdı. O, Ermənistanın deyil, Albaniyanın hökmdarı kimi çıxış edirdi.
VIII əsrdə ərəb xilafətinin hakimiyyəti ilə Alban dövlətçiliyinin əvvəlki siyasi forması sona çatsa da, Alban dini və mədəni irsi Qarabağda yaşamaqda davam etdi.
IX-XIII əsrlərdə bu irs yeni yüksəliş dövrü keçirdi. Həsən Cəlal Dövlənin adı ilə bağlı Gəncəsər məbədi həmin dövrün ən möhtəşəm yadigarlarından biridir”.Deputat əlavə edib ki, Gəncəsər sadəcə qədim kilsə deyil: “O, Qarabağın orta əsrlər tarixinin daş kitabəsidir. Məbədin memarlığı, kitabələri, ornamentləri və Həsən Cəlal nəslinin təsvirləri onun tarixinin araşdırılması üçün mühüm mənbələrdir. Məhz buna görə Alban irsinin erməniləşdirilməsi cəhdlərində bu abidələrin xüsusi hədəfə çevrildiyi iddia olunur.Qədim məbədin divarına sonradan başqa dildə kitabə əlavə etmək mümkündür. Amma bununla onun əvvəlki memarlığını, tikinti tarixini, ornamentlərini, freskalarını və digər maddi izlərini yox etmək mümkün deyil. Daşın üzərinə yazılan saxta tarix daşın öz yaddaşından güclü deyil”.
Deputat hesab edir ki, saxta tarix həqiqətin qarşısında dayana bilməz: “Erməni siyasi tarixşünaslığında Qarabağın xristian irsini bütövlükdə erməni irsi kimi təqdim edən yanaşmalar uzun müddətdir mövcuddur. Amma onuda unutmaq olmaz ki, tarixi saxtalaşdırmaq olar, amma tarixin özünü saxtalaşdırmaq mümkün deyil.
Bu gün Qarabağ yenidən Azərbaycanın nəzarətindədir. İndi qarşıda yalnız şəhərləri və kəndləri yenidən qurmaq vəzifəsi dayanmır. Qarabağın tarixi də yenidən bərpa edilməlidir.Abidələr araşdırılmalı, kitabələr sənədləşdirilməli, qədim yazılar rəqəmsallaşdırılmalı, arxivlər üzə çıxarılmalı, dəyişdirilmiş və ya sonradan əlavə edilmiş elementlər elmi ekspertizadan keçirilməlidir.
Çünki Qarabağın tarixini müdafiə etməyin ən güclü yolu emosional iddia deyil, sənədlə, daşla, kitabə ilə və elmlə danışmaqdır”.
Faktinfo.az












Bu xəbər üçün şərh yazın